• çərşənbə axşamı, 16 aprel, 19:26
  • Baku Bakı 18°C

Azərbaycan-Rusiya münasibətləri niyə hədəfə alınıb?

06.12.18 17:53 1490
Azərbaycan-Rusiya münasibətləri niyə hədəfə alınıb?
Azərbaycan-Rusiya münasibətlərinin bu il ərzində yeni mərhələyə qədəm qoyduğunu desək, yanılmarıq. Çünki Rusiya prezidenti Vladimir Putin ölkəmizə səfər etdi. Eyni zamanda prezident İlham Əliyev bir neçə dəfə Rusiyada səfər oldu və iki ölkə arasında bir sıra mühüm məsələlər müzakirə edildi, sənədlər imzalandı.
Bütün bunlarla yanaşı, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına əngəl törədən qüvvələr də hərəkət keçib. Belə olmasaydı, Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Rusiyaya səfəri, eləcə də bu günlərdə Yerevanda "Lazarev klubu”nun tədbiri təşkil edilməzdi. Bəs görəsən Azərbaycan və Rusiya arasındakı münasibətləri korlamaq istəyən, ona əngəl yaratmağa cəhd edən qüvvələrin məqsədi nədir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, "Lazarev klubu”nun tədbiri öz-özlüyündə erməni cəmiyyətində, yaxud onun elitasında qətiyyən qəbul olunmayıb: "Gördüyünüz kimi, Paşinyan həmin tədbirə qatılanların Kreml çevrəsində müxtəlif çirkli layihələrdə istifadə olunduğunu bildirərək yaxasını kənara çəkib. Belə olan təqdirdə Zatulin, onun müavini və digər şəxslər sanki Sarkisyana, ya da Koçaryana virtual və ya xəyali öz yaxınlıqlarını göstərmək üçün oradakı tribunadan anti-Azərbaycan bəyanatlarını səsləndiriblər. Ancaq erməni cəmiyyətinin indiki durumunda bu fikirlərin qəbul olunduğunu demək yanlış olar. Açıq desək, demokratik Ermənistan, onun azadlıqlara qovuşmuş xalqı bir daha təbəəliyə dönmək istəmir. Hətta deyirlər ki, Rusiyanın düşmənlərini zəhərləyən, yaxud da idman yarışlarında yer tutub gəlib Dumada yer qazanan, eləcə də təbliğat və təşviqatda soyuq müharibə dövrünün prinsipləri ilə işləyən adamlarla bizim bir yerdə fəaliyyətimiz ola bilməz. Görün indi münasibətlər nə səviyyə gəlib çatıb. Şübhəsiz, bunu Moskvadan müşahidə edən müəyyən qüvvələr görürlər ki, Ermənistan Rusiyanın təsir zonasından çıxmağa çalışır və bu yöndə fəaliyyət zamanı Azərbaycanın həm dövlət səviyyəsində atdığı addımlar, eləcə də ictimai müstəvidə baş verən o münasibətlərdəki köklü dəyişikliklər burada aparıcı rol oynayır. İlham Əliyev güclü bir liderdir. O, tarixə baxaraq, mühüm təhlillər aparır və nəticədə elə addımlar atılır ki, biz qətiyyən şimal qonşumuzun əleyhimizə olan fəaliyyətini bir daha qazanmayaq. Çünki son 200 illik keçmişimizin hansısa dönəmlərində bizim də içimizdə buna verilən əsaslar, amma daha artıq dərəcədə Kremlin qərar verənləri tərəfindən atılan addımlar torpaq bütünlüyümüzə olan qəsdlərin və insanlarımıza qarşı qəddarlığın səbəblərinə çevrilibdir. Ermənilər isə bundan maksimum dərəcədə istifadə ediblər. Bəlkə tarixi dəyişilmiş bir formada yaşamağın zamanı çatıb? Yəni, bir dəfə də Rusiyanın zərbəsini Ermənistan öz üzərində hiss eləsin. Bilirsiniz ki, keçmiş Xanlar rayonunun bir neçə kəndinin vaxtilə azad olunması məsələsi erməni cəmiyyətində bu gün də bir ağrı ilə qəbul olunur. Söhbət "Halqa” əməliyyatı kimi xarakterizə olunan və rusların bizim tərəfdən döyüşdüyünü əks etdirən tarixi faktlardan gedir. Bəlkə biz daha strateji olaraq fəaliyyətimizi aparmaqda davam edək və düşünək ki, rus əsgəri, Azərbaycanda yaşayan bizim qardaş xalqların nümayəndələri eyni taleyi, səngəri, təhlükəni bizimlə bölüşmüş olsunlar? Fərz edək ki, rus əsgəri ermənilərə güllə atır, bu əməliyyatlarda iştirak edir. Görün, Qafqazdakı münasibətlər sistemi nə qədər dəyişmiş olur. İki ölkə arasındakı münasibətlərin bu tərzdə inkişafı ermənilərin bizə qarşı taktikasını sındırır”.
Z.Oruc qeyd etdi ki, yüz illər ərzində bu ölkələrdə formalaşmış ənənələr var, maliyyə cameəsi, iqtisadi strukturlar, eləcə də müxtəlif dövlət elitasının çevrəsində fəaliyyət aparan ermənilər mövcuddur: "Bunlar hamısı öz təsirini göstərəcəklər. Ona görə də kimsə sadəlövhcəsinə gözləyirsə ki Rusiyanın 150 milyonluq əhalisi bir günün içərisində Qarabağ uğrunda haqqımızı müdafiə edəcək, bu, siyasətə bəsit yanaşma olar. Ermənilər də mübarizələrini aparacaqlar. Ancaq 90-cı illərdəki vəziyyət dəyişib. Bizim əleyhimizə fəaliyyət aparan həmin o qüvvələr neytrallaşıblar. Azərbaycan rəhbərliyi nəinki təkcə Putinlə münasibətlərin ən yüksək səviyyədə qurulmasında çox ciddi iradə göstərib, vacib addımlar atıb, eləcə də heç bir zaman region dövlətləri əleyhinə forpost rolunu oynamayıb. Qərb dairələri hansısa layihələrini Azərbaycan vasitəsilə düzənləməyiblər. Digər tərəfdən, ölkə rəhbəri bəzən Rusiyadakı nüfuzlu insanları, media mənsublarını qəbul edərək ictimai diplomatiyanın da gücündən məharətlə istifadə edib. Belə olan təqdirdə, biz Rusiyada fəaliyyətimizi davam etdirməliyik, genişləndirməliyik. Orada yaşayan azərbaycanlılar, nəhayət mühüm siyasi postlar uğrunda mübarizələrini təşkil etməlidirlər, media məkanında görünməlidirlər. Bax buna deyərəm iş. Yoxsa Bakıda oturub Moskvanın fəaliyyətlərinə dair mühakimə stilində bəyanatlar vermək işə yaramayacaq. Xalq Cəbhəsinin hakimiyyəti dövründə bunu ediblər və nəticənin nə olduğu hər kəsə bəllidir. İlham Əliyev isə yüz illik tarixi münasibətlərin xarakterini dəyişdirib”.

Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan-Rusiya münasibətlərini korlamağa çalışan və Rusiyanın Ermənistanla əlaqələrini ən yüksək görmək istəyən qüvvələr hər zaman olub: "Mən deyərdim ki, onlar Rusiyada aparıcı qüvvəyə malikdirlər. Belə qüvvələr Kremlin siyasi elitasına xeyli yaxındırlar. Hətta hakimiyyətin siyasətinin formalaşdırılmasında yaxıdan iştirak edirlər. Əgər gəlib Yerevanda qondarma bir ad altında konfrans keçirir və orada təhrikedici bir formada "İsgəndər” raketləri ilə Bakının yerlə-yeksan ediləcəyi haqda fikirlər səsləndirirlərsə, guya Azərbaycanın aqressiv siyasət yürütdüyünü iddia edirlərsə, bu, tarixən mövcud olmuş ermənipərəst mövqeyin bu günlərdəki ifadəsidir. Bu çox biabırçı iddiadır. Amma buna baxmayaraq, təəssüflər olsun ki, bu qüvvələr Rusiyanın hakim dairələrinə xeyli yaxındırlar və ona görə də Ermənistanla siyasətin formalaşdırılmasında iştirak edirlər”.
Q.Hüseynli vurğuladı ki, belə qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa, hətta onu zədələməyə cəhd göstərirlər: "Bu adamlar imperiya təfəkkürü ilə yaşayırlar. Yəni, çar Rusiyası dövründə necə imperialist siyasət yürüdülürdüsə, indi də eyni siyasət yeridilməsinə çalışırlar. Bu, Rusiya siyasətində çox təhlükəli bir tendensiyadır və daha çox müsəlman dünyasına, eyni zamanda bura daxil olan Azərbaycana qarşı çevrilib. Bir sözlə, "Lazarev klubu”nun təxribatçı liderləri Azərbaycan-Rusiya münasibətlərinə böyük zərbə vurmaq niyyətindədir. Bu səbəbdən Rusiyanın hakim dairələri bu cür qüvvələrin iki ölkə arasındakı münasibətləri pozmağa çalışması məsələsinə diqqət yetirməlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər