• cümə, 19 Aprel, 11:13
  • Baku Bakı 13°C

Azərbaycan qədimliyin və müasirliyin qovşağıdır - Əcnəbi

02.02.18 12:30 2255
Azərbaycan qədimliyin və müasirliyin qovşağıdır - Əcnəbi
"Həyat yoldaşımın işi burada olduğu üçün, Azərbaycana gəlməli olduq. Düzünü deyim, ölkəni tanımadığıma görə, Azərbaycana gedəcəyimi biləndə sevinmədim. Ancaq ölkənizi gəlib gördükdən sonra sürprizlə qarşılaşdım. Azərbaycan mənim üçün sürpriz ölkədir. Təsəvvürümdə canlandırdığımdan tam fərqli ölkə ilə rastlaşdım”.

Bu sözləri bizimlə söhbətində Braziliyanın fransız əsilli vətəndaşı, Daiana Oliveira Simönel dedi. O Azərbaycanda fəaliyyət göstərən "Bakool Arts” Mədəniyyət Mübadiləsi Festivalı və Cənubi Amerika, Avropa, Karib, Xəzər dənizi bölgələrində gerçəkləşdirilən "KveArt” festivalının mədəni bədii rəhbəridir.

Əcnəbi müsahibimiz özünü temperamentli, coşqulu biri kimi təqdim edir. Deyir ki, bir şeyi sadəcə xoşlamaqla qəbul edib, yaşaya bilməz, gərək ona xüsusi sevgisi olsun. Elə həyat yoldaşına bəslədiyi sevgi kimi: "Həyat yoldaşıma olan sevgim məni yaşadan ən mühüm səbəblərdəndir. O, hər zaman mənə yoldaş, dost olub. Artıq 11 ildir ki, bütün həyatımın sevgisidir”.
"İnsan hər şeydən əvvəl həyatın özünü sevməlidir”
Daiana futbol oynamağı, əyləncə mərasimlərini sevir. Onun fikrincə, insan hər şeydən əvvəl həyatın özünü sevməlidir. Ayrı-ayrı ölkələrə səfərlər etməyə və yeni dostlar qazanmaq üçün fərqli mədəniyyətlər öyrənməyə istəkli olan həmsöhbətimizi Azərbaycanda təəccübləndirən şeylər çoxdur. Bunları bir müsahibəyə sığışdırmağın mümkün olmadığını deyən Daiana, Azərbaycanın həm qədimiliyin, həm də müasirliyin qovşağı olduğunu qeyd edir: "Sən şəhərin küçələrində gəzərkən, eyni yerdə həm müasir, həm də qədim Bakını, tarixi binaları görə bilərsən. Azərbaycanın uzun saçlı, şirin səsi olan qadınlarının gözəlliyini xoşlayıram. Onların güclü xarakteri sosial həyatda rollarına kömək edir. Mən çox şadam ki, bu ölkədə qadın hüquqları qorunur və bir çox təşkilatlarda qadın hüquqları barədə hamı xəbərdardır”.

"Parisdəki brendlər Bakıda da var”
Dəbli geyinməyi sevən Daiana Bakıda da əsasən dəblə, brend markaların dükanları ilə çox maraqlanır: "Xoşladığı brend markaların Bakıda olması onu təəccübləndirib: "Mən Parisdə olanda geyindiyim brendləri burada tapanda çox sevindim. Dostlarım inana bilmir ki, bu geyimləri haradan tapmışam. Şəhərdən kənara çıxmaq, Şahdağa, Qubaya getmək şanslarım da olub. Azərbaycan möhtəşəmdir, landşaftı möcüzədir”.
"Azərbaycanlılar mənə çox maraqlı gəlir”
Daiana üçün Azərbaycanda ən maraqlı olan insanlarımızdır. Deyir ki, əgər bu ölkəyə ürək açıqlığı və insanların mədəniyyətini anlayaraq, ona hörmət edərək gəlirsənsə, gələcəkdə uşaqlarına, nəvələrinə danışa biləcəyin, danışanda üzündə gülüş yaradan, gözlərini parladan çox inanılmaz xatirələrin ola bilər: "Yox, əgər, bura gəlib də, ancaq öz mədəniyyətini təbliğ etməyə çalışsan, onda sənə burda yaşamaq xoş olmayacaq. Bəzən Azərbaycanlının ingilis dilində danışa bilməməyindən şikayət edən əcnəbilər görəndə əsəbiləşirəm, bu cür şeylər qanımı qaraldır. Biz burda qonağıq. Azərbaycan əhalisi çox yaxşıdır, onlardan bəziləri heç vaxt ölkədən kənara çıxmayıb, Avropaya, Amerikaya və digər ölkələr səfər etməyə şansları olmayıb. Ona görə, Azərbaycan dili onların bildiyi tək dildir. Ancaq azərbaycanlılar ingilis dilini çox yaxşı, ya heç bilməsə də, əcnəbilərlə ünsiyyət qurmaq və onları anlaya bilmək üçün çox şey edir, çalışırlar. Mənim çox maraqlı zənn etdiyim, bu ölkənin adamlarıdır”.

"Azərbaycan mətbəxinə görə hər gün idman edirəm”
Daiana yerli mətbəximizdən daha çox piti, balqabaq, plov, qutab və dovğanı çox xoşladığını deyir: "Bütün dostlarıma demişəm ki, hər gün idman etməyimin səbəbi Azərbaycan mətbəxidir”. Azərbaycan musiqisinin fərqli olduğunu deyən həmsöhbətimiz "Əhmədovski” trio orkestrasını oktyabrda Braziliyaya aparmaq istəyir: "İnanıram ki, biz birlikdə mədəniyyət sahəsində işləyə bilərik. Mən bu qrupu tam anlamı ilə sevdim, onlar nəzakətli və eyni zamanda unikaldır. Azərbaycan bu musiqiçilərlə fəxr etməlidir və biz onları xaricdə tanıtdırmalıyıq.
Azərbaycansayağı çay içmək istədim, az qala dişim sındı...
Daiana burda başına gələn maraqlı hadisələri də bölüşür: "Azərbaycana bir həftə olardı ki, gəlmişdik. Bir iş adamı bizi nahara dəvət etmişdi. Məkana çatanda süfrəni görüb şok oldum. Süfrə o qədər bol idi ki... Hətta düşündüm ki, bişirilən o qədər yeməklə balaca bir ölkənin əhalisini doyuzdurmaq olar. Çox zəngin. Ancaq bir şeyə məyus oldum. Hər bir dəqiqədən bir kimsə tost deyir. Ağzıma nə isə aparmaq istəyəndə, kimsə sağlıq demək istəyirdi. Və nəhayətində, mən balqabaq qutabını düz 45 dəqiqəyə yeyib qurtara bildim. Başqa maraqlı bir əhvalat da danışım. Azərbaycanlılar çayı qəndlə içir. Bunu bura gələndə öyrəndim. Mən də ilk dəfə azərbaycanlısayaq çay içmək istədim. Sən demə, azərbaycanlılar qəndin əvvəlcə ağızda islanmasını gözləyir, sonra dişləyir. Mən bilmədim, ilk dəfədən dişlədim. Dişim sındı. Dostum qayıtdı ki, Daiana nə edirsən? Dedim, azərbaycanlılar kimi çay içirəm. Düz 30 dəqiqə mənə güldü. Artıq 6 aydır ki, sizin kimi çay içirəm.
Geyim dükanlarında satıcı qızlar tez-tez qapını döyür ki...
Daiana ölkəmizi bəyənib, sevsə də, bəyənmədiyi bəzi şeylər də var. Elə özü rahatlıqla bizə etiraf edir: "Sevmədiyim şeylər var, bəli. Əvvəla, sürücülərə demək istəyirəm ki, zəhmət olmasa, maşınınızı səliqəli park edin. Geyim dükanlarında satıcı qızlar müştəri geyimi dəyişəndə, tez-tez gəlib qapını açıb soruşur ki, nə isə kömək lazımdır? Bunu heç xoşlamıram. Bir neçə dəfə hələ alt paltarında yaxalanmışam. Klub və restoranlarda çox siqaret çəkirlər, içəridə nəfəs almaq olmur və üstümüz tüstü olur”.

"Müxtəlif coğrafiyalar arasında körpü yaradacağıq”
Müsahibimiz Bakıda bir sıra mədəni tədbirlərin təşkilində aktivdir: "Bekar oturmağı sevmirəm. Burda bəzi layihələr gerçəkləşdirirəm. Əsasən, mədəniyyətyönlü tədbirlərdir. Bakıda ilk dəfə Mədəniyyət Mübadiləsi Festivalı olan "Bakool Arts” festivalı keçirtməyə şansım oldu. Festivalın beynəlxalq incəsənət məsləhətçisiyəm. Tədbir Braziliya səfirliyi, Milli Turizm Təbliğat Bürosu, "Arts Council Azərbaycan”ın, argentinalı prodüser, incəsənət məsləhətçisi Carolina del Catsillonun təşkilatçılığı ilə gerçəkləşib. Festival sərhəd tanımayan incəsənətin nümayişinə həsr olunub. Bu işdə məqsəd Azərbaycanda fərqli incəsənəti nümayiş etdirməkdir. Bu tədbir həmçinin, müxtəlif coğrafiya arasında körpü yaratmaq üçün mühüm bir addımdır. Bu festivalla Bakıda fərqli incəsənət sahələrinin təqdimatını keçiririk. Mədəniyyətimiz müxtəlif olsa da, incəsənətdə bu özünü göstərmir. Festivalda hər biri müasir yaradıcılıq üslublarında çıxış edən yeni musiqiçilər iştirak edib. Tədbirdə 2018-ci ildə Braziliyanın "Prosa Sonora” festivalında iştirakı üçün azərbaycanlı musiqiçi seçilib. İndi Carolina ilə bu festivalın ikinci versiyasını təşkil etməyə çalışırıq. Bu istiqamətdə işləyirik. İkinci versiya fərqli olacaq. Festivalda musiqi, rəqslər, tolerantlıq mövzusunda sərgilər olacaq. Yaxın zamanlarda bu barədə məlumat verəcəyik”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər