• cümə, 19 Aprel, 17:59
  • Baku Bakı 25°C

“Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılması xəttini götürüb”

23.05.13 10:36 1869
“Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılması xəttini götürüb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Rusiyada rəsmi səfərdə olub. Səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşən E.Məmmədyarov ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edib.
Səfər zamanı Azərbaycanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunaraq, Kazan və Soçi görüşlərindən ötən son iki ildə bu sahədə durğunluğun müşahidə edildiyini bildirib. O, bu məsələdə Azərbaycanın mövqeyini diqqətə çatdıraraq deyib ki, status-kvo dəyişdirilməlidir. S.Lavrov da status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Qeyd edib ki, indiki status-kvo həm Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayan əhali, həm də Rusiya üçün qəbuledilməzdir. S.Lavrov Rusiyanın Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarı olduğunu bəyan edib.
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin son görüşünü “Kaspi”yə şərh edən politoloq Qabil Hüseynli son vaxtlar Rusiya ilə Azərbaycan arasında müəyyən gərginlik sezildiyini dilə gətirib. Bildirib ki, nazirlərin görüşü bu gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlardan biri kimi də dəyərləndirilməlidir. Onun sözlərinə görə, vaxtilə bir ittifaqda birləşdiyimiz dövlətlə münasibətlərin pis olması, Azərbaycan üçün heç də yaxşı hal deyil: “İndi Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılması xəttini götürüb və bunun üçün danışıqlar aparır. Əgər Rusiya yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürsə, danışıqlar çətinləşəcək. Lakin Rusiya mətbuatının yazdığına, rus politoloqlarının danışıqlarına istinad etsək, deyə bilərik ki, xarici işlər nazirliklərinin danışıqları uğurla nəticələnib. Qarşıda daha yüksək səviyyəli görüşlər gözlənilir. Söhbət MDB məkanında olan ölkələrin Prezident Administrasiyası rəhbərləri səviyyəsində keçiriləcək görüşdən gedir. Həmin görüşdə ölkələrarası iqtisadi və siyasi inteqrasiyanın aktual məsələləri müzakirə olunacaq. Güman edirəm ki, bu görüş də iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcək. S.Lavrovun bəyanatına gəlincə, bu, Rusiyanın ənənəvi xəttidir. O daim Ermənistanı müdafiə edir və buna görə də Dağlıq Qarabağ probleminin rəsmi İrəvanın xeyrinə həll edilməsini istəyir. Bu səbəbdən münaqişənin həlli istiqamətində Azərbaycan Rusiya ilə danışıqları tezləşdirməlidir. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağ problemi Rusiyanın arzuları üzrə deyil, beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü müstəvisində həll edilsin. Hələlik isə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Yalnız bundan sonra Qarabağ məsələsində yaxşı işləsək, yəqin ki, rusları ələ ala bilərik. Demirəm ki, ruslar münaqişənin həlli zamanı erməniləri öz yanlarından silib atacaqlar, amma hər halda nisbətən obyektiv mövqe tutmağa çalışacaqlar”.
Analitik Aydın Musayev iki dövlət arasında son vaxtlar müşahidə olunan gərginliyin müəyyən dairələr tərəfindən qızışdırılaraq az qala dövlətlərarası münasibətlərin korlanması kimi qələmə verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu səpkidə təbliğatın aparılması yolverilməzdir: “Azərbaycan ictimaiyyəti çox gözəl bilir ki, Qarabağ məsələsində Rusiyanın mövqeyi nədən ibarətdir. Ermənistan faktiki olaraq, Rusiyanın ərazisidir və onun 87-89 subyektindən biridir. Ona görə də heç bir zaman elə bir illüziyaya qapılmaq olmaz ki, guya, bizim torpaqları ermənilər zəbt edib. Rusiya indiki məqamda Azərbaycanla münasibətləri elə qurmağa çalışır ki, bu əlaqələr nəticəsində ölkəmiz Qərb yönümlü siyasətdən imtina etsin, Rusiyameyilli siyasət daha da gücləndirilsin. Rusiya istəyir ki, Azərbaycan Vahid Gömrük İttifaqına, Avrasiya Birliyinə üzv olsun. Bu mənada Rusiya Dağlıq Qarabağ məsələsindən də yararlanır və çalışır ki, Azərbaycana təzyiq göstərsin. Belə bir halda 6 prinsipin ortaya atılmasını da sadəcə şou kimi qiymətləndirirəm. Rusiya hərbi müttəfiqi Ermənistana qarşı Azərbaycanın müharibə etməsini istəmir. Rəsmilərin səsləndirdiyi bəyanatlardan fərqli olaraq, Kreml bütün cəhdlərini indiki status-kvonu qoruyub saxlamağa yönəldib. Ruslar Qafqaz regionunda yeni müharibənin olmasını arzulamırlar. Buna görə də onlar işğal olunmuş torpaqları “X” müddətinə kimi Ermənistan vasitəsilə Rusiyanın nəzarətində saxlayırlar”.
Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti, politoloq Vəfa Quluzadə son hadisəni şərh edərkən, artıq Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşdığını bəyan edib. O, Amerikanın bunun üçün təzyiqləri artırdığını söyləyib: “Amerika bu regionda öz maraqlarını güdür və stabillik istəyir. Amerika dünyanın ən güclü, aparıcı dövləti kimi buna nail olacaq. Rusiyanın özü də yaratdığı Qarabağ probleminə, işğal etdiyi Azərbaycanın 7 rayonuna marağını da artıq itirməkdədir. Səbəb də ondan ibarətdir ki, Rusiya nə qədər bacardısa bu məsələdən öz marağı üçün istifadə etdi. Azərbaycanı da, Ermənistanı da özündən asılı vəziyyətdə uzun müddət saxladı. Lakin Rusiya bu müharibə ilə Amerikanın Azərbaycana və Cənubi Qafqaza girməsinə heç bir maneə törədə bilmədi. Müharibəyə baxmayaraq, neft kontraktları imzalandı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri reallaşdı. İndi bütün regionun milli sərvətləri, o cümlədən neft, qaz Amerikanındır. Belə bir vəziyyətdə Rusiya Amerika ilə konfrontasiyaya hazır deyil. Ona görə də Rusiya Ermənistanı özünə balaca bir müttəfiq kimi saxlamaq istəyir. Kreml Rusiyameyilli Ermənistanı indiki gərgin vəziyyətdən çıxartmaq üçün Azərbaycanla sülh bağlanmasını, Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinin açılmasını arzulayır. Çünki, başqa çıxış yolu yoxdur”.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hesablanmış Madrid prinsiplərinə diqqət çəkən V.Quluzadə sözügedən sənəddə göstərilənləri avara prinsiplər kimi qələmə verib. Deyib ki, əgər onlar doğru prinsip olsaydı indiyə qədər məsələ çoxdan çözülərdi: “Hələlik Rusiyanın mövqeyi belədir ki, atəşkəs saxlanılsın, nə hərb-nə sülh vəziyyəti olsun. Ancaq yaxın gələcəkdə Rusiyanın mövqeyi dəyişəcək və məsələ çözüləcək. 6 prinsipdən danışılarkən, burada birinci prinsip Azərbaycanın ərazi bütövlüyü məsələsi olmalıdır ki, bunu da Ermənistan tanımır. İkinci əsas prinsip isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyatdır. Bütün dövlət sammitləri, o cümlədən Lissabon və Budapeşt sammitləri bunu təsdiq edib. NATO da bəyanat verib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bu illərdə Rusiya nə özü Dağlıq Qarabağı tanımadı, nə də Ermənistanı belə bir addım atmağa qoymadı. Yeganə səbəb Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasıdır. Rusiya burada Qərbə meydan oxuya bilməyəcək. Rəsmi Moskva hətta Abxaziya ilə Osetiyanı da heç kəsə tanıda bilmir. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Sadəcə, bu məsələdə Rusiya Ermənistandan lazımi qədər istifadə edib, ondan sonra bir kibrit qutusu kimi zibil yeşiyinə atacaq”.
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün aparılan danışıqlar prosesində son günlərdə müəyyən intensivliyin müşayiət olunduğunu dilə gətirib. O, xeyli müddətdir hətta xarici işlər naziri səviyyəsində görüş keçirməyin Minsk qrupuna nəsib olmamasına diqqət çəkib: “Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri və rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqlar bir daha təsdiqləyir ki, artıq kəmiyyət baxımından da olsa danışıqlar prosesində müəyyən canlanma var. Azərbaycanın xarici işlər nazirinin Moskvaya səfərə dəvət edilməsini isə çox müsbət hadisə hesab edirəm. Bu, Dağlıq Qarabağ probleminin həlli danışıqlarındakı vəziyyətin müzakirəsi baxımından əhəmiyyətlidir. Burada Rusiyanın mövqeyi ondan ibarət olub ki, rəsmi Moskva bu münaqişənin həlli ilə bağlı səylərini artıracaq”.
Münaqişənin həllindən söhbət açan siyasi şərhçi Rusiyanın xarici siyasət konsepsiyasından misal çəkib. Qeyd edib ki, MDB məkanındakı münaqişələrin həlli məsələsi Rusiya üçün bir nömrəli məsələlərdəndir: “Hələ keçən il Rusiya prezidenti Vladimir Putin ölkənin yeni xarici siyasət konsepsiyasını təsdiqləyib. Həmin konsepsiyada aydın şəkildə göstərilib ki, Rusiyanın xarici siyasətinin əsas prioriteti MDB istiqamətidir. Bunun başqa bir anlamı ondan ibarətdir ki, bu mühitdəki, bu məkandakı münaqişələrin həlli məsələsi də Rusiya üçün bir nömrəli məsələdir. Başqa oyunçuların bu prosesdə əsas söz sahibinə çevrilməsi heç bir halda rəsmi Moskvanın mənafelərinə və maraqlarına uyğun deyil”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər