• şənbə, 20 Aprel, 13:14
  • Baku Bakı 23°C

Azərbaycan Qərblə münasibətlərini bərpa etməyi bacardı

10.06.16 11:37 2521
Azərbaycan Qərblə münasibətlərini bərpa etməyi bacardı
Bu günlərdə Azərbaycan Prezidentinin Almaniyaya səfəri olub. Dövlət başçısı Almaniya siyasi və biznes elitasına daxil olan mühüm şəxslərlə, o cümlədən Federal Kansler Angela Merkellə görüşüb, Azərbaycan-Almaniya İqtisadi Forumunun işində iştirak edib. Bu səfərdən öncə isə paytaxt Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçirilib. Bu münasibətlə həm ABŞ Prezidenti Barak Obama, həm də Böyük Britaniyanın baş naziri Devid Kameron təbrik məktubu göndərib. Məktublarda ölkələrimiz arasındakı münasibətlərin inkişafının, qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rolunun əhəmiyyəti vurğulanıb. Bunlarla yanaşı, Azərbaycan Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə də əlaqələrini inkişaf etdirir. Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərini daha da yaxşılaşdırması, dövlət başçısı İ.Əliyevin Almaniya səfəri, Azərbaycanın iştirakı ilə regionda böyük iqtisadi layihələrin reallaşması və sair mövzularla bağlı "Kaspi”nin suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə cavablandırır.
- Asim bəy, son vaxtlar Azərbaycanın Qərblə münasibətləri daha yaxın əməkdaşlıq və tərəfdaşlıq müstəvisinə keçib.
- Azərbaycan Qərb dövlətləri, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri ilə hər zaman normal əməkdaşlıq münasibətləri qurmaqda maraqlı olub. Sadəcə, bir sıra Qərb ölkələrində çox yüksək səviyyədə təşkilatlanmış erməni diaspor təşkilatları, həmçinin onların arxasında dayanan qüvvələr Azərbaycana qarşı təbliğat, ölkəmiz əleyhinə informasiya müharibəsi aparmağa başlamışdılar. Həmin dairələrin təsiri altında olan siyasətçilər və media qurumları vasitəsilə Azərbaycan əleyhinə şər-böhtan xarakterli məlumatlar ictimailəşdirilirdi. Bununla onlar Azərbaycanın Qərblə münasibətlərinə xələl gətirməyə, Azərbaycanı Qərbdən ayırmağa, bir növ ölkəmizi beynəlxalq aləmdən izolyasiya etməyə çalışırdılar. Onlar Azərbaycanı barbar müsəlman-türk dövləti kimi qələmə verib Ermənistanın işğalçılıq siyasətinə, həmçinin Dağlıq Qarabağın "müstəqilliyinə” bəraət qazandırmaq istəyirdilər. Çalışırdılar ki, işğalçılıq siyasəti nəticəsində törətdikləri əməllərə hüquqi don geyindirsinlər. Lakin Azərbaycan hərtərəfli fəaliyyəti, düzgün xarici siyasəti, diplomatik addımları ilə ölkəmiz əleyhinə yönələn bu informasiya müharibəsini dəf edə bildi. Belə vəziyyətdə Qərb də öz maraqlarını daha yaxşı anlamağa başladı. Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək üçün həm ABŞ-da, həm də Avropa İttifaqı ölkələrində müəyyən proseslər başladı. Bütün bunları ətraflı təhlil etsək, ermənipərəst qüvvələrin bizə qarşı həyata keçirdikləri informasiya müharibəsində Azərbaycanın qələbə qazandığını əminliklə deyə bilərik. Nəticə etibarilə Azərbaycan Qərblə münasibətlərini sağlam formada bərpa edə bildi.
- Qərb dövlətlərinin Azərbaycanla münasibətlərini bu cür inkişaf etdirməsinin arxasında hansısa konkret maraqlar dayana bilərmi?
- Burada bir neçə istiqamət üzrə maraqlar var. Birincisi, Azərbaycanın antiterror koalisiyasında ABŞ və NATO dövlətləri ilə birlikdə fəal iştirak etməsidir. Azərbaycan özü terrordan əziyyət çəkmiş ölkə kimi terrorla mübarizədə əməkdaşlıq etdiyi dövlətlərə öz dəstəyini verib. Təhlükəsizlik sferasında olan bu əməkdaşlıq olduqca önəmlidir. Bununla yanaşı, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Buna Avropanı enerji təminatı baxımından monopoliyada, özündən asılı vəziyyətdə saxlamaq istəyən dövlətlər qısqanclıqla yanaşırdılar. Azərbaycan öz xarici siyasəti ilə bu balansı da təmin edə, münasibətləri inkişaf etdirə bildi. Digər tərəfdən, Azərbaycanın mühüm strateji addımlarından biri Şərqlə Qərbin arasında tarixi İpək Yolu layihəsinin bərpa edilməsi istiqamətində gördüyü işlərdir. Ölkəmizin fədakarlığı, çoxsaylı investisiyaların bu layihəyə cəlb edilməsi nəticəsində artıq bu nəqliyyat dəhlizi formalaşmaqdadır. Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə digər bir səbəb də xalqımızın əsrlərdən bəri qoruyub saxladığı dəyərlərdir, sivilizasiyaların bir-birinə qarşılıqlı hörməti, birgə yaşayışıdır. Burada fərqli dinlərin, fərqli etnik qurumların təmsilçiləri bir ailə kimi mehriban şəraitdə yaşayırlar. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Dünyanın bir sıra yerlərində ksenofobiya, antiseminitizm, islamofobiya artdığı bir halda, Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin, etnik qrupların nümayəndələri birgə, dinc, qarşılıqlı hörmət əsasında yaşaya bilirlər. Azərbaycanın bu sahədəki təcrübəsini bölüşməsi bir sıra Qərb ölkələri tərəfindən də ciddi qarşılanır. Bundan əlavə, Azərbaycan Şərq-Qərb dəhlizi ilə kifayətlənmir, eyni zamanda Şimal-Cənub istiqamətində də nəqliyyat dəhlizinin formalaşmasına çalışır. İran-Azərbaycan-Rusiya dəhlizinin də yaradılması ilə Azərbaycan nəqliyyat mərkəzinə çevrilir, tranzit ölkə kimi əhəmiyyətini bir qədər də artırır. Biz tərəfdaşlığı və əməkdaşlığı ön plana çıxaran ölkəyik. Azərbaycan mövcud olduğu bölgənin tarixi savaşlar, gərginliklər mərkəzinə çevrilməsində maraqlı deyil. Biz bu regionda hamının ümumi marağının formalaşmasının və bu kontekstdə əməkdaşlığın tərəfdarıyıq.
- Bu günlərdə Azərbaycan Prezidenti İ.Əliyevin Almaniyaya səfəri oldu. Bu səfəri və orada keçirilən görüşləri, aparılan müzakirələri necə qiymətləndirirsiniz?
- Bu səfəri yüksək qiymətləndirirəm. Nəzərə alsaq ki, Almaniya ATƏT-ə sədrlik edən ölkədir, Azərbaycan Prezidenti bu səfər çərçivəsində ölkəmizin həqiqətlərini, Dağlıq Qarabağ probleminin həlli prinsiplərini, Ermənistanın qeyri-konstruktiv, işğalçı siyasətini Avropaya çatdıra bildi. Bununla bərabər, Azərbaycan Prezidenti keçirdiyi görüşlərdə ölkəmizin Avropa İttifaqı ölkələri ilə iqtisadi-ticari sahədə əməkdaşlıq imkanlarını da diqqətə çatdırdı. Biz iqtisadiyyatımızın şaxələndirilməsində, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsində, xarici sərmayələrin cəlb olunmasında Almaniyanı, eləcə də digər Avropa İttifaqı ölkələrini ciddi tərəfdaş kimi görürük.
- Azərbaycan Prezidentinin Almaniya səfərində Federal Kansler A.Merkel Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynadığını diqqətə çatdırdı. Sizcə, ATƏT-ə sədrlik edən dövlətin rəsmi şəxsinin bu cür açıqlaması nəyə işarədir?
- Bu açıqlamanın arxasında Almaniya ilə Rusiyanın xüsusi münasibətləri dayanır. Bir sıra Avropa ölkələri, NATO dövlətlərindən fərqli olaraq, Almaniyanın Rusiya ilə çox ciddi iqtisadi və siyasi münasibətləri var. Angela Merkelin qeyd edilən açıqlaması da məhz Rusiya-Almaniya münasibətlərinin sıx çərçivədə olmasından qaynaqlanır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər