• çərşənbə, 24 Aprel, 14:31
  • Baku Bakı 27°C

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib

08.08.16 16:56 967
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib
Avqustun 8-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayevlə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli sammiti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib.

Nazir Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən nazir Şahin Mustafayev dövlət başçılarının görüşünün tarixi hadisə olduğunu, bu görüşün əməkdaşlığa yeni impuls verəcəyini vurğulayıb.

Görüşdə bildirilib ki, ənənəvi olaraq hər il keçirilən və əlaqələrin inkişafında əhəmiyyətli olan növbəti Azərbaycan-Rusiya regionlarası forumunun bu ilin oktyabrında Azərbaycanda təşkili nəzərdə tutulur. Azərbaycan və Rusiya şirkətləri tərəfindən reallaşdırılan layihələr və qarşılıqlı investisiya qoyuluşları barədə danışan Azərbaycanın İqtisadiyyat naziri müvafiq sahədə Qafqazda ən iri layihə olan "Socar Polimer”, dərman istehsalı və s. layihələr üzrə əməkdaşlığı, Azərbaycan şirkətlərinin Rusiyanın bir sıra regionlarında iri layihələr həyata keçirdiyini qeyd edib. İndiyədək Azərbaycan və Rusiya arasında son 3 ildə 30 biznes forum keçirilib. Belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayan Şahin Mustafayev İşgüzar Şuraların fəaliyyətinə uğurlar arzulayıb.

Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayev ölkələrimiz arasında investisiya fəallığını qeyd edərək, maşınqayırma, investisiya, bank, gəmiqayırma və digər sahələrdə səmərəli əməkdaşlığı vurğulayıb. Aleksey Ulyukayev Azərbycan-Rusiya arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Rusiyalı nazir İşgüzar Şuraların iclasının dövlət başçılarının üçtərəfli sammitinə təsadüf etməsini vurğulayaraq, iş adamları arasında əməkdaşlığın inkişafında İşgüzar Şuraların rolunu qeyd edib.

Sonra Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edərək, iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar.

Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.

banner

Oxşar Xəbərlər