• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

Azərbaycan regionun termal sağlamlıq mərkəzinə çevrilə bilər

18.12.13 14:31 1459
Azərbaycan regionun termal sağlamlıq mərkəzinə çevrilə bilər
Türkiyənin İstanbul, Ankara və Bursa şəhərlərinin həftə sonu Bakıda keçirdikləri sağlamlıq turizm sərgisi başa çatıb. Sağlamlıq turizminin və xəstəxanaların tanıtımına həsr olunan sərgi maraqla qarşılanıb. Bursa Sağlıq Turizmi Dərnəyinin rəhbəri və “Rommer” Fiziki Terapiya və Reablitasiya Mərkəzinin uzman həkim Metin Yurdakoş “Kaspi”yə müsahibəsində sağlamlıq turizmi ilə bağlı Azərbaycanla müəyyən əlaqələrin əldə ediləcəyinə inandığını bildirib.
- Sağlamlıq turizm sərgisini Bakıda keçirməkdə məqsəd nədir?

- Biz Türkiyədə ikən Azərbaycandan gələn insanlardan öyrəndik ki, burada xəstələr bəzi müalicə imkanlarından faydalana bilmirlər. Çünki çox bahalı və təhsil tələb olunan sahələrdə əməliyyatlar oluna bilmirlər. Bəzi iflic xəstələrinin, istər böyük, istərsə də kiçik insanlar olsun, müalicələrində bir çox çatışmazlıqların olduğunu eşitdik.
“Azərbaycandakı qardaş millətə bu istiqamətdə dəstək ola bilərikmi? Onlarla imkanlarımızı paylaşa bilərikmi?”- deyə düşündük. Türkiyə son 5-6 ildə bu istiqamətdə geniş texnologiyalar əldə edib və çox yüksək təhsil almış personala malikdir. Burada ehtiyacı olan insanları da bu imkanlardan faydalandırmağı düşünürük. Bu məqsədlə Bakıya gəldik və insanların çox mehriban olduğunu gördük. Doğrudan da bu istiqamətdə xəstələrin bəzi ehtiyacları olduğunu təsbit etdik. Bel, kürək, diz və s. ağrılar zamanı Türkiyənin və özəlliklə Bursa şəhərinin imkanlarından faydalanmalarının onlar üçün daha yaxşı ola biləcəyini zənn edirik. Bu mövzuda təsbitlərimiz, yaxşı əlaqələrimiz yarandı. Azərbaycandakı bəzi həkimlər və fizoterapistlər vasitəsilə müəyyən qisim xəstələri görmək imkanımız oldu. Düşünürük ki, həmin insanlara Bursadakı imkanları paylaşaraq müalicə istiqamətində yeni şanslar verilə bilər. Buna görə çox sevindik. İsti su müalicələrinin buradakı insanlara faydalı ola biləcəyini düşünürük. Azərbaycanda da isti suların, termalın olduğunu gördük. Bunların da daha müasir imkanlarla, müxtəlif iqlim şərtlərində istifadə edilməsi zamanı müxtəlif revmatizm xəstəliklərinə faydalı ola biləcəyini müşahidə etdik. Düşünürəm ki, Azərbaycan xalqı ilə ortaq mədəniyyətə sahiblik bu istiqamətdə əlaqələrin yaradılmasına kömək edəcək. Burada hər hansı bir sıxıntı yaşamadığımız, özümüzü vətənimizdə hiss etdiyimiz kimi, azərbaycanlılar da Bursada özlərini məmləkətlərindəki kimi hiss edəcəklər. Eşitdik ki, bəzi xəstələr müalicə üçün İsrailə, Almaniyaya və s. ölkələrə gedirlər. Avropadakı və Amerikadakı texnoloji təhsil imkanları ilə Türkiyənin hazırda əldə etdiyi təhsil imkanları arasında hər hansı bir fərq olmadığını sübut edən bir çox göstəricilər var. Məsələn, Almaniya artıq türk həkimlərini qəbul edərkən onları testdən keçirmir. Bu təhsil yetərli olduğuna görə Almaniyadakı türk həkimlər oradakı alman vətəndaşlarını müalicə edə bilirlər. Son illərdə Almaniya, Fransa, Hollandiya və bir sıra başqa Avropa ölkələrindən insanlar müalicə olunmaq üçün Türkiyəyə gəlirlər. Bunun üçün texnoloji imkanlar eynidir. Amma Türkiyə Azərbaycana daha yaxın ölkə sayıldığı, dil və mədəniyyət birliyinin böyük bir üstünlük olduğunu nəzərə alaraq buradakı insanlar üçün daha münasib şərtlər mümkündür. Məsələn, imkanların eyni keyfiyyətdə olmasına baxmayaraq, Avropadan gözlə görünə biləcək qədər qiymət fərqi var. Onun üçün ehtiyacı olan Azərbaycan vətəndaşları Bursaya gələcəkləri təqdirdə onlara kömək edəcəyik.
- Hazırda statistika nə göstərir, Azərbaycandan Bursaya gələnlər çoxdurmu?

- Əvvəllər Azərbaycandan Bursaya gələnlər demək olar ki, heç yox idi. Amma son illər gəlməyə başlayıblar. Səhv xatırlamıramsa, bu il ərzində 680 Azərbaycan vətəndaşı müalicə üçün gəlib və geri dönüb. Təbii ki, bu, çox aşağı rəqəmlərdir. Bursada müalicə olunmaq üçün geniş imkanlar var. Bursa şəhəri 2 milyon 500 min, ətrafında 4 milyon insanın yaşadığı yerdir. İstanbula dəniz yolu ilə 2 saatlıq məsafədə yerləşir. Ölkə xaricindən gələnlər üçün xüsusi paket proqramlar hazırlanıb. Xəstələri hava limanından qarşılayıb müalicə olunduqdan sonra yenidən geri qaytarmaq şərtləri də daxildir. Digər ölkələrə getməkdənsə, Bursaya gəlmələrinin onlar üçün daha üstün olacağını düşünürük.
- Hal-hazırda hansı müalicələr təklif edirsiniz?
- Bursanın önə çıxdığı əsas sahə isti su, fiziki müalicə və bərpadır. Beli, dizi, ayağı və s. ağrıyan insanlar müalicə olunur. Həm də iflic uşaqların və eyni xəstəliyə məruz qalan yaşlı insanların müalicəsi həyata keçirilir. Övlad arzusunda olan insanların uşaq sahibi olmasından ötrü texnoloji mərkəzlərimiz var. Ürək əməliyyatları, xərçəngin əməliyyatla və ya müalicə olunması, radioterapiya və s. kimi bütün istiqamətlərdə müayinə, müalicə və əməliyyatlar həyata keçirilir.
- Turizm sərgisini daha hanası ölkələrdə təşkil etmisiniz?

- Belə bir sərgini Fransada və Ukraynada keçirdik. Fransada bu cür imkanlar var. Amma insanlar çox növbə gözləyirlər. Ukrayna ilə Azərbaycanın bir-birinə yaxın şəraitdə olduğunu gördük. Coğrafi yaxınlığı da böyük bir üstünlük olaraq dəyərləndirdik və onun üçün Azərbaycana gədik. Biz digər türk dövlətləri içərisində Azərbaycanın sağlamlıq mərkəzi ola biləcəyini fikirləşirik. Çünki bir-birimizi çox asan başa düşürük. Türkiyədəki imkanlar azərbaycanlılar tərəfindən bəlli bir müddətdə istifadə olunarsa potensial bəlli olacaq. Bakı və Azərbaycanın başqa şəhərlərinə sərmayələr qoyularsa, Xəzər dənizinin şərqindəki və Orta Asiyaya qədər olan ölkələrdə, o cümlədən Azərbaycanın şimalında yaşayan insanları müalicə etməyin yararlı olacağını düşünürük. Çünki Azərbaycan sərmayə qoymaq üçün uyğun bir yerdir. Ölkənin siyasi sabitliyi var. İnsanları da öyrənməyə maraqlıdırlar. Təbii ki, bu ilk addımlardır. Bursadakı valilik, qeyri-hökumət təşkilatları və özəl sektorla birlikdə bura ilk dəfə gəlmişik. Bu qaynaşma olduğuna görə fikirləşirəm ki, Azərbaycan bu iş üçün çox yaxşı geostrateji yerdədir. İnşallah, bu iş birliyinin geniş şəkildə davam etməsinə ümid edirik.
- Siz termal suların üstünlüklərindən danışdınız. Sizin xidmətləriniz məsələn, Macarıstan, Sloveniya və termal sularla zəngin digər ölkələrdən nə ilə fərqlənir?

- Təbii ki, termal sular dünyanın bir çox yerlərində var. Türkiyə termal qaynaqlara görə dünyada yeddinci, Avropada 1-ci sıradadır. Macarıstan, Bolqarıstan kimi ölkələrdə də termal sular var. Ancaq gigiyenik baxımdan onlardan istifadə şərtləri lazımı səviyyədə deyil. Fransa və Almaniyada da isti su çox inkişaf edib. Onlarda gigiyenik şərtlər çox yaxşı, texnoloji imkanlar gözəldir. Ancaq qiymətlər çox bahadır. Hətta Türkiyədən 3-4 dəfə bahadır. Türkiyədə mövcud olan bu imkanlar və uyğun qiymətlər baxımından seçiləcək ölkələr sırasında birinci yerdədir. Dünyanın çox ölkələrində də isti sular var. İnkişaf etməkdə olan ölkələrdə də həmçinin. Onlar çox uyğun və ucuz qiymətlərlə də xidmət göstərirlər. Ancaq gərək tibbi müayinə yüksək olsun və sulara nəzarət edilsin. Yaxşı nəzarət olmazsa, insanlar fayda almaq əvəzinə zərər ala bilərlər. Bu yöndə Almaniya, Fransa və Türkiyə təhlükəsiz ölkələrdir. Nəzarətlər yüksək səviyyədə həyata keçirilir. Bu üzdən Türkiyədə son üç il üçün bu cür çalışmalar kəskin artmaqdadır. İlk illər Bursa üçün artım 50 faiz idisə, hazırda 70 faizdir. Xidmətin inkişaf etməsi üçün Türkiyə hökuməti, şəhər valiliyi və bələdiyyə də dəstəkləyir.
- Bakıdakı sərgi müddətində turizm şirkətləri ilə hansısa anlaşmalar əldə edildimi?

- Burada olduğumuz müddətdə Azərbaycanın iki turizm şirkəti bizdən təklif aldı. Amma yazılı bir anlaşma yoxdur, hələlik şifahi danışıqlardır. Azərbaycandakı turizm şirkətləri və ya xəstəxanalarla anlaşaraq bu mövzuda razılıqların əldə edilə biləcəyini düşünürük. Fərdi gəlişlər olarkən qiymətlər qabaqcadan deyiləcək ki, xəstələr gəlincə sürprizlə qarşılaşmasınlar. Əks təqdirdə onların xərclərini özümüz qarşılamalı olacağıq. Həm turizm şirkətləri, həm xəstəxanalarla görüşdə hansısa nəticələrin əldə ediləcəyinə inanırıq.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər