• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Azərbaycan rusiyalı turistlər üçün də cəlbedici ölkədir

09.05.17 11:30 1571
Azərbaycan rusiyalı turistlər üçün də cəlbedici ölkədir
Hazırda turizm sahəsi ölkəmizdə ən çox inkişaf edən sahələrdən biridir. Belə ki, son vaxtlar ölkəyə turist axını artıb. Bu da ölkəmizin həm iqtisadi, həm də multikultural səviyyədə inkişafına əhəmiyyətli təsir göstərir. Həmçinin Azərbaycanın dünyada tanınmasına da vasitəçi olur. Xüsusilə də paytaxt Bakı turistlərin ən çox baş çəkdiyi şəhərlərdəndir. Belə ki, Bakı şəhəri 9 May Qələbə günü ilə əlaqədar olaraq rusiyalı turistlərin səfər etdiyi beş ən populyar şəhərlər sırasındadır. Bakıdan əlavə ilk beşliyə Praqa, Berlin, Budapeşt və Tallin şəhərləri daxildir.
Son vaxtlar şəhərdə əsas nəzərə çarpan ərəb və iranlı turistlər olsa da, rus turistlərin də sayı artıb. Ancaq təbii ki, bununla kifayətlənmək olmaz. Ölkəmizi həm də şimallı turistlər üçün daha da cəlbedici turizm mərkəzinə çevirmək naminə bu sferada görülən işlər günü-gündən təkmilləşdirilməlidir. Bu məsələyə ekspertlərin münasibətlərini öyrəndik.
Ruslar çimərliklərə daha çox üstünlük verirlər
Turizm şirkətinin rəhbəri, hüquqşünas Rəhman Quliyevdeyir ki, rus turistlər Bakıya həm də 9 may Qələbə Gününü bayram kimi qeyd etmək üçün gəlirlər. Biz də onlar üçün şəhərdə bayram əhval ruhiyyəsi yaratmalıyıq: "Həmçinin digər bir tərəfdən, yalnız Bakı şəhəri ilə kifayətlənməməli, digər bölgələrimizə də səyahət turu təşkil edilməlidir. Məsələn, ərəblər rayonlarımızı, avropalılar tarixi ərazilərimizi gəzməyə, ruslar isə əksinə paytaxtda olmağa və çimərliklərə getməyə daha çox üstünlük verirlər. Yəni düşünürəm ki, onları çimərliklərə yönəltsək, daha çox rus turistin marağını cəlb etmiş olarıq. Çimərliklərimizi daha yaxşı səviyyəyə gətirsək, bu zaman onlar lap çox məmnun qalarlar. Onu da deyim ki, ruslar qış turizm mövsümündə belə aktiv olmurlar. Yəni dağ havası, xizək sürmək rus turistlərin marağını elə də cəlb etmir. Amma yay fəslində onlar çimərliklərə axın edirlər. Təbii ki, bunu bütün rus turistlərinə aid etmək olmaz, amma böyük əksəriyyət dənizi üstün tutur. Şəxsən özüm şahidi olmuşam ki, ruslar Antalyada otelin neçə ulduzlu olmasına o qədər də önəm verməyiblər, amma dənizin suyunun təmiz, qumunun müalicəvi olmasına fikir veriblər. Rusiyada çimərlik turizmi bir o qədər də inkişaf etmədiyindən, onlar Azərbaycana və ya Türkiyəyə daha çox dəniz üçün gəlirlər. Ona görə də, düşünürəm ki, biz də ölkəmizdə çimərliklərin təmizliyinə, şəraitinə xüsusi diqqət ayırmalıyıq ki, turistləri daha çox cəlb edə bilək”.
Bu kimi məsələlərə fikir versək...
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, Rusiya, Belarus, Ukrayna turistləri Xəzər dənizi və Azərbaycanın gözəl təbiəti ilə əlaqədar olaraq bura gəlməyə üstünlük verirlər. Amma bu da danılmaz faktdır ki, rus turistlər əvvəllər Türkiyəyə daha çox gedirdilər. "Çünki orda Antalya, Bodrum, Quş adası kimi yerlərdə çimərlik turizmi yetərincə inkişaf edib. Bunun üçün də onların Türkiyəyə marağı çox olur. Təbii ki, Azərbaycana da rus turistləri gəlir. Amma bunu həm davamlı etmək, həm də daha çox turist cəlb etmək üçün çimərlik turizmini inkişaf etdirmək, regionlarımızdakı infrastrukturu yaxşılaşdırmalıyıq. Bundan əlavə, öz infrastrukturumuzu, turizm potensialımızı Rusiya bazarında da təbliğ etməliyik. Mədəniyyət və turizm nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının birgə işi nəticəsində Moskva şəhərində bizim nümayəndəliyimiz açılıb. Həmin nümayəndəlik orada təbliğat işi ilə məşğul olur və rus turistlərin daha çox gəlməsi üçün şərait yaradılır. Bundan başqa, müxtəlif milli yeməklər, milli çay dəsgahı, milli musiqilər səslənən əyləncəli məkanlar rus turistlər üçün maraqlı olur. Həmçinin Bakı şəhəri ilə kifayətlənməyib, ölkənin başqa regionlarına da səfərlər təşkil olunmalıdır. Bu zaman onların marağını cəlb etmək daha asan olar”.
M. Ağakərimov qeyd edir ki, turizm yol xəritəsinə uyğun olaraq turizm təbliğat bürosu yaradılmışdır. "Büro artıq iki aydan çoxdur ki, yaradılıb. Turizm təbliğat bürosu Azərbaycanın turizm potensialını artıracaqdır. Həm də bütün dünyada Azərbaycan turizminin təbliği ilə məşğul olacaqdır. Çimərlik turizmini inkişaf etdirmək üçün cənab prezident İlham Əliyevin 2017-2020 cillər Çimərlik turizminin inkişafı ilə bağlı sərəncamında qeyd edilir ki, sanitar gigiyenik qaydalara riayət etməli, təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmalı, turistlər üçün yaxşı şərait yaradılmalı, çimərliyin həm suyu, həm qumu təmiz olmalıdır. Bu kimi məsələlərə fikir versək çimərlik turizmimiz daha yaxşı səviyyədə inkişaf edər və daha çox turistin marağını cəlb etmək mümkün olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər