Azərbaycan regionlarının iqtisadi qüdrəti
Azərbaycan
Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı
sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların
inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət
proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə
bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft
sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial
infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin
və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və
yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Əcnəbilərin Azərbaycan bölgələrinə marağı
Ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın
diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü
ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün ölkə başçısının 2009-cu il
14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" təsdiq edilib. Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə
makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib,
sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi
əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynayıb. Regional
inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi
rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə 240 sərəncam imzalanıb. İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri
arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olub,
respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin
genişlənməsinə şərait yaradıb. Turizm ehtiyatlarından səmərəli istifadə
olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə
də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə
Prezident tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilib.
Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin,
istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin
istirahətinə geniş imkanlar yaradıb. Son illərdə 14-ü regionlarda olmaqla, 35
beş ulduzlu otel istifadəyə verilib və bu istiqamətdə işlər uğurla davam
etdirilir.
Dövlət regionların iqtisadi inkişafının təminatçısıdır
Dövlət
proqramlarının icra olunduğu müddətdə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən
qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə,
investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5
dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə
900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə
yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Bölgələrin
inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb
edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü
siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb. Proqramın
icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə,
makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı
infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında
və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqdadır.
Kəlbəcər, Laçın və Yuxarı Qarabağ ölkə
iqtisadiyyatının tərkib hissəsidir
Dövlət
Proqramının Tədbirlər Planında erməni işğalından azad ediləcək torpaqlarımıza
dair müddəalar da yer alıb. Göstərilir ki, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ
iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erməni işğalından azad
edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi
proqram hazırlanaraq həyata keçiriləcək. İndiyədək həyata keçirilmiş tədbirlər
nəticəsində ölkədə pambıqçılıq, fındıqçılıq, çuğundur, şərab istehsalı
artırılıb, nar, xurma bağları salınıb, çayçılıq əvvəlki illərlə müqayisədə
inkişaf etdirilib. Bundan başqa, baramaçılıq, tütünçülük kimi ixracyönümlü sahələrin
inkişaf etdirilməsi üçün bütün vasitələr səfərbər edilib. 37 rayonda inkişaf
etdirilən baramaçılıqda, 2017-ci ildə 120 ton, 2019-cu ildə isə 1300 tondan çox
yaş barama tədarük ediləcəyi planlaşdırılır. Eyni zamanda, tütün istehsalının
10 min tona çatdırılması qarşıya qoyulan məqsədlərdəndir. 2016-cı ildə Mingəçevirdə
təməli qoyulan 10-a yaxın zavod iplik və digər sahələr üzrə fəaliyyətə
başlayacaq. Bu, həm də yeni iş yerlərinin yaradılması deməkdir. Təkcə 150 minə
yaxın vətəndaşın pambıqçılıqda işləyəcəyi proqnozlaşdırılır.
Bundan başqa,
uğurlu iqtisadi siyasətin davamı olaraq, 2016-cı ilin avqustunda İsmayıllıda
"İsmabikes” Velosiped Zavodu fəaliyyətə başlayıb. Ölkə başçısının açılışında
iştirak etdiyi zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil
arabalarının istehsalıdır. Hazırda zavodda 30 nəfər işçi çalışır və onlar əsasən
İsmayıllı rayonundan olan gənclərdir. Yaxın iki il ərzində işçi sayının 100 nəfərə
çatdırılacağı planlaşdırılır. Zavod açılarkən 3 əsas modeldə velosiped istehsal
edib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərək
modellərin sayı 50-yə çatdırılıb. 2017-ci ilin iyul ayında zavod yeni modellərin
ictimai təqdimatını keçirib, hazır məhsulların satışına başlayıb.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli
istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Məmurlara səslənən
Prezident "Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri
daha çox almalarını tövsiyə edirəm” deyib. Məhz bu çıxışdan sonra Naxçıvan
Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobillərə maraq artıb. Hazırda
ümumi ərazisi 2,6 hektar təşkil edən zavodda 50 işçi çalışır.
Azərbaycanın regiondakı qüdrətinin təcəssümü - Bakı-Tibilisi-Qars
Ölkənin tranzit
potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir
yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat
dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.
Məhz 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə
verilib. Regionda ən böyük nəqliyyat layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan,Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilivə digər
dost ölkələrin rəsmi nümayəndələri iştirak edib. BTQ dəhlizi üzrə yük
daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır.
İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər
sərnişin daşınacaq. Bu layihə reallaşdırılandan sonra yüklər Londondan maneəsiz
şəkildə Pekinə göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə
yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq.
Regionlarda nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət
Dövlət
Proqramlarının icrası çərçivəsində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli
avtomobil yolları, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilib və ya təmir
edilib, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava
limanları istifadəyə verilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə
olunması məqsədilə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb.
Regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə,
o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin
tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli
dövlət investisiyaları yönəldilib. Burada əsas məqsədi ölkədə qeyri-neft
sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli
inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin
inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da
yaxşılaşdırılmasıdır. 2014-2018-ci illərdə səhiyyə sahəsində qarşıya qoyulan əsas
məqsədlər regionlarda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhaliyə göstərilən
tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi olacaqdır. Regionlarda səhiyyənin
maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı
təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi
işləri davam etdiriləcək.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün
regionlarda əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin
daha da yaxşılaşdırılması, mütəxəssislərin bilik və bacarıqlarının daim
artırılması sahəsində müvafiq tədbirlərin davam etdirilməsi; regionlarda əhalinin
sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi,
tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə
tibb sənayesi müəssisələrinin yaradılmasının dəstəklənməsi və s. daxildir. Tədbirlər
çərçivəsində ucqar rayon və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət
xidmətləri şəbəkəsinin genişləndirilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi,
asudə vaxtın səmərəli təşkili sahəsində bədən tərbiyəsinin və idmanın rolunun
artırılması üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub. Qarşıdakı illərdə
regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin
daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası
və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi
üzrə müvafiq tədbirlər davam etdiriləcək. Dövlət Proqramında qeyd olunan
istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkə
regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail
olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında
mühüm rol oynayacaq.
Gülşən Raufqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçündür