AZE | RUS | ENG |

Azərbaycan “qoca qitəni” asılılıqdan qurtarır

Azərbaycan “qoca qitəni” asılılıqdan qurtarır
Ekspertlərin fikrincə, Cənub Qaz Dəhlizi Azərbaycanla Avropa İttifaqı arasında yüksək əməkdaşlığın bariz nümunəsidir

Ötən gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan prezidenti bildirib ki, Cənub Qaz Dəhlizi vaxtında atılmış və müdrik addımdır.
Qeyd edək ki, bu layihə ilə bağlı 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanıb. Son 4 ildə Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilib. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. İndiyədək bu layihənin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. Bu layihənin əhəmiyyəti barədə isə ekspertlərə müraciət etdik.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, Cənub Qaz Dəhlizi regionun ən böyük qaz ixracı layihəsidir: "Eyni zamanda "Şahdəniz”dən hasil olunan qaz və və həmçinin onun həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi məna daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrinə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcəkdir. Bu baxımdan layihənin işə düşməsi ilə "Şahdəniz-2” layihəsi, eyni zamanda Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. TANAP layihəsinin də bu günlərdə işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatıdırılması nəzərdə tutulur. Layihə çərçivəsində elə planlaşdırılıb ki, sonradan onun ixrac həcmini iki dəfəyə yaxın artırmaq mümkündür”.
T.Mirkişili əlavə etdi ki, TAP layihəsinin illik ixrac həcmi 30 milyard kub metrdir: "Eyni zamanda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ilə ilkin olaraq 20 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı planlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin açılışı həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı arasında yüksək əməkdaşlığın bariz nümunəsidir”.     
İqtisadçı Vüqar Bayramov bildirdi ki, Cənub Qaz Dəhlizi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək: "Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) "Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq.
Azərbaycan artıq öz qazını Rusiyadan kənar birbaşa Avropa bazarına çıxara biləcək: "Dəhlizin reallaşmasından qazanan tərəflər, həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi” edəcək. Qardaş ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Bu mənada Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. Qeyd edək ki, bu gün "Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir”.
V.Bayramov vurğuladı ki, dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq: "Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu o deməkdir ki, "Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa İttifaqı göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan isə daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq”.
 
Bəxtiyar MƏMMƏDLİ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN