• cümə, 29 Mart, 00:52
  • Baku Bakı 7°C

“Azərbaycan Rusiyanın regiondakı strateji maraqlarını təhlükəyə atmayacaq”

05.04.14 09:39 1195
“Azərbaycan Rusiyanın regiondakı strateji maraqlarını təhlükəyə atmayacaq”
Azərbaycanın xarici işlər naziri (XİN) Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi XİN-ləri Şurasının Moskvada keçiriləcək iclasına qatılmaq üçün Rusiyaya işgüzar səfər edib. İclas çərçivəsində Moskvada E.Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilib.
MDB XİN-ləri Şurasının iclası çərçivəsində baş tutan və mətbuat üçün qapalı olan bu görüşlə bağlı “Kaspi”yə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, siyasi şərhçi Aydın Mirzəzadə Azərbaycan və Rusiya hökumət nümayəndələrinin vaxtaşırı görüşlər keçirməsini bir neçə amillə əlaqələndirib. O, ilk növbədə hər iki ölkənin bir-biri ilə qonşuluq, bütün sahələrdə sıx əlaqələrinin mövcud olmasına diqqət çəkərək, bu gün Azərbaycan və Rusiyanın birgə layihələrdə iştirakının çoxaldığını, bir sıra məqamlarda eyni mövqedən çıxış etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın dünyada artan iqtisadi-siyasi nüfuzu da qonşu dövlətlərlə məsləhətləşmələri vacib edir: “Onu da nəzərə almaq lazımdır ki, Rusiya ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir və Dağlıq Qarabağ probleminin ədalətli həlli prosesində fəal iştirak edir. Rusiyanın Azərbaycanla yanaşı, Ermənistanla çox sıx dostluq əlaqələri var. Bu baxımdan Qarabağ probleminin həllində Rusiyanın imkanlarından istifadə edilməsi tamamilə başadüşüləndir. Hesab edirəm ki, xarici işlər nazirlərinin görüşündə bu məsələlər ətrafında təkrar müzakirələr aparılacaq. Eyni zamanda, tərəflər bu gün beynəlxalq aləmdə aktual olan məsələlər ətrafında da fikir mübadiləsi edə bilərlər. Çünki beynəlxalq siyasətin gündəliyi hər gün dəyişir, maraq doğuran yeni məsələlər əlavə olunur. Ona görə də tərəflər bir-birinin fikirlərini öyrənməyə, söhbətləşmələr aparmağa, lazım gəldikdə isə birgə hərəkət etməyə üstünlük verə bilərlər. Ümumilikdə nazirlər arasında baş tutan bu görüşü müsbət qiymətləndirirəm”.
A.Mirzəzadə ölkəmizin BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsindən sonra baş tutan bu görüşün Azərbaycan-Rusiya münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsirindən də söhbət açıb. Deyib ki, Krım ətrafında cərəyan edən hadisələrin ilk günündən Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi birmənalı, aydın olub: “İlk gündən rəsmi Bakı Krım məsələsinin beynəlxalq hüquq normalarına uyğun, Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu, yarımadada keçirilən referendumu tanımadığını bəyan etdi. Sonradan isə BMT Baş Məclisində keçirilən səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs verən ölkələrdən biri oldu. Rusiya üçün də Azərbaycanın mövqeyi gözlənilməz deyildi. Rəsmi Moskva Azərbaycan tərəfinin belə mövqe sərgiləməsini başa düşürdü. Buna baxmayaraq, şübhəsiz, xarici işlər nazirlərinin görüşündə bu məsələ də müzakirə oluna bilər. Tərəflərin öz mövqeyini bir-birinə tam və aydın şəkildə izah etməsi üçün bundan gözəl imkan ola bilməz. Nazirlərin görüşünün Dağlıq Qarabağ münaqişəsinə təsirinə gəlincə, bunlar tamamilə fərqli-fərqli məsələlərdir. Dağlıq Qarabağ qonşu Ermənistan tərəfindən işğal olunub. Orada hər hansı referendum olmayıb. Bununla yanaşı, Rusiya Azərbaycanı ərazi bütövlüyünü dəstəkləyir. Əgər görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı Rusiyanın yeni təklifləri olacaqsa, əlbəttə ki, Azərbaycan bunu dinləməyə, müzakirə etməyə və ölkəmizin milli maraqlarına uyğun gəldiyi halda onları dəstəkləməyə hazırdır”.
Politoloq Fərhad Mehdiyev isə xarici işlər nazirlərinin Moskva görüşünü şərh edərkən, bu görüşün Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutduğunu dilə gətirib. Onun sözlərinə görə, rəsmi Bakı bununla Ukrayna və Krım məsələsində tutduğu mövqeyin səbəbini Kreml rəsmisinin diqqətinə çatdıracaq, Rusiyanı sakitləşdirəcək: “Krım hadisələri ilə əlaqədar olaraq rəsmi Bakının yarımadadakı referendumu tanımaması, BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi hadisəsindən sonra Rusiya və Azərbaycan arasında müəyyən gərginliyin olmasını gözləmək olardı. Çünki rusiyalı politoloq Aleksandr Dudin də müsahibəsində bildirmişdi ki, BMT-dəki səsvermədə Azərbaycanın Rusiyanın iradəsinin əleyhinə səsverməsi ona baha başa gələcək. Digər tərəfdən ABŞ Dövlət katibi Con Kerri bəyan etmişdi ki, Avropanın enerji təhlükəsizliyi bu dəfə Azərbaycan qazı hesabına ödəniləcək. Digər ekspertlər isə belə bir mülahizə irəli sürürdülər ki, Ukraynada baş verənlərdən sonra Azərbaycanı müasir silah-sursatla təchiz etmək, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını daha da gücləndirmək lazımdır. Belə bir fonda Rusiya ilə münasibətlərin gərginləşəcəyi ağıla gələ bilərdi. Rusiya tərəfinin də belə fikirləşməsi mümkün idi. Ona görə də hesab edirəm ki, Elmar Məmmədyarovun Moskvaya getməsi, Sergey Lavrovla mətbuata qapalı şəkildə təkbətək görüş keçirməsi Rusiyanı sakitləşdirməyə yönəlik addımdır. E.Məmmədyarov rusiyalı diplomata rəsmi Bakının mövqeyini çatdıraraq əmin edəcək ki, Azərbaycan NATO ilə əməkdaşlığa getməyəcək, Rusiyanın regiondakı strateji maraqlarını təhlükəyə atmayacaq. Bundan başqa, azərbaycanlı diplomat rusiyalı həmkarına Azərbaycanın nəyə görə BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Krımdakı referendumu tanımadığını izah edəcək. Çünki bizim də Dağlıq Qarabağ problemimiz var. Krımın bu şəkildə müstəqilliyini qəbul etsəydik, bu o deməkdir ki, biz eyni mövqeyi Dağlıq Qarabağ məsələsində də nümayiş etdirməliyik. Təbii ki, biz buna gedə bilmərik. Fikrimcə, görüşün əsas məqsədi bunlardan ibarətdir və Rusiyanın narahatçılığını aradan qaldırmağa hesablanıb”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər