• cümə, 19 Aprel, 23:35
  • Baku Bakı 24°C

AZƏRBAYCAN RƏSSAMININ GÜRCÜSTAN UĞURU

28.03.16 10:49 1642
AZƏRBAYCAN RƏSSAMININ GÜRCÜSTAN UĞURU
Azərbaycan Rəssamlar İttifaqının sədri, respublikanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilovun Gürcüstanın paytaxtı Tbilisi şəhərində açılan fərdi sərgisi milli təsviri sənətimizin müasir uğurunu əyaniləşdirən bədii hadisə olmuşdur. Azərbaycanın Gürcüstandakı səfirliyinin, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşlarının, Tbilisi ictimaiyyətinin nümayəndələrinin və tanınmış sənət adamlarının açılışında iştirak etdiyi bu sərgi həm də iki qonşu ölkənin dostluğunun ifadəsinə çevrilmişdir.
Gürcüstan Milli Muzeyinin D.Şevardnadze adına qalereyasında baş tutan sərgini muzeyin direktoru David Lordkipanidze açmışdır. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov, Gürcüstandakı Rusiya Sərgi Mərkəzinin rəhbəri Leonid Bajenov və başqaları çıxış edərək Azərbaycanla Gürcüstan arasındakı dostluq və mədəni əlaqələrdən danışmış, Fərhad Xəlilov sənətinin özünəməxsusluğunu qeyd etmişlər. Bundan sonra açılışa toplaşanlar ekspozisiya ilə tanış olmuşlar. Qeyd edək ki, tamaşaçılar tərəfindən maraqla qarşılanan və retrospektiv xarakter daşıyan bu sərginin ekspozisiyasına rəssamın ayrı-ayrı illərdə çəkdiyi 40-a yaxın əsər daxil edilmişdir. Müxtəlif janrlarda çəkilmiş bu əsərlər müəllifin davamlı axtarışlarını əks etdirməklə, bu il anadan olmasının 70 illiyini qeyd edəcək xalq rəssamı Fərhad Xəlilovun yaradıcılığı haqqında tam təsəvvür yaradır.
Bu gün onun ərsəyə gətirdiklərində çoxlarına qəribə görünə biləcək ifadə sadəliyi də arxada qalan zaman kəsiyində rəssamın mütərəqqi dünya və milli bədii dəyərlərə analitik münasibətinin, bədii təfsirin görüntüləridir. Dəst-xəttində və bədii ifadə tutumunda dünyaya realist-gerçəkçi münasibətlə mücərrədçiliyin estetikasını ehtiva edən rəssam, bu iki təzadlı baxış-dəyərləndirmə arasında elə bir mərkəz-ortaq qovuşaq nöqtəsi tapmışdır ki, buradan görünənlər bilavasitə “Fərhad Xəlilov” baxışlarıdır. Əslində isə bu gün rəssamın tanınma nişanına çevrilən “sadəliyin fəlsəfəsi”, tutumuna görə milli rəssamlığımız üçün yeni olmaqla, həm də ənənə ilə müasirliyin vəhdətinin bədii görüntüsüdür. Rəssamın hələ ötən əsrin altmışıncı illərində formalaşan həyata özünəməxsus baxışı müstəqillik illərində bir qədər də dərinləşmiş, başqa sözlə desək, tamaşaçı üçün əsl fəlsəfi-düşündürücü qaynağa çevrilmişdir.
Doğrudan da, bu və sonrakı illərdə yaradacağı əsərləri ilə dahi sələfi Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinə gətirdiyi “fəlsəfi mənzərə”nin layiqli davamçısı olduğunu təsdiqləyən Fərhad Xəlilov rəssamlıq məkanına dünyaya fərdi və fərqli baxışı olan bir yaradıcının gəldiyini sərgilədi. Ən maraqlısı təcrübəli Səttar Bəhlulzadənin eyni - Abşeron motivlərində fəlsəfi tutumlu poetik-lirik çalarları, gənc Fərhad Xəlilovun isə sinəsi cadar-cadar olmuş torpağın bələndiyi sərtlikdə yadda qalan estetik qaynaqlar aşkarlaya bilməsi idi. Başqa sözlə desək, Səttarın yoxluğunda - bir qərinə sonra Fərhad Xəlilov da vəsf etməkdən usanmadığı Abşeron torpağında tamaşaçı düşüncələrini sınağa çəkəcək şərti-fəlsəfi qaynaqlar üzə çıxaracaqdı. Görünür bu həm də yaş və təcrübə ilə bağlı olan bir məsələ imiş.
Bu yerdə deyək ki, milli rəngkarlığımızın həm keçmiş SSRİ məkanında, həm də beynəlxalq miqyasda tanınmasında onun daxilində əsasən altmışıncı-yetmişinci illərdən başlayaraq böyük vüsət alan ideoloji və bədii üslub mübarizəsinin böyük rolu olub. Azərbaycanda bu prosesin təkanverici qüvvəsi sənət tariximizə “Abşeron məktəbi” adı ilə daxil olan rəssamlar qrupu olmuşdur. Qrupu müxtəlif yaşlı rəssamlar təşkil edirdilər. Onlardan biri də o zamanlar çox gənc olan Fərhad Xəlilov idi. Odur ki, gənc rəssamın qoynunda boya-başa çatdığı Abşeron təbiəti ilə bağlı əsərlərinin “Abşeronçu”ların dünya baxışına, ifadə estetikasına müvafiq gəldiyini də yəqin ki, təbii saymaq olar. Onun “Qədim tut ağacı” (1967), “Mərdəkanda yağış” (1967), “Görədil” (1967), “Dənizə gedən yol” (1965), “Mərdəkanda həyət” (1967), “Axşam düşür” (1972) və “Buzovnada qürub çağı” (1973-1974) adlı əsərləri sonralar onun əldə edəcəyi ciddi bədii nəticələrin başlanğıcı idi, desək, yanılmarıq. Az sonra rəssamın mənzərələri bir qədər detal-ayrıntı yığcamlığı və bədii şərhin şərtiliyi ilə seçilməyə başlayır. “Buzovna” (1983), “Bulud və dəniz” (1983), “Biçin” (1984), “(1985), “Talada bahar” (1984)”, “Meşədə işıq” (1984), “Kənd küçəsi” (1989) və “Günəşli gün” (1989) əsərlərində bunun, həm də kompozisiyaların lakonik-səthi rəng həlli ilə ifadəsini görmək mümkündür. Gənc rəssamın ifadə manerasındakı bədii-texniki improvizələr, rəngləri mənalandırmaq istedadı, onları əski mənəvi qaynaqlarımızın estetikası ilə qovuşdurmaq bacarığı son nəticədə ona gerçəklikdə müşahidə etdiklərinin adi gözlə belə görünən təsviri əvəzinə, onun düşündürücü-fəlsəfi obrazını yaratmağa imkan vermişdir. Artıq bu əsərlərdə sonralar mütəxəssislər tərəfindən “fəlsəfi mənzərə” adlandırılacaq həyatı dərkin və onun bədii şərhinin reallıqla irreallığın qovşağından “boylanan” işartılarını görmək mümkündür.
Rəssamın “Qələbənin baharı” (1985), “Qarabağ” (1993), “Bahar” (1997), “Zəmi” (1998), “Yerin naxışları” (2000), “Sahildə yay fəsli” (1984-2002) və s. əsərlərində yuxarıda vurğuldığımız bədii-estetik məziyyətlərin başlanğıcı mövcuddur, desək, yanılmarıq.
Həyatımızdakı çoxlarına adi görünən hadisə və süjetləri pafosdan uzaq təqdim etmələri ilə sovet dönəmində hamıdan fərqlənməyə bacaran “abşeronçu”ların o vaxt gənc təmsilçisi olan Fərhad Xəlilov, tədricən əsərlərində analitik tendensiyaları gücləmdirməklə, təbiətə və onun nemətlərinə, eləcə də onu ram edən insanlara münasibətinin duyğulandırıcı-düşündürücü bədii-estetik tutumda ifadəsinə üstünlük vermişdir. Elə əsərlərinin artıq yetmişinci illərin sonunda fəlsəfi qata bələnməsi də bunun göstəricisi idi. Bunlarla kifayətlənməyən rəssamın bütövlüyü ilə seçilən əsərlərinin emosional gərginlik daşıyıcısına çevrilməsini əldə etməsi də yaradıcılığının yeni bədii məziyyətlərlə zənginləşməsini şərtləndirmişdi. Hiss olunur ki, müəllifin tətbiq etdiyi bədii vasitələr görüntüyə gətirilən mənzərələrin müəyyən ovqatın daşıyıcısına çevrilməsinə xidmət edir.
Rəssamın səksəninci-doxsanıncı illərdə ərsəyə gətirilən əsərlərində kompozisiyaların epik tutumu, rənglərinsə dekorativ-lakonik tutum daşıması daha qabarıqdır. Başqa sözlə desək, o, rəngi artıq məkanın və əşyanın mahiyyəti kimi təqdim edir. Odur ki, süjetlər geniş yayılmış nəqliçilikdən uzaq olmaqla, daha çox ayrıntıların anım-assosiasiya yaratmaq gücünə tapınır, təqdim olunan rəngin rəmzi mahiyyət daşıdığına və təbiətdəki ritmlərin ovsunlayıcılığına tamaşaçısını inandırır.
Bu gün çağdaş milli rəngkarlığımızın aparıcı simalarından sayılan Fərhad Xəlilov, həmişəki kimi əsərlərində rəngin rəmzi ifadəliliyini və kətan səthinin cəlbedici faktura duyulanlığını qoruyub-saxlamağa çalışır. Fərhad Xəlilov son işlərində kolorit zərifliyini monumentallıq və forma möhtəşəmliyi ilə qovuşdurmaqla, fəlsəfi-düşündürücü məzmunla bələməsi heç şübhəsiz onun yüksək sənətkarlığının göstəricisidir. Onun dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilən əsərlərinin Tbilisidə rəğbətlə qarşılanması da bunun təsdiqidir...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər