Azərbaycan şahmatının əjdahası - portret

Azərbaycan şahmatının əjdahası - portret

Gənclik qəzeti
03 Fevral 2014, 10:08 1231
O, dünyanın 10 ən güclü şahmatçısından biri idi. Şahmat istedadından əlavə hər kəs onu cəsarətli, əzmkar şahmatçı kimi tanıyırdı. Söhbət dünya şahmatına yeni Azərbaycan zəkasını tanıdan Vüqar Qasım oğlu Həşimovdan gedir. Futbol termini ilə desək Vüqar Həşimov hücuma meyilli qrossmeyster idi. Riski sevirdi, çox vaxt heç-heçəyə qane olmaq istəmirdi. Onun idman fəlsəfəsi “olmaq və ya olmamaq” idi. Məhz bu səbəbdən də ona Azərbaycan şahmatının əjdahası deyirdilər.

Həmişə Azərbaycan xalqına görə oynamışam...

Və ən əsası o bütün bunları şəxsi reytinqindən daha çox, ölkənin uğurları üçün edirdi. Onun cəsarət və əzminə nümunə kimi 2009-cu ildə xəstə olduğu halda, ağır vəziyyətdə, məşqçisinin etirazlarına baxmayaraq yarışa çıxaraq 7 saatdan çox sürən oyunda öz qələbəsi ilə Azərbaycan yığmasının Avropa çempionluğu qazandırmasına verdiyi töhfəni göstərmək olar. Komanda yoldaşları da məhz Vüqarın istedadı və əzmkarlığı ilə çempion olduqlarını dilə gətirirlər.

Vüqar həmişə yığma naminə cəfakeşlik edirdi. Özü müsahibələrindən birində bununla bağlı deyirdi: “Mən sizə açıq deyim. Yığma komandada nə federasiyaya görə oynayıram, nə də kiməsə görə oynayıram. Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam. Bundan başqa hamı bilir ki, mənim sağlamlığımla bağlı problemlərim olub. Sağlamlıq problemlərim olan vaxt mən çox az şahmat oynayırdım. 7 ildən artıq müddət mən ümumiyyətlə şahmata hazırlaşmamışam. Hətta o zamanlar da, sağlamlıqla bağlı problemlərim olmasına baxmayaraq, mən yığma komandada hər zaman oynamışam”.

Qələbəyə ac idi...
Vüqar Həşimov qələbəyə, uğura ac bir idmançı idi. Sanki tələsirdi bütün uğurları qısa zamanda əldə etmək üçün, sanki bilirdi taleyinin ona hazırladığı acı oyunu. Vüqar Həşimov 28 illik ömrünə bir çox nailiyyətlər sığışdırdı. O, 2002-ci ildə qrossmeyster dərəcəsinə layiq görülmüşdü. Bundan əvvəlsə artıq 3 dəfə Azərbaycan çempionu adını təsdiqləmişdi. 1995, 1996 və iki illik fasilədən sonra, 1998-ci ildə ölkənin ən güclü zəka sahibi adına layiq görülmüşdü. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi oldu. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində uğurla çıxış etmişdi.

Bir ara Vüqar gözdən itmişdi şahmat arenasında. Ancaq gəlişi sözün əsl mənasında möhtəşəm oldu. Onun qayıdışı 2008-ci ildə Azərbaycan şahmatının FİDE-nin reytinq sıralamasında ilk iyirmilikdə ilk dəfə olaraq üç şahmatçıyla təmsil olunması ilə yadda qaldı. Azərbaycan müasir şahmatının flaqmanı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ardınca Vüqar Həşimov gəlirdi.

Hər kəsi MAT etdi...
Azərbaycan idman mütəxəssisləri, eləcə də dünyanın tanınmış şahmatçıları Vüqarın aramızdan belə vaxtsız ayrılmasını dünya şahmatının itkisi kimi dəyərləndirirlər. Bəli, Vüqar dünya səviyyəli bir Azərbaycan şahmatçısı idi. O qısa ömründə adını dünya şahmat tarixinə yaza bildi. Bir çox güclü şahmat ustalarını mat edən Vüqar Həşimov, dövrümüzün bəlası, amansız xəstəlik, xərçəngə yenildi, amma bu yalnız cismani məğlubiyyət oldu. Vüqar sevənlərinin ona olan sevgisiylə, ruhən daim onların qəlbində, yaddaşında yaşayacaq. Vüqarın adı silinməz izlərlə dünya şahmat tarixinə yazıldı. Məhz istedadı ilə qazandığı bu əbədi həyatla Vüqar ölümü, belə vaxtsız aramızdan ayrılması ilə də sevənlərini MAT qoydu.

Vüqarın aramızdan vaxtsız gedişi hamıdan çox dostlarını, şahmatçı yoldaşlarını üzdü təbii ki... Onlar neçə illik həyat, məslək dostlarını itirdilər. Xatirələri eşidərkən əmin olursan ki, Vüqar yaxşı şahmatçı olmaqla yanaşı, həm də yaxşı dost olub. Dostu və məsləkdaşı Şəhriyar Məmmədyarov: “Son turnirlərdə biz hər zaman bir yerdə oynamışıq. Onun son turnirindən qabaqkı turnirinə mənimlə getmişdik. Biz o turnirdə çox gözəl planlar qururduq. Fikirləşirdik ki, qarşıda nələr etmək lazımdır ki, Azərbaycan komandası dünyanın ən güclü komandası olsun. Biz onunla Avropa çempionu olmuşuq. İlk dəfə Azərbaycan tarixini yazmışıq. Biz onu çox gənc yaşında itirdik və həqiqətən də ölümü ilə bizləri mat elədi. Çox təəssüflər olsun ki, gözlənilməz hadisələr baş verdi və bu hadisələrdən sonra Azərbaycan şahmatı - milli komandamız 2 ildir artıq Vüqarsız oynayırdı. Amma mən belə fikirləşirəm ki, son iki il ərzində nəinki Azərbaycan şahmat Vüqarı itirib, bu gündən sonra bütün dünya şahmatı Vüqarı itirdi. Bütün dünya çox üzülür. O, şahmatı o qədər gözəl oynayırdı ki, hamıya xoş gəlirdi”.

Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini o zaman Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyini xatırladan Şəhriyar Məmmədyarov ölkə başçısının Vüqar Həşimovun səhhəti ilə şəxsən maraqlandığını bildirib.

Görüşdə Vüqar Həşimov bundan sonrakı yarışlarda da yüksək nəticələr göstərəcəklərinə söz verib. Əminik ki, milli komandamız Vüqar Həşimovun prezidentə verdiyi sözü əməldə həyata keçirəcək.
Allah rəhmət eləsin.

Dünya şahmatı yasda...
Şahmatçımızın ölüm xəbəri onun komanda yoldaşları ilə yanaşı, dünyanın tanınmış şahmatçılarını da sarsıtdı. Vüqarın vəfatı ilə bağlı Amerikalı şahmatçı Hikaru Nakamura sosial şəbəkələrdən birində yazır: “Rahat yat, Vüqar Həşimov! Çox istedadlı, yaradıcı oyunçu idi. Onun partiyaları, xüsusən, Benonidə oynadığı partiyalar heç zaman unudulmayacaq”.
Gürcü qrossmeyster Zurab Azmayparaşvili də Vüqar Həşimovun ölümü ilə bağlı kədərini bölüşüb: "Əslində Vüqarın ağır xəstə olduğunu bilirdim, lakin buna baxmayaraq onun ölümü haqqında xəbər məni sarsıtdı. Şahmat dünyası üçün zəmanəmizin ən yaxşı qrossmeysteri, Azərbaycan xalqı üçün ölkənin ən yaxşı idmançısı, dostları və həmkarları üçün isə ən yaxın insan həyatdan köçdü. Azərbaycan yığması üçün - 2009-cu ilin çempionu, şəxsən mənim üçün isə hollandlarla dueldə son nöqtəni qoyaraq bizi Novi-Sadda ən xoşbəxt insan edən bir gənc getdi. Əlbəttə ki, Azərbaycan şahmatçıları öz uğurları ilə azarkeşləri dəfələrlə sevindirəcəklər, lakin bu cür heç zaman təkrarlanmayacaq. Vüqarın ailəsinə və yaxınlarına, Azərbaycan Şahmat Federasiyasına, İdman və Gənclər Nazirliyinə başsağlığı verirəm. Sizin kimi mən də kədərliyəm".

O bizlədir...

Bəzi insanlar var yaşayarkən ölüdürlər, bəziləri isə ölümüylə əbədiləşir. Şübhəsiz ki, Vüqar ikincilərdən idi. Vüqar məhz ölümüylə əbədiləşən insanlardan, idmançılardan oldu. O, cismən bizi tərk etsə də, Azərbaycan şahmatına qazandırdıqları ilə daim xalqımız, idman sevərlər və idmançılar tərəfindən ehtiramla anılacaq.

Vüsal