Azərbaycan - Rusiya iqtisadi-ticarət əməkdaşlığına növbəti töhfə
Fevralın 8-də Rusiya Federasiyasının Dərbənd
şəhərində Rusiya və Azərbaycan nümayəndə heyətlərinin görüşü olub.
Azərbaycan tərəfdən nümayəndə heyətinə
İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin,
Dövlət Sərhəd Xidmətinin, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin rəhbər
şəxsləri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daxildir.
Rusiya tərəfi isə Rusiya Federasiyasının İqtisadi
İnkişaf naziri Maksim Oreşkinin rəhbərliyi ilə əlaqədar qurumların nümayəndələrinin
və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri
Vladimir Vasilevin daxil olduğu heyətlə təmsil olunub.
Azərbaycanın
İqtisadiyyat naziri Şahin Mustafayev xalqlarımız və ölkələrimiz arasındakı
dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli
münasibətləri, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini,
ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini
vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentləri əlaqələrin
inkişafına böyük önəm verir, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin
və iş adamlarının qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Rusiya Azərbaycanın
əsas ticarət tərəfdaşlarındandır və Rusiya qeyri-neft məhsullarımızın ixracı
üzrə də birinci yerdədir. Təkcə ötən ildə iki ölkə arasında ticarət dövriyyəsi
20% artıb.
Azərbaycan və
Rusiya arasında nəqliyyat-tranzit sahəsində həyata keçirilən layihələr barədə məlumat
verən iqtisadiyyat naziri Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin
iqtisadi-ticarət əlaqələrinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Görüşdə ölkələrimiz arasında energetika, sənaye, turizm, kənd təsərrüfatı, meliorasiya, gömrük, mədəniyyət, təhsil və s.
sahələrdə əlaqələrin inkişaf etdiyi və əməkdaşlıq üçün böyük potensialın olduğu
qeyd olunub.
Rusiyanın İqtisadi İnkişaf naziri, Komissiyanın
həmsədri Maksim Oreşkin qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsinə əsaslanan əməkdaşlığımız
inkişaf edir. Maksim Oreşkin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi
üçün potensialı vurğulayaraq, əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini
bildirib, aparılan müzakirələrin əlaqələrin inkişafı, xüsusilə də nəqliyyat-tranzit
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını diqqətə
çatdırıb. Rusiyalı nazir Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin
iki ölkə arasında artan ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından
önəmini qeyd edib, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət
əlaqələrinin, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə,
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr
aparılıb.
Səfər
çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri "Narın Qala"
tarixi abidəsi ilə tanış olublar. Nümayəndə heyətinə Dərbənd qalasının bir hissəsini təşkil edən
"Narın Qala" istehkamına daxil olan tarixi memarlıq abidələri barədə
məlumat verilib.
Azərbaycan və
Rusiya nümayəndə heyətləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının
dövlət sərhədində "Yaraq-Qazmalar”, "Samur” sərhəd buraxılış məntəqələrinə
və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.
Qeyd
edək ki, Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış Sazişə uyğun
olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində "Samur" (Azərbaycan) -
"Yaraq-Qazmalar" (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı
üzərindən avtomobil körpüsünün tikintisi davam etdirilir. Avtomobil körpüsünün
tikintisi "Şimal-Cənub"
beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində reallaşdırılan mühüm
layihələrdən biridir. Körpünün
inşasına 2018-ci ilin fevralında başlanılıb. İki hərəkət zolaqlı yeni körpünün
uzunluğu 325 metr, eni 17.3 metr olacaq. Artıq körpünün svaylarının qazılması,
bünövrə və körpü dayaqlarının tikintisi tamamlanıb. Körpünün 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bu layihə Azərbaycanın
nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya
əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli
şərait yaradacaq.