AZE | RUS | ENG |

Azərbaycan rəssamlığında Mikayıl Abdullayev zirvəsi

Azərbaycan rəssamlığında Mikayıl Abdullayev zirvəsi
Xalq rəssamı Mikayıl Abdullayev anadan olmasından 97 il ötür

Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır, onun gözəllikləridir. Rəssamın dilindən söylənən "Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu gün Mikayıl Abdullayevin andan olmasını 97-ci ildönümü tamam olur.

Görkəmli sənətkar əlinə fırça aldığı gündən könlünü rənglər aləminə əbədi məhəbbətlə bağladı. Gözlərinin seçdiyi, əllərinin isitdiyi mövzuları kətan üzərində elə ustalıqla işlədi ki, istedadlı rəssam üçün quruluş, zaman anlayışı olmadı. Əslində, yaradıcılığının qızıl dövrü sovet hakimiyyətinin hökm sürdüyü illərə təsadüf etdi. Amma elə əsərlər yaratdı ki, diktələrə boyun əymədi, vaxtdan yuxarıda dayandı. Fırçasından süzülən sənət inciləri əbədiyaşarlıq qazandı. Təbii ki, bütün rəssamlar fırça və rənglərlə işləyirlər. Mütəxəssislər söyləyirlər ki, fırça da, rənglər də Mikayılın əlində sanki sehrlənirdi. Sehrli fırça, sirli rənglər!

Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca duyumlu, vətənpərvər, uzaqgörən bir sənətkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi. Rəssam təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. elə əsərlər yaradıb ki, bütün zamanlarda baxımlı və maraqlıdır. Onun əsərlərinə sakit ürəklə baxıb keçmək olmur. Hər bir ştrixi, xətti, rəngi düşündürücüdür.

Bakıda 1921-ci ilin dekabr ayında fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bu ali məktəbi vaxtında bitirə bilməyən Mikayıl Abdullayev İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlayıb. O illərdə yaradıcılığının istiqamətini tamamilə dəyişdi. Mikayıl Abdullayev də haqsızlığa qarşı fırçası ilə döyüşürdü. Alman faşizmini tənqid edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Müharibədən sonra Moskvada ali təhsil alan M.Abdullayev burada dünya şöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam” əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başladı. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgiləndi. Elə ilk fərdi sərgisi də Moskvada keçirildi. O, doğma Bakıya qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan fırça ustası həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçıb. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açılır, amma onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə olan görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Mikayıl Abdullayevə olan rəğbətinə görə gənc rəssamın arzusunu rədd etmədi. Beləliklə, bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi.

Sonralar qələmə aldığı "Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: "Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi".

Fırça ustasının yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tuturdu. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində "Benqal qızları”, "Racəstan qadınları”, "Qoşa əfqan”, "C.Mansu” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası da yaradıb. "Ü.Hacıbəyli”, "Səməd Vurğun”, "M.F.Axundov”, "M.F.Vaqif”, "İmadəddin Nəsimi”, "Pianoçu F.Bədəlbəyli”, "Yunis İmrə” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etməyi, onların iç dünyasını açmağı ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir fırça ustası tapılmaz ki, o, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. "Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin "Xəmsə”sinə, Füzulinin "Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun "Gələcək gün”, Süleyman Rəhimovun "Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi.

Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri dünyanın Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib. Hətta Almaniyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamın fərdi sərgisi də keçirib. Mikayıl Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi və bütün əsərlərini heyrətlə qarşıladığı dahi sənətkar idi.

Onun təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, çəkdiyi cəfalar, gecə-gündüz apardığı axtarışlar, qatlaşdığı zəhmət hədər getmədi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görüldü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, Azərbaycanın İncəsənət xadimi, professor Mikayıl Abdullayev doğma vətəni də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvanlığı ilə diqqət çəkir. "Masallı süitası”, "Balaca çoban”, "Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri – "Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.

O dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən, "Azərbaycan çöllərində”, "Masallı qızları”, "Lənkəranlı qız”, "Çəltik becərənlər”, "Tarlada”, "Abşeronda”, "Xaçmaz qızları”, "Qarabağlı qızlar”, "Astarada çay yığımı” və s. əsərlərdə də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çəkir. Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə alıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Mikayıl Abdullayevin bu sahədəki fəaliyyəti də uğurlu olub. O, həmişə insanlar arasında olmağı çox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.

Dövlət müstqəilliyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən "İstiqlal” ordeninə layiq görülüb. Ulu öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Bu iftixar doğuran duyğular qəlbimizi yenə də isidir ki, rəssamın əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə. Mikayıl Abdullayev fırça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırdı. Bu unudulmaz insan ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış edirdi. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı məqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbətlə qarşılanardı.

Bakı metrosunun "Nizami” stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Təəssüf ki, bu həssas və zərif duyğulu insan ömrünün ahıl çağında bədnam qonşularımızın başımıza gətirdiyi fəlakətin də şahidi oldu.

20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi "Nakamların dəfni” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Kim bilir, onun daha hansı arzu və niyyətləri tablolara köçmədən qaldı? 2002-ci ilin avqustun 21-də 81 yaşında vəfat edən Mikayıl Abdullayev işğal altında inildəyən torpaqlarımızdan nigaran getdi. Həmkarları söyləyirlər ki, "Bütöv Azərbaycan” adlı tablo çəkmək niyyətində imiş. Mikayıl Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salıb ki, ardıcılları pərvanə kimi onun işığına gəlirlər. Ona qismət olmayan bu qələbə ruhlu əsər həmkarları tərəfindən mütləq naxışlanacaq!..





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202