• cümə axşamı, 25 aprel, 13:53
  • Baku Bakı 23°C

Azərbaycan-Rusiya iqtisadi əlaqələri tarixi ənənələrə söykənir - Fotolar

04.09.18 18:17 1991
Azərbaycan-Rusiya iqtisadi əlaqələri tarixi ənənələrə söykənir - Fotolar
Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar "Qazprom”, "Transneft” və "Lukoyl”dur. Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir. Bundan başqa, "KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. "Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollardır.

Ümumiyyətlə, Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Yuxarıda da qeyd olunduğu kimi, Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub” qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər də böyük beynəlxalq əhəmiyyət daşıyır. Həmçinin, Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. İki ölkənin hərbi-texniki əməkdaşlığı da daim inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir. Bir sözlə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi əlaqələrlə bərabər, elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əməkdaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi, həmkarı Vladimir Putinlə birgə bəyanata imza atması, eləcə də hökumət üzvləri və şirkət rəhbərləri arasında müxtəlif razılaşmaların əldə edilməsi ölkələrimiz arasında münasibətlərin inkişafına yeni bir təkan olacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri tarixi ənənələrə söykənir. Onun sözlərinə görə, vaxtilə Azərbaycan Rusiya ilə vahid ittifaqda təmsil olunduğundan bir çox iqtisadi əlaqələr formalaşıb və müstəqillik illərində bu əlaqələr daha da inkişaf etdirilib: "Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla bərabər, həm də ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Rusiyanın dünya iqtisadiyyatında böyük çəkisi var. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün Rusiya bazarı mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycanın xarici ticarət əlaqələrində Rusiyanın payı təxminən 10 faizə yaxındır. Qeyri-neft məhsullarımızın ixracında Rusiyanın payı 35 faiz, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə bərabərdir. Rusiyada xeyli sayda azərbaycanlının yaşamasını da qeyd etmək yerinə düşər. Həmvətənlərimizin bu ölkədə digər sahələrlə yanaşı, iqtisadi fəaliyyətlə də məşğul olması ölkələrimiz arasındakı münasibətlərə müsbət təsir edir. Bütün bunları nəzərə alsaq, Azərbaycan-Rusiya siyasi, iqtisadi əlaqələrinin daim yüksək olduğunu söyləmək olar. Bu əlaqələrin daim inkişaf etdirilməsi bütövlükdə regionun tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkili bildirib ki, müasir dövrdə Azərbaycan da Rusiya üçün iqtisadi cəhətdən tamamilə fərqli bir mövqeyə sahiblənib: "Rusiya ABŞ və Avropa İttifaqı tərəfdən iqtisadi sanksiyalara məruz qalıb. Bu da Rusiya iqtisadiyyatını müəyyən çətinliklərlə üz-üzə qoyub. Ona görə də Şimal qonşumuz özünə yeni iqtisadi bazarlar tapmaq, yeni iqtisadi münasibətlər qurmaq istiqamətində addımlar atır. Bu aspektdən yanaşsaq, Azərbaycanın unikal mövqeyi, balanslı siyasəti, beynəlxalq əhəmiyyətli iqtisadi layihələri Rusiya üçün həyati əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyə, İran, Avropa İttifaqı və Şərq ölkələri ilə yüksək səviyyəli iqtisadi, siyasi münasibətlərə sahib olması, ölkəmizin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinə çevrilməsi üçün atılan addımlar Rusiyanın da diqqətini və marağını cəlb edir. Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün bu yaxınlarda konvensiyanın imzalanması da Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafına ciddi təsir edən amillərdəndir. Prezident İlham Əliyevin sentyabr ayının ilk günündə Rusiyada rəsmi səfərdə olması, səfər çərçivəsində imzalanan müqavilələr, prezidentlərin bəyanatları bir qədər əvvəl söylədiyim fikirlərə əyani misaldır. Bu səfər Azərbaycan-Rusiya münasibətlərində, xüsusən də iqtisadi münasibətlərdə yeni bir mərhələ açır. Heç şübhəsiz, bu mərhələ hər iki dövlət üçün qarşılıqlı faydalıdır, milli maraqlara uyğun gəlir, iqtisadiyyatın gələcək inkişafına da təkan verəcək”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da hesab edir ki, Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət arasında şəffaf bir müstəvidə inkişaf etməkdədir. O, qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə ciddi əməkdaşlıq edir. Professorun qənaətincə, qonşu ölkə ilə iqtisadi sahədəki əməkdaşlığımız son illər özünün ən yüksək səviyyəsinə yüksələ bilib: "İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 2,5 milyard dollardan çox olub ki, bu da bizim xarici ticarət dövriyyəmizin əhəmiyyətli bir hissəsini təşkil edir. Bu gün Rusiya Azərbaycanın ixrac məhsulları üçün ən münasib bazarlardan biridir. Eyni zamanda, Rusiya məhsullarının idxalı da ümumi idxalımızda xüsusi çəkiyə malikdir”.

F.Yusifov bildirib ki, son illər Rusiya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə çox maraqlıdır: "Azərbaycanda ixrac üçün istehsal olunan məhsullar Rusiya bazarlarında on illər boyu özünəməxsus yer tutub və bu məhsullar digər ölkələrdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətlidir. Ən əsas olan budur ki, rus adamını Azərbaycan məhsullarının keyfiyyətli olmasına inandırmağa çalışmaq lazım deyil. O, bunu yaxşı bilir. Azərbaycan hökumətinin qeyri-neft sektorunu və onun aparıcı sahəsi olan kənd təsərrüfatını sürətlə inkişaf etdirmək, istehsalda müasir və daha məhsuldar texnologiyalar tətbiq etmək yolu ilə istehsalın həcmini dəfələrlə artırmaq istiqamətində atdığı addımlar ixrac potensialımızı kifayət qədər genişləndirəcəkdir. Bunun üçün Rusiya bazarı ən münbit bazardır. Çünki Rusiya bazarının hüdudları çox genişdir, bizim məhsullara olan tələbat isə hədsizdir. Belə bir dönəmdə qonşu ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Digər tərəfdən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bizim bu ölkəyə ixracı artırmaqla verəcəyimiz dəstəyin də xüsusi önəmi var”.

Ekspertlərin fikirlərinə qatılaraq sonda onu da əlavə edək ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər