• cümə, 29 Mart, 12:33
  • Baku Bakı 14°C

Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdıracaq

15.01.19 19:18 1376
Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdıracaq
Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir. Bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib. Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək: "İstisna deyil ki, işlər dövlət və özəl tərəfdaşlıq əsasında icra olunacaq və bununla əlaqədar biz bu prosesə biznesmenlərimizi cəlb edəcəyik. Yaxın perspektivdə isə biz Azərbaycanın şərab və çay evlərini açmağı planlaşdırırıq. Bu halda söhbət şərab və çay məhsullarının satılacağı butiklərdən gedir”.
Açılacaq evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir: "Şərab və çay evlərinin Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bir az əvvəl peyda olub”.
Bəs görəsən belə ticarət evlərinin açılması ölkənin ixrac potensialına necə təsir edəcək? Ümumiyyətlə, bu şəbəkələr iqtisadiyyatımızın inkişafına hansı töhfəni verəcək?
İqtisadçı-eskpert Rəşad Həsənov söylədi ki, əsas məqsəd yerli istehsalın diversifikasiya edilməsi və iqtisadiyyatın şaxələndirilməsidir: "Prioritet istiqamətlərdən biri ixracın şaxələndirilməsi istiqamətində müəyyən tədbirlər planının həyata keçirilməsidir. Bununla bağlı strateji yol xəritələrində və digər dövlət proqramlarında müxtəlif öhdəliklər müəyyənləşdirilib. Əsas hədəflərdən biri Azərbaycan məhsullarının Azərbaycan brendi altında dünya bazarında tanıdılmasıdır. Eyni zamanda, bu məhsulların təbliğatının aparılması üçün uyğun infrastrukturu formalaşdırmaq da hədəflər sırasındadır. Ticarət evlərinin yaradılması və aidiyyəti şöbələrin formalaşdırılması əslində "Made in Azerbaijan” adı altında istehsal olunan məhsulların ixrac imkanlarını daha da genişləndirmək məqsədi daşıyır. Bazarın öyrənilməsi və məhsulların təqdimatı istiqamətində bu addım böyük dəstək rolu oynayacaq. Burada təkcə ticarət evlərinin yaradılmasından söhbət getmir. Bildiyiniz kimi, ixracla bağlı prosedurlar sadələşdirilib. Bununla yanaşı, "yaşıl dəhliz”dən daimi istifadə hüququnun əldə edilməsi ilə bağlı hüquqi baza formalaşdırıldı. Beləliklə, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarına çıxış imkanı və infrastrukturu daha da sadələşdirilir. Digər tərəfdən, məhsulların sertifikatlaşdırılması və s. kimi məsələlərdə sahibkarlara texniki dəstəyin göstərilməsi və bu istiqamətdə xərclərin bir qisminin kompensasiya edilməsi ilə bağlı layihələr həyata keçirilir. Bu layihələr dövlət büdcəsi tərəfindən maliyyələşir. Bütün bunlar Azərbaycan məhsullarının dünya bazarında özünə yer tapması, o cümlədən Rusiya bazarlarında öz çəkisinin daha da artmasına dəstək verə biləcək addımdır. Nəzərə almaq lazımdır ki, yerli istehsal əsas faktorlardan biridir. Amma təəssüflər olsun ki, ixracın artım tempi qaneedici səviyyədə deyil. Bu isə onu göstərir ki, görülən işlərlə yanaşı, yerli istehsal ixracı tam dəstəkləyə bilmir. Buna görə də ilk növbədə diqqət məhz bu istiqamətə yönəldilməlidir. Azərbaycanda xarici investisiyanın cəlb edilməsi yolu ilə istehsal potensialı gücləndirilməli və bu təcrübə inkişaf etdirilməlidir. Həmçinin, xarici investorların dünya bazarına olan əlaqələrindən istifadə edərək ixracın coğrafiyasını şaxələndirməklə yeni bazarlara çıxış imkanı əldə etmək mümkündür. Bununla bağlı isə kompleks tədbirlər görmək lazımdır. Hazırda Rusiyadan başqa dünyanın müxtəlif ölkələrində belə ticarət evlərinin açılması gözlənilir. Amma ölkənin ixrac payında üstünlük təşkil edən kənd təsərrüfatı məhsullarıdır. Bu məhsulların ən çox ixrac edildiyi ölkə isə Rusiyadır. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üzrə təxminən 94 faiz paya malikdir. Mərhələli şəkildə digər ölkələrdə bənzər ticarət evlərinin yaradılması yolu ilə bazarların şaxələndirilməsi istiqamətində addımlar atılacaq. Bununla bağlı dövlət siyasəti mövcuddur və bu proses həyata keçirilir”.
Millət vəkili Azər Badamov qeyd etdi ki, Azərbaycanın məhsul ixrac etdiyi ənənəvi bazarlar var: "Ölkə başçısının qarşıya qoyduğu əsas hədəflərdən biri ixrac imkanlarının genişləndirilməsi və şaxələndirilməsidir. Dövlət bu məsələyə xüsusi diqqət və qayğı göstərir. Müxtəlif ölkələrdə Azərbaycanın ticarət nümayəndəlikləri yaradılıb. Ayrı-ayrı ölkələrdə ticarət və şərab evlərinin yaradılması da bu istiqamətdə atılan addımlardan biridir. Hazırda Belarus, Latviya, Ukrayna, Polşada belə ticarət evləri fəaliyyət göstərir. Cari ildə bu şəbəkənin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdən biridir. Bu istiqamətdə müxtəlif işlər görülməkdədir. Rusiyada, BƏƏ-də ticarət evlərinin yaradılması ilə bağlı cəhdlər göstərilir. Görülən işlər Azərbaycanda ixrac olunan məhsulların dünya bazarlarında tanıdılması məqsədi daşıyır. Bu həm də istehsal olunan məhsullarımızın dünya bazarlarında sərgilənməsi üçün əlverişli şəraitdir. Həmçinin, bu addım Azərbaycanın mövcud potensialının tanıdılması istiqamətində əhəmiyyətli rol oynayır. Azərbaycanın turizm, kənd təsərrüfatı, sənaye sahəsi son illərdə xeyli inkişaf edilib. Bu sahələrə investisiyanın cəlbi baxımından ticarət evlərinin böyük yardımı olacaq. Artıq müxtəlif ölkələrə ixrac missiyaları həyata keçirilir. Məqsəd ölkəmizdə istehsal olunan məhsulların dünya bazarlarına çıxışını təmin etməkdir. Bu vəzifəni dövlət öz üzərinə götürüb. Düşünürəm ki, bu şəbəkə daha da genişlənəcək. Azərbaycanın bir sıra ölkələrdə ticarət evləri yaradılacaq və ixrac coğrafiyası genişlənəcək”.

Şəbnəm



banner

Oxşar Xəbərlər