“Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinə başlanılıb
Bakı Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi və Latviya
Ticarət və Sənaye Palatası tərəfindən həyata keçiriləcək "Azərbaycan
Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin
artırılması” layihəsinin icrasına başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə
İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin,
Latviyanın Azərbaycandakı Səfirliyinin, aidiyyəti qurumların nümayəndələri və
sahibkarlar iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət
başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli
istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat
verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə
siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye
müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü,
innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların
payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı
yüksəlib. Qeyri-neft sektorunun, o cümlədən emal
sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək
mexanizmləri tətbiq olunur. "Azərbaycan Respublikasında əsas qeyri-neft
sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrası da
ölkəmizdə emal sənayesinin inkişafına dəstək göstərəcək.
"Azərbaycan
Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin
artırılması” layihəsi barədə məlumat verən Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin əməkdaşı Jeroen Villems bildirib
ki, layihənin məqsədi Azərbaycan Respublikasında emal sənayesi
sahələrinin rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının
gücləndirilməsinə dəstək göstərilməsidir. Layihədə həmçinin, emal sənayesinin
bir sıra sahələrində professional biznes assosiasiyalarının yaradılması, emal sənayesinin
pilot sektorları ilə bağlı ilkin iqtisadi əsaslandırmanın həyata keçirilməsi nəzərdə
tutulur.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı
siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev özəl sektorun inkişafı istiqamətində
nəzərdə tutulan tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın
diversifikasiyası, rəqabət qabiliyyətliliyinin artırılması, istehlak mallarına
olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin
edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Latviya Respublikasının Azərbaycan
Respublikasındakı səfiri Juris Maklakovs Azərbaycan və Latviya arasında əlaqələrin
inkişaf etdiyini qeyd edib, "Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye
sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin Azərbaycanda emal sənayesinin
inkişafında əhəmiyyətli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın genişlənməsində
önəmli olacağını diqqətə çatdırıb.
Tədbirdə
layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr
aparılıb.