• şənbə, 20 Aprel, 15:23
  • Baku Bakı 23°C

Azərbaycan-Rusiya əlaqələrində yeni səhifə

25.11.19 18:13 741
Azərbaycan-Rusiya əlaqələrində yeni səhifə
Millət vəkillərinin fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini əks etdirdi. Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevaya "Dostluq” ordenini təqdim edərək, onun dövlətlərarası əlaqələrin inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdi. Həmçinin səfər çərçivəsində Birinci vitse-prezident Rusiya Hökumətinin sədri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü, İrina Viner-Usmanovanın rəhbərlik etdiyi Gimnastika Mərkəzi, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienalisini ziyarət etdi, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan "Azərbaycan” pavilyonunun açılış mərasimində və X Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etdi.
Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya səfəri iki ölkəsində əlaqələrin inkişafına hansı müsbət təsirləri olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, Rusiya-Azərbaycan münasibətləri hazırda tarixdə heç zaman olmadığı qədər yüksək səviyyədədir: "Bunun bir çox səbəbləri var. Bir tərəfdən Rusiya və Azərbaycan prezidentləri arasında qarşılıqlı hörmət, etimad və səmimiliyə əsaslanan çox yüksək münasibətlər qurulub. Azərbaycan-Rusiya iqtisadi münasibətləri iki ölkənin münasibətləri həm mərkəzi hökumət, həm də subyektlər, regionlar və sahibkarlar arasında olan münasibətlərin inkişafına söykənir. Rusiya Azərbaycanın qeyri-neft sektorunun ixracının böyük bir bazarıdır. Eyni zamanda, Rusiya Azərbaycana 5 milyard dollara yaxın investisiya qoyan bir ölkədir. Azərbaycanın isə Rusiyaya investisiyası artıq 1,2 milyarda çatmışdır. İki ölkə arasında xarici ticarət dövriyyəsi 20 faizə, Azərbaycanın Rusiyaya ixracı isə 12 faizə yaxın artıb. Bu baxımdan, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Amma nəzərə alaq ki, Azərbaycan da Rusiya üçün çox mühüm bir ölkədir. Rusiyanın cənub və şərq istiqamətində iqtisadi maraqlarının qorunmasında Azərbaycanın tutduğu mövqe, sahib olduğu infrastruktur layihələri kifayət qədər mühüm əhəmiyyət kəsb edir”.
T.Mirkişili qeyd etdi ki, Azərbaycan-Rusiya iqtisadi münasibətləri hər iki tərəfin qarşılıqlı maraqlarına söykənən və hər iki dövlətin gələcək inkişafını təmin edəcək əsaslara sahibdir: "Lakin tarix onu göstərir ki, iqtisadi əlaqələrin möhkəm olması həmin münasibətlərin formalaşmasında qarşılıqlı etimad və humanitar münasibətlərin inkişafı olmadığı halda dayanıqlı olmaya da bilər. Bu cəhətdən baxsaq, Azərbaycan-Rusiya münasibətlərində humanitar sahə üzrə əlaqələrin möhkəmlənməsi və bu sahədə potensialın böyük olması iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında olan potensialın daha çox açılmasına, əlaqələrin daim möhkəmlənməsinə və Rusiya-Azərbaycan əlaqələrinin inkişafında yeni bir mərhələnin, səhifənin açılmasına xidmət edir. Mehriban xanımın Rusiyada çox böyük nüfuzu var. Məhz onun həyata keçirdiyi layihələr, hansı ki, Heydər Əliyev Fondu daha əvvəllər bu sahədə mühüm səylər göstərmişdir, Rusiya ictimaiyyəti və siyasi dairələrində Mehriban xanıma rəğbət yaradıb. Bu cəhətdən baxsaq, səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə, yeni etimad mühitinin, humanitar məsələlərin inkişafı ilə yanaşı, son olaraq iqtisadi məsələlərin inkişafına və hər iki ölkənin strateji maraqlarının daha açıq təmin olunmasına yönəlib. Əminəm ki, Mehriban xanımın bu sahədə göstərdiyi səylər yeni bir səhifənin açılması və hər iki ölkənin əlaqələrinin inkişaf etməsinə səbəb olacaq. Çünki regionda təhlükəsizlik amilləri hər iki dövlətin bir-birinə ehtiyacını artırır və Azərbaycan-Rusiya münasibətlərinin inkişafı xalqımızın gələcəkdə strateji cəhətdən inkişafına hesablanıb. Rusiya siyasi hakimiyyətinin rəsmilərinin Mehriban xanımın qəbul olunması zamanı etdikləri çıxışlar onu deməyə əsas verir ki, bu əlaqələrin inkişafında çox böyük potensial mövcuddur. Məhz Mehriban xanımın bu əlaqələrin inkişafında oynayacağı rol kifayət qədər böyükdür və hər iki tərəf ona çox böyük etimad və rəğbətlə yanaşır”.
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında yüksək səviyyəli dostluq münasibətləri mövcuddur: "Bu münasibətlərin kökü, təməli isə Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub və həmin vaxtdan da bu günə kimi bu münasibətlər davam etməkdədir. Heç təsadüfi deyil ki, ötən il iki ölkənin lideri ən azı 8 dəfə bir araya gəldi, bu il isə ən azı 3 dəfə görüşüblər və dekabrın 20-də növbəti görüşün keçirilməsi gözlənilir. Bunlar iki dövlət lideri arasında münasibətlərin hansı yüksək səviyyədə olduğunu gözlər önünə sərmiş olur və əlavə izahata da ehtiyac qalmır.
Eyni zamanda, ölkə prezidentinin ən yaxın, ən sadiq silhadaşı kimi Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə iki ölkə arasında münasibətlərin inkişafına və davam etdirilməsinə, sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır və bunu da reallaşdırır. Məhz elə bu səbəbdəndir ki, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin inkişafında xidmətlərinə görə Mehriban xanımı Rusiyanın ən ali ordeni - "Dostluq” ordeni ilə təltif etdi. Rusiyaya səfəri çərçivəsində də Vladimir Putinlə bir araya gələn Mehriban xanıma qonşu dövlətin prezidenti tərəfindən bu ordenin təqdim edilməsi bir daha Azərbaycan dövlətinə, Mehriban xanımın fəaliyyətinə verilən bir dəyər kimi qiymətləndirilməlidir”.
E.Səlimov hesab edir ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək, öz müsbət töhfələrini verəcək.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər