AZE | RUS | ENG |

Azərbaycan-Rusiya tərəfdaşlığı daha da dərinləşəcək

Azərbaycan-Rusiya tərəfdaşlığı daha da dərinləşəcək
Sahib Alıyev: “Çünki bunu şərtləndirən xeyli səbəblər var”

Prezident İlham Əliyevin Rusiyaya səfəri, Soçidə keçirdiyi görüşlər, "Valday” Beynəlxalq Diskussiya Klubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi qətiyyətli mövqe ölkə mediasının gündəmindədir. Təhlilçilər baş verənlərin iki ölkə münasibətlərinə təsirini, münaqişə barədə dünya ictimaiyyətinə verilən mesajların əhəmiyyətini şərh etməkdə, yaşananlara müxtəlif baxışlar ortaya qoymaqdadırlar. Bununla bərabər, Azərbaycanda ötən gün yeni baş nazirin təyin olunması, radikal müxalifətin Bakı şəhərinin mərkəzində piket keçirərkən qanunsuzluqlara yol verməsi, ictimai asayişi pozması da geniş müzakirələrə yol açıb. Bütün bunlarla bağlı "Kaspi” qəzetinin suallarını millət vəkili Sahib Alıyev cavablandırır.

- Sahib müəllim, Vladimir Putinin dəvəti ilə Prezident İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasında işgüzar səfərdə olub. İki gün davam edən səfər çərçivəsində Azərbaycan dövlət başçısı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib, beynəlxalq səviyyəli mühüm tədbirdə iştirak edib. İstərdik ki, öncə bu səfərin əhəmiyyəti barədə fikrinizi öyrənək.
- Fikrimcə, bu, sadəcə ikitərəfli əlaqələr çərçivəsində qiymətləndiriləcək bir səfər olmadı. Cənab prezident yaranmış şərait və verilən imkanı çox dəqiqliklə dəyərləndirərək "Valday” forumunda etdiyi möhtəşəm çıxışla bu səfərin əhəmiyyətini ikitərəfli əlaqələr kontekstindən daha yüksəklərə qaldırdı.  

- Bu səfər Azərbaycan və Rusiya arasındakı iqtisadi-siyasi münasibətlərə necə təsir göstərəcək?
- Dövlətimizin başçısının Soçidə də vurğuladığı kimi, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsində 20 faizlik artım olub. Bu il isə 20 faizin üzərindədir, hardasa 25 faizə qədər artım gözlənilir. Ermənistandan fərqli olaraq Azərbaycan Rusiyadan təkcə investisiya gözləmir, həm də ora investisiya qoyur. Özü də Şimali Qafqaz kimi işsizliyin yüksək səviyyədə olduğu həssas bir regiona. Yəni, bu investisiya sadəcə iqtisadi xarakter daşımır, həm də Rusiyanın ən mürəkkəb regionlarında ictimai sabitliyin möhkəmlənməsinə müsbət töhfə verir. Məncə, Moskva bunu görməyə və qiymətləndirməyə bilməz. Yəni, Azərbaycanın Rusiyaya yanaşmada davranışları istər iqtisadi əməkdaşlıq olsun, istər humanitar, istərsə də beynəlxalq müstəvidə atılan addımlar olsun, həqiqətən strateji tərəfdaşlıq anlayışına tam cavab verən hərəkətlərdir. Belə görünür ki, bu tərəfdaşlıq daha da dərinləşdiriləcək. Çünki bunu şərtləndirən xeyli səbəblər var.

- Səfər çərçivəsində diqqət çəkən mühüm məqamlardan biri də Prezident İlham Əliyevin "Valday" klubunun illik iclasının sessiyasında iştirak etməsi, oradakı çıxışı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər oldu. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz, cənab Prezidentin bu çıxışı haqlı olaraq siyasi və diplomatik polemikanın ən uğurlu örnəyi kimi qiymətləndirilir. Amma fikrimcə, bu baxımdan yanaşma aysberqin görünən tərəfinə verilən qiymətdir. Əslində cənab İlham Əliyev oradakı çıxışıyla Nikol Paşinyana dərs vermədi. Bu çıxışdan biz azərbaycanlılar da həm cəmiyyət olaraq, həm də siyasətçi olaraq dərs götürməliyik. Dərs götürməliyik ki, necə oldu Rusiya kimi bir dövlət Azərbaycan rəhbərinə dünyanın onlarla aparıcı beyin mərkəzlərinin ekspertlərinin yığışdığı bir tədbirdə forpost sandığı Ermənistanın və onu başında duranların Qarabağla bağlı uydurmalarını darmadağın edən bir çıxış üçün tribuna verdi, şərait yaratdı. 90-cı illərdə, hətta 2000-ci ilin əvvəllərində bunu xəyal belə etmək mümkün idimi? Yox, mümkün deyildi. Cənab İlham Əliyev məhz bunu bacardı. O, növbəti dəfə xəyalları reallığa çevirir. Nəyin sayəsində? Gərgin əməyin, möhkəm iradənin, yüksək intellektin, böyük təcrübənin.

- Vladimir Putinin forpost Ermənistana səfərindən cəmi 3 gün sonra Soçidə İlham Əliyevlə bir araya gəlməsi və Azərbaycan Prezidentinin məlum tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatını səsləndirməsi nəyin ifadəsidir? Bu, işğalçıya və ona hamilik edən qüvvələrə tutarlı cavab sayıla bilərmi?
- İstəyirəm bu suala bir az obrazlı cavab verim. Baxın, əgər söhbət nöqtə və nidadan gedirsə, bir nidanın içində ən azı 10-15 nöqtə yerləşdirmək olar. Nikol Paşinyanın bir siyasətçi kimi iflasından görünür ki, bir ölkəyə, hətta sənə havadarlıq edən, həmişə mərhəmətinə sığındığın başqa bir ölkə ilə münasibətləri korlamaq üçün az bir zaman və yaxud bir nöqtəlik səhv bəs edir. Amma digər ölkəyə, həm də müstəqilliyinin ilk illərində xeyli problemi olan bir ölkəyə əlaqələri yoluna qoymaq, onu Azərbaycanla Rusiyanın örnəyində olduğu kimi qarşılıqlı güvənə dayanan strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün uzun zaman ardıcıl, məqsədyönlü, ölçülü-biçili siyasət aparmaq, yəni bir nidalıq iş görmək lazımdır. Bu, ilk növbədə onun ifadəsidir. İşğalçıya cavab məsələsinə gəldikdə fikrimcə, bu, təkcə Azərbaycanın cavabı deyildi, həm də onların havadar gözündə gördüklərindən birinin cavabı idi. Mən bunu cənab Prezidentin o foruma dəvət edilməsi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun elə həmən forumda Nikol Paşinyanın "Qarabağ Ermənistandır",- deməsini Albaniyanın baş nazirinin "Kosovo Albaniyadır",- sözləriylə eyniləşdirməsi faktlarına dayanaraq deyirəm.

- Bu günlərdə Azərbaycan üçün əlamətdar hadisələrdən biri də baş verib. Ölkəyə yeni baş nazir təyin edildi. Sizcə, 2018-ci ilin aprelində təyin olunan baş nazirin hazırda yeni baş nazirlə əvəz edilməsinə səbəb nə idi? Bu kadr islahatı hansı zərurətdən yarandı? Yeni Baş nazir qarşısında dövlət başçısı hansı vəzifələrin icrasını qoyub?
- Əli Əsədov yüksək nəzəri hazırlığı və üstəlik də bir çox böyük layihələrin reallaşdırılmasına cəlb edilən, ölkədəki quruculuq prosesində geniş iş təcrübəsi olan iqtisadçılarımızdandır. Onun potensial və təcrübəsinə dayanaraq fikirləşirəm ki, bu təyinatda məqsəd iqtisadiyyatda idarəçiliyin effektivliyini daha da artırmaq, müxtəlif qurumlar arasındakı koordinasiyalı fəaliyyət mexanizmini təkmilləşdirmək və genişləndirmək, islahatların dərinləşdirilməsi prosesində meydana çıxan ziddiyyətləri aradan qaldırmaq, ən əsası da qeyri-neft sektorunda daha yüksək artım tempini təmin etməkdir.

- AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan Milli Şura ötən gün Bakı şəhərinin mərkəzində piket keçirməli idi. Əvvəlcədən bu barədə razılaşma da olmuşdu. Lakin cəbhəçilər yenə də ictimai asayişi pozmağa, qanun çərçivəsindən kənara çıxacaq əməllərə yol verdilər. Sizcə, nə üçün onlar belə davranışlara yol verirlər? Ümumiyyətlə, bu piketin keçirilməsinə ehtiyac var idimi? Nə üçün onlar ümumxalq və dövlət maraqlarından çıxış etməyə deyil, təxribat törətməyə, qeyri-vətənpərvərlik nümayiş etdirməyə meyillidirlər?
- İstərdim ki, burada dünənki iki mənzərəni göz önünə gətirək. Bir tərəfdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1300 mənzillik "Qobu Park-2” yaşayış kompleksinin açılışını etdilər, oradakı məcburi köçkün bacı qardaşarlımzla əsl ailə ortamında görüşüb söhbətləşir, şəhid ailəsində böyüyənləri bağırlarına basdılar. Digər tərəfdə isə həmən insanların torpaqlarından didərgin düşməsində heç də az rol oynamayanlar başlarına da 5-10 nəfər başıpozuq yığıb qışqır-bağır salırdılar. Soruşuram, niyə nə istəyir onlar? Belə görünür ki, ölkədə yenidən hərc-mərclik və dərəbəylik olmasını, zəiflədiyimizi görən düşmənin yenidən hərəkətə keçməsini və yenidən insanlarımızın 90-cı illərin əvvəllərində yaşadıqlarını yaşatmaq istəyirlər. Ola da bilər istəmirlər bunu. Amma arzularına çatsalar, heç şübhəsiz ki, ölkə yenidən 90-cı illərin əvvəlindəki vəziyyətə düşəsidir. Siz yəqin fikir verdiniz, Kərimlinin qızğın tərəfdarlarından biri piketə dəvət edilmədiyinə görə partiyadaşlarına " tüpürüm sizin partiyanıza” deyir və ardınca da şikayətlənirdi ki, demək, hakimiyyətə gəldikləri halda vəzifə bölgüsü olarsa, onda da o, yaddan çıxarılacaq. Bu xanımın etirafı da göstərir ki, birincisi, Əli Kərimlinin ətrafındakılar istənilən an partiyalarına tüpürməyə hazırdırlar, necə ki neçələri o cür tüpürüb oranı tərk ediblər. İkincisi, onları da düşündürən Azərbaycan, "xalqın acınacaqlı durumu” yox, vəzifə və pul əldə etməkdir. Yəni başının üstündə Elçibəyin portretini asıb, onun yaratdığı partiyaya rəhbərlik edib, Azərbaycanda şəriət dövləti yaratmaq, buranı İranın bir parçası kimi görmək istəyənlərlə sıx iş birliyində olan, Rusiyadakı müəyyən çevrələrin Milli Şura eksperimentində ön sırada yer alan liderləri kimi qətiyyən ideya və ideologiya adamları deyillər. Mənə elə gəlir ki, onlar da, liderləri də az qala kumir sandıqları Nikol Paşinyanın bu gün düşdüyü vəziyyətdən nəticə çıxarmalıdırlar. Anlamalıdırlar ki, adamın potensiyalıyla iddiası uyğun gəlmədikdə həm ölkəsi, həm də özü üçün fəlakətli və alçaldıcı bir vəziyyətlə üzləşir.   
 
Rufik İSMAYILOV 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287