• cümə axşamı, 28 mart, 21:54
  • Baku Bakı 13°C

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il keçir

11.11.17 10:01 1762
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il keçir
"Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
22 il bundan öncə Azərbaycanın müasir dövlətçiliyinin tarixində müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu – Konstitusiyası qəbul edilib.
Azərbaycanın ilk müstəqil Konstitusiyası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Konstitusiyanın Preambulasında bəyan edilib ki, "Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək..., bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu əhəmiyyətli sənədi qəbul etdi. Konstitusiyanın qəbulu Azərbaycanda, həmçinin vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin layiqli həyat səviyyəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması üçün hərtərəfli zəmin yaratdı, ölkəmizin hüquqi, siyasi, iqtisadi və digər sahələrdə inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Yeni Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixən formalaşmış dövlətçilik ənənələrinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyanın tələblərinə cavab verən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, plüralizm əsasında siyasi sistemin və hüquq sisteminin inkişafı üçün möhkəm özülün yaradılması baxımından mühüm hadisə oldu.
Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də ictimai maraqların qorunması məqsədilə cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.
Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edir.
Konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminat, hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosial dövlət konsepsiyası ölkə Konstitusiyasında geniş əksini tapıb. Dövlətçiliyin Əsas Qanunu xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur. Konstitusiyada qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması müstəsna əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, azad cəmiyyətin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində durur. Hər bir demokratik cəmiyyətin əsas xüsusiyyətlərini insan hüquqları və azadlıqlarının tanınması və onların real təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin tərəqqisi yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi halda mümkündür. Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu əhəmiyyətli dəyərlərdən olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmlərinin geniş şəkildə təsbit edilməsi ölkə Konstitusiyasının ən mühüm nailiyyətlərindən biridir. Bu, həm də Azərbaycanın demokratiya ideallarına və bəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.
Konstitusiyanın ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquqlar və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulub. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının geniş siyahısı təsbit edilməklə yanaşı, həmin hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilib.
Məlum olduğu kimi, Konstitusiyanın əsas hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya məzmunu sabit olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan aktdır. Bununla belə, ictimai münasibətlərin inkişafı prosesi, müasir dünyada cəmiyyətdə və dövlətdə baş verən dəyişikliklər konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavələrin və dəyişikliklərin aparılmasını labüd edir. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişir. Bu baxımdan ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan hüquqları və azadlıqlarının daha səmərəli qorunması konstitusiya islahatlarının aparılmasını zəruri edib.
Məhz həmin zərurətdən irəli gələrək 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Konstitusiya islahatları Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə olunması məqsədlərinə xidmət edib.
Təsadüfi deyil ki, referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas qismi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edirdi. Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar insan hüquq və azadlıqlarının daha səmərəli üsul və vasitələrlə müdafiə olunmasını, insan hüquqlarının təminatlarının bütün növlərinin təkcə qanunvericilikdə təsbit olunmasına deyil, həm də praktiki cəhətdən gündəlik həyatda reallaşdırılmasına şərait yaratdı.
Onu da xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilmiş 2002-ci il referendumu nəticəsində Əsas Qanuna edilmiş dəyişikliklərdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu dəyişikliklərin məntiqi davamı olaraq 2004-cü il yanvarın 8-də "Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə Azərbaycanda ilk dəfə olaraq konstitusiya şikayəti institutunun tətbiqinə başlanılıb, eləcə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanı verilib. Bu gün Konstitusiya Məhkəməsinə verilən konstitusiya şikayətlərinin insan hüquq və azadlıqlarının müdafiəsinin ən faydalı və səmərəli mexanizmlərindən biri olduğunu əminliklə deyə bilərik. Belə ki, konstitusiya nəzarəti orqanına fərdi qaydada müraciət etmək imkanı insan hüquqlarına konstitusion səviyyədə riayət edilməsinin təminatının vacib vasitələrindən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Qeyd etmək yerinə düşər ki, referendum xalq hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli forması kimi demokratiyanın mühüm institutudur. Son referendumda əldə edilən nəticələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini nümayiş etdirdi.
Konstitusiyaya əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin olunmasına, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Yenə də Konstitusiya islahatlarının böyük bir qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı olub. Belə ki, cəmiyyət inkişaf etdikcə vətəndaşların ölkəmizin siyasi, iqtisadi və sosial həyatında iştirakı genişlənir və yeni məzmun qazanır. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təminat mexanizmlərinin də zamanın tələblərinə uyğun təkmilləşdirilməsi labüd olur.
Bu mənada Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edilməsi; 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatının gücləndirilməsi və digər mütərəqqi əlavə və dəyişikliklər xüsusi qeyd olunmalıdır. Dövlət orqanlarının vətəndaşlara, onların hüquqları və azadlıqlarının müdafiəsinə münasibətdə məsuliyyətinin artırılması, hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyi prinsipinin Konstitusiya normaları qismində təsbit edilməsi ölkəmizdə insan hüquqlarına və onların təmin olunmasına göstərilən yüksək diqqətin təzahürüdür.
Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsinin yeni redaksiyada verilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsi ilə yanaşı, inzibati qaydada da müdafiəsinə təminat verilməsi, hər kəsin işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququnun, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququnun təsbit edilməsi olduqca mütərəqqi əlavələrdir. Bu, ölkəmizdə insan hüquqları və azadlıqlarının daha səmərəli və təsirli müdafiəsini, bütövlükdə məhkəmə hakimiyyətinin daha effektiv fəaliyyətini təmin edəcək, mümkün süründürməçilik hallarının qarşısını alacaq Konstitusiyanın əhəmiyyətli normalarından biridir.
Azərbaycanda dövlət idarəçiliyi sisteminin daha da inkişafı məqsədilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkə Konstitusiyasının Preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlib. Xüsusilə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkəmiz qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir.
Əminliklə deyə bilərik ki, Konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, iqtisadi inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı Konstitusiyaya edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarından, habelə digər beynəlxalq çoxtərəfli müqavilələrdən irəli gələn İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur.
Xüsusi qeyd olunmalıdır ki, ölkə Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz universal, demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir. Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə və təkmil qanunvericilik bazasının formalaşdırılmasına da yol açıb.
Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamını xüsusi qeyd etmək lazımdır. Dövlətimizin başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək, dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha təsdiq edir. Həmin Sərəncamın icrasının təmin olunması ilə əlaqədar "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanaraq müzakirəyə təqdim edilib, Qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib və ətraflı təhlil olunub. Təqdim olunan Qanun layihəsində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ azadlığın məhdudlaşdırılması cəza növünün əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin olunmasının əsaslarının müəyyənləşdirilməsi işlərinin aparılması müsbət qiymətləndirilməlidir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi rəhbər kimi Azərbaycan xalqına verdiyi böyük töhfələrdən biri dövlətçilik tariximiz üçün yeni olan konstitusiya nəzarəti orqanının yaradılması və inkişafı olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Məhkəməmiz Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və ölkəmizin milli hüquq sisteminin inkişafına öz töhfəsini verir. Fəaliyyətə başladığı dövrdən Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquqlarının və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanıb.
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər bir hüquqi dövlətdə olduğu kimi, kifayət qədər geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri sırasında qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması, Konstitusiyanın və qanunların şərhi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi xüsusi yer tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların reallaşdırılması deməkdir.
Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb. Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 363 qərar və 90 qərardad qəbul edilib. Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.
Konstitusiya Məhkəməsi Plenumunun ən son qərarlarından biri olan "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarı Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilib. Həmin Qərarda Plenum mübahisələrin məhkəmə aidiyyəti məsələsinin qanunvericilikdə aydın və dəqiq göstərilməsinin insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından əhəmiyyətini vurğulayaraq qeyd edib ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icrasına nəzarət etmək vəzifəsini müəyyənləşdirir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyət yaradır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha vurğulayıb ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu "İcra haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarını mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlib ki, adıçəkilən Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti verib. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarəti təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin "İcra haqqında” Qanunun 20.2-ci, 20.4-cü və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edib. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.
Qeyd edilməlidir ki, Konstitusiyaya əsasən Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinin ayrılmaz hissəsi olaraq öz fəaliyyətini digər məhkəmələrlə sıx əməkdaşlıqda həyata keçirir. Məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsinə daxil olmuş müraciətlərdə hüquq tətbiqedici orqanlar üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulur. Həmin məsələlərə aydınlıq gətirilməsi, onların açıqlanması və yaxud rəsmi şərh edilməsi son nəticədə bir çox hallarda nəinki məhkəmələr üçün, eyni zamanda, hüquq mühafizə orqanlarının işi üçün praktiki əhəmiyyət daşıyır.
Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə qəbul edilmiş 2017-ci il 7 sentyabr tarixli Qərarında isə preyudisiya institutunun əhəmiyyəti vurğulanıb. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Qərarda vurğulanıb ki, preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarından biri də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilib. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında qeyd olunub ki, dövlət vətəndaşların iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaq, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli Qanunu qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb.
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilik normalarını təhlil edərək qeyd edib ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Əmanətçilər sığorta hadisəsi baş verəcəyi təqdirdə kompensasiyaların ödəniş şərtləri barədə əvvəlcədən məlumatlandırıldıqları üçün kompensasiyanın milli valyutada ödənilməsi onların konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, bank əmanəti müqaviləsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydası və şərtləri barədə müddəalar əks olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd edib ki, kompensasiyaların ödənilməsində milli valyutaya üstünlük verilməsi Azərbaycan Respublikasının pul vahidi olan manatın sabitliyinə nail olunmasını, onun alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən valyuta siyasəti ilə bağlıdır.
Vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı bir məqamı xüsusi vurğulamaq istərdik. "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli Qanunu ilə Mənzil Məcəlləsinə çoxmənzilli binaların idarə olunması qaydaları ilə bağlı əlavə və dəyişikliklər edilib. Həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli Fərmanı ilə çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsinin hazırlanması, çoxmənzilli binaların idarə olunması qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Həmin Fərmana əsasən, çoxmənzilli binaların idarə olunması qaydalarında, həmçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə (o cümlədən qeyri-yaşayış sahələri ilə yaşayış sahələri arasında fərqi müəyyən etməklə) haqqın müəyyən edilməsi; çoxmənzilli binaların idarə edilməsində yarana biləcək problemlərin təcili həlli məqsədilə, yaşayış sahəsinə görə yığılan haqqın müəyyən hissəsi əsasında ehtiyat fondun yaradılması və ondan istifadə; çoxmənzilli binaların idarə olunması çərçivəsində idarəedici subyektlər tərəfindən üçüncü şəxslərlə müqavilələrin (o cümlədən əmək müqavilələrinin) bağlanmasının çoxmənzilli binaların sahə mülkiyyətçiləri (sakinləri) ilə əvvəlcədən razılaşdırılması; çoxmənzilli binaların idarəedici subyektlərinin sahə mülkiyyətçilərinə (sakinlərə) vaxtaşırı hesabat verməsi; vəzifələrin icra edilməməsi və ya lazımınca icra olunmamasına görə çoxmənzilli binaların idarəedici subyektlərinin və sahə mülkiyyətçilərinin (sakinlərin) maddi məsuliyyəti və s. məsələlərin əksini tapması nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Fərmanı çoxmənzilli binalarda yaşayan şəxslərin hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, qeyd etmək istərdik ki, dövlətimizin başçısının Fərmanında təsbit edilmiş aktual məsələyə dair Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 2015-ci il 29 dekabr tarixli Qərarı qəbul olunub. Vətəndaşın konstitusiya şikayətinin əsas dəlili çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin mənzil qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməməsi ilə əlaqədar olub. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin müvafiq normalarının təhlilini apararaq qeyd edib ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı qərarda xüsusilə vurğulanıb ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməli, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd edib ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.
Konstitusiya Məhkəməsi, həmçinin konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının qabaqcıl məhkəmə təcrübəsi öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu, həm qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir, həm də Məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.
Qarşıdan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyini qeyd edəcək. Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsi Konstitusiyanın fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail olub.
Məhkəmənin fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən demokratikləşmə və quruculuq prosesləri nəticəsində mümkün olub. Əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik, hüquqi dövlətin ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi mexanizminin səmərəli elementinə çevrilib. Öz fəaliyyəti və qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini təmin edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir, hüquq sisteminin inkişafına töhfələr verir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiə edilməsi ilə ayrılmaz və sıx əlaqədədir. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhkəmənin 10 illik yubileyi, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi ilə bağlı göndərdiyi təbrik məktublarında Məhkəmənin fəaliyyətinə yüksək qiymət verilməsi, həmçinin etimadın nümayiş etdirilməsi hamımız üçün olduqca qürurvericidir.
Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz mənbəyini məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürür. Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradır.
Fərəh hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycan dövləti öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, infrastruktur və sosialyönümlü layihələr uğurla həyata keçirilir, insan kapitalı inkişaf etdirilir, xalqımızın rifahı yüksəlir. Ölkəmiz dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir və regionun lider dövləti kimi beynəlxalq miqyasda söz sahibinə çevrilir. Dünya birliyi Azərbaycanı sivil, tolerant, demokratik və açıq cəmiyyətə malik olan bir dövlət kimi tanıyır. Azərbaycan dövləti ümumbəşəri və multikultural dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq əzmini daim nümayiş etdirir. Bu gün sabitlikdən məhrum edilmiş dünyada əyani şahid olduğumuz bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın adları ilə bağlıdır.
Əminik ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu və hüquq sisteminin inkişafı prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra da töhfələr verməkdə davam edəcək.
Fürsətdən istifadə edərək əlamətdar bayramlar 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsi adından Azərbaycan vətəndaşlarını təbrik edir, xalqımıza xoşbəxt həyat və firavanlıq arzulayırıq.
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
banner

Oxşar Xəbərlər