AZE | RUS | ENG |

“Azərbaycan regionda qızıl körpüdür”

“Azərbaycan regionda qızıl körpüdür”
Ekspertlər hesab edir ki, Rusiya və NATO generallarının görüş yeri kimi yenidən Bakını seçməsi ölkəmizin müstəqil, balanslı xarici siyasəti ilə əlaqədardır

Xarici kütləvi informasiya vasitələrinin ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən yaydığı məlumata görə, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə 2018-ci ilin yanvar ayında Bakıda görüşəcək. Məlumatda o da qeyd edilib ki, bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq. Beləliklə də 2018-ci ilin yanvar ayında paytaxt şəhərimiz NATO və Rusiya generallarının daha bir görüşünün yeri kimi tarixə düşəcək. Qeyd edək ki, bu formatda görüşlər ötən il də məhz Bakıda keçirilib. Belə ki, 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford paytaxtımızda bir araya gəliblər. Həmin görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. General C.Danford və ordu generalı V.Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. 

Ötən il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda yenidən görüşüblər. Generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. V.Gerasimov və P.Pavel Bakıda olduqları müddətdə rəhbərlik etdikləri nümayəndə heyətləri ilə ayrı-ayrılıqda Azərbaycan Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla da görüşüblər. Qonaqlar ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. 
 
 

Göründüyü kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanı, böyük gücləri, fərqli qütbləri narahat edən, düşündürən problemlər ətrafında fikir mübadiləsi, müzakirələr aparılması üçün ən ideal məkan kimi qəbul edilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə bildirib ki, Azərbaycan inkişaf etdikcə, dünya dövlətləri arasında nüfuzu daha da artdıqca, paytaxt Bakı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin keçirildiyi məkana çevrilir. Onun sözlərinə görə, bunun bir səbəbi də Azərbaycanın dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlar, eləcə də hərbi birlik və bloklarla səmimi münasibətlər formalaşdırmasıdır. Deputat deyib ki, Azərbaycan beynəlxalq aləmdə sabit ölkə, etibarlı tərəfdaş kimi tanınır: "Azərbaycan müstəqil siyasət həyata keçirir, işğalçı Ermənistan kimi riyakarlıq etmir. Ermənistan Rusiyanın nəzarətindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunduğu halda Qərblə, NATO ilə ikili oyunlar oynayır. Yaxud Ermənistan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” layihəsində iştirakçı olduğu halda, birdən-birə Rusiya ilə müştərək ordu qurur. Azərbaycan isə müstəqil, qarşılıqlı maraqlara, bərabərhüquqlu münasibətlərə söykənən siyasət yeridir. İşğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə balanslı, səmimi münasibətlər qurur. Azərbaycan diplomatiyada riyakarlıq etmir. Təbii olaraq, Azərbaycan milli-dövlətçilik maraqlarını üstün tutur. Lakin bunu edərkən digər dövlətlərin maraqlarına da hörmətlə yanaşır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan olduqca strateji coğrafi məkanda yerləşir. Onun fikrincə, bu regionda böyük güclərin maraqları toqquşur: "Bu bölgə dünyanın qəlbi adlandırılır. Azərbaycan isə bu regionda qızıl körpüdür. Bunun rəmzi mənası var. Digər tərəfdən, Azərbaycanın təşəbbüskarlığı ilə regionda böyük layihələr reallaşdırılır. Şimal-Cənub, Qərb-Şərq dəhlizləri Azərbaycandan keçir, Xəzərin karbohidrogen ehtiyatları ölkəmiz üzərindən beynəlxalq bazarlara çıxarılır, Azərbaycan tranzit ölkə kimi nüfuz qazanır. Beynəlxalq miqyaslı bu layihələr fonunda Azərbaycanın adı hər zaman hörmətlə çəkilir. Bu kimi amillərdən irəli gələrək, dünyanın iki böyük hərbi gücü qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparmaq üçün məhz Bakını seçirlər. Belə görüşlərin Dağlıq Qarabağ problemi yaşayan Azərbaycanın paytaxtında keçirilməsi münaqişə zonasında ədalətli status-kvonun yaranması, asayişin, sabitliyin, əmin-amanlığın bərpa olunması üçün çağırışdır. Bu da Azərbaycanın uğurlu diplomatiyasından, böyük uzaqgörənliklə reallaşdırılan xarici siyasətindən qaynaqlanır. Xüsusən də bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Generalların Bakıda keçiriləcək görüşü böyük güclərin, dünyanın aparıcı dövlət rəhbərlərinin Azərbaycan Prezidentinə olan hörmətinin, Cənab İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Bütün bunları ümumiləşdirərək, generallar Kertis Skaparroti və Valeri Gerasimovun Bakıda görüşməsini əhəmiyyətli hadisə kimi qiymətləndirirəm”.
 
 

Sabiq təhlükəsizlik zabiti, hərbi ekspert Arzu Nağıyev də generalların Bakı görüşünün bir neçə məqam üzrə böyük əhəmiyyət daşıdığını söyləyib. Onun qənaətinə görə, indiyə qədər keçirilən analoji görüşlərin yüksək təhlükəsizlik səviyyəsində baş tutması, növbəti görüş üçün də Bakının seçilməsinə səbəb olub: "Azərbaycanın müstəqil siyasət yürütməsi, dövlət olaraq heç bir hərbi blokda təmsil olunmaması da generalların 3-cü görüşünün Bakıda keçirilməsinə səbəb olan amillərdəndir. Balanslı, müstəqil xarici siyasət kursuna görə Azərbaycanın mövqeyi həm Rusiya, həm də ABŞ – NATO tərəfindən dəstəklənir. Digər tərəfdən, Azərbaycan indiyə qədər çoxsaylı beynəlxalq tədbirlərə, rəsmi görüşlərə ən yüksək səviyyədə ev sahibliyi edib. Bu sahədə ölkəmizin zəngin təcrübəsi formalaşıb. Ona görə də beynəlxalq əhəmiyyət daşıyan görüşlər üçün də məhz Azərbaycanın, onun paytaxt şəhəri Bakı seçilir. Bununla yanaşı, generalların görüşündə müzakirə olunan məsələlər regionumuzdan çox da uzaqla əlaqəli deyil. Cənubi Qafqaz və Suriya problemləri, beynəlxalq terrorizmlə mübarizə və sair məsələlər regionun lider dövləti Azərbaycanla da bağlıdır. Qeyd edilən ərazilər ölkəmizə yaxındır. Ən nəhayət, heç kimə sirr deyil ki, belə görüşlərin keçiriləcəyi məkan olaraq nə Ermənistan, nə də Gürcüstan seçilə bilməzdi. Gürcüstan NATO-ya, Ermənistan Rusiyaya bağlı dövlətdir. Bütün bunlar nəzərə alınaraq, Bakı ən mühüm müstəvi, neytral, sabit məkan kimi qəbul edilir. Bunun qayəsində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslı siyasət dayanır”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000