• çərşənbə axşamı, 19 mart, 07:48
  • Baku Bakı 8°C

Azərbaycan qazı Transanadolu qaz kəməri ilə Avropaya çatdırılacaq

25.06.18 13:20 703
Azərbaycan qazı Transanadolu qaz kəməri ilə Avropaya çatdırılacaq
2018-ci il iyunun 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyənin mərkəzində yerləşən Əskişəhirdə Transanadolu qaz kəmərinin (TANAP) açılışını ediblər.
Açılış mərasiminə Serbiya prezidenti Aleksandr Vuçiç, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Mustafa Akıncı da qatılıblar.
Bu layihə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq. Yəqin ki, elə bu üzdən layihənin istismara verilməsi mərasiminə bu qədər dövlət başçısı, nazir, enerji şirkətlərinin rəhbərləri və tərəfdaş ölkələrin yüksək rütbəli rəsmiləri qatılıb.
Türkiyə ilə Azərbaycan TANAP layihəsi çərçivəsində enerji sahəsində bundan əvvəl qazandıqları uğurları daha da artıracaq. Bu iki ölkə müasir dünyada "bir millət, iki dövlət” şüarı ilə qardaşlıq əlaqələri qurub. Bununla yanaşı, indi Azərbaycanla Türkiyəni böyük əhəmiyyətə malik TANAP layihəsi də birləşdirir. Bu böyük layihə dünyanın enerji bazarında həlledici rola malik olacaq.
TANAP Avropa ilə Türkiyənin qaza olan tələbatının ödənilməsi, həmçinin bu sahənin şaxələndirilməsi üçün nəzərdə tutulub. İki qardaş ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Əruzurum qaz kəməri daxil olmaqla, enerji sahəsinə investisiya qoyuluşunu nəzərdə tutan əvvəlki müqavilələr bizneslə də bağlı olan strateji sahənin inkişafını sürətləndirəcək. TANAP bu sahələrin daha da böyüməsinə yardım göstərəcək.
"Bu layihə Türkiyə ilə Azərbaycan arasındakı sıx dostluq əlaqələrinin məhsuludur. Layihədə tranzit ölkələr də mühüm rol oynayıb. TANAP vasitəsilə Azərbaycan qazı ilk dəfə Avropaya nəql olunacaq”, - deyə Türkiyə prezidenti açılış mərasimində bildirib. O, Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı sıx əlaqələr nəticəsində vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin də inşa edildiyini xatırladıb.
"TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub.
Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”, - deyə Azərbaycan prezidenti İlham Əliyev qeyd edib.
TANAP təkcə Avropanın enerji təhlükəsizliyi üçün vacib deyil, həm də tranzit ölkələrin əhalisinin həyat şəraitinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, ABŞ və Avropa İttifaqının (Aİ) dəstəyini almış bu layihə regionda sülh və sabitliyə də böyük töhfə verəcək.
TANAP "Cənub Qaz Dəhlizi” layihəsinin mərkəzi və ən uzun hissəsidir. "Cənub Qaz Dəhlizi”nin əsas məqsədi Azərbaycanın nəhəng "Şahdəniz” qaz yatağını Cənubi Qafqaz Boru Kəməri, TANAP və Transadriaktik qaz kəməri (TAP) vasitəsilə Avropa ilə birləşdirməkdir. Azərbaycandan başlayan Cənubi Qafqaz Boru Kəməri Gürcüstandan keçərək Türkiyəyə qədər uzanır. Yunanıstan başlayan TAP isə Albaniya və Adriatik dənizindən keçməklə, İtaliyayadək uzanacaq.
TANAP-a təxminən 8,5 milyard dollar investisiya qoyulub. Bu layihə vasitəsilə Türkiyəyə illik 6 milyard, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. "Cənub Qaz Dəhlizi”nin Avropa hissəsinin 2020-ci ildə işə düşəcəyi gözlənilir.
Hazırda TANAP layihəsinin 4 tərəfdaşı var. Bu layihədə "Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. "SOCAR Turkey Enerji” TANAP-ın səhmdarları arasına bu il martın sonunda qoşulub. Şirkət "Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb.
"Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi və "Qazprom”dan asılılığın azaldılması siyasətinin bir hissəsidir. O, daha iddialı layihə olan "Nabucco”nun kiçik variantıdır. TANAP-ın hazırda tikilməkdə olan 878 kilometrlik TAP-a qoşulması nəzərdə tutulur.
Regionda ikitərəfli əməkdaşlıq formatının Azərbaycandan böyük təşəbbüskarı və ya yaradıcısı yoxdur. O, ikitəfəli əməkdaşlıqla regionda üçtərəfli, hətta dördtərəfli formatlara da yol açıb. Çox əlverişli, lakin geosiyasi nöqteyi-nəzərdən mürəkkəb və qeyri-sabit regionda yerləşən Azərbaycan müxtəlif ölkələrlə konstruktiv, qarşılıqlı etimada əsaslanan əlaqələr qurub. O, bu münasibətləri durmadan inkişaf etdirir.
Bu gün Azərbaycan beynəlxalq arenada da mühüm yer tutur. Eyni zamanda o, Cənubi Qafqazda mövqeyini qorumağa və daha da gücləndirməyə çalışır. Cənubi Qafqaz regionunun ümumdaxili məhsulunun 80%-nin Azərbaycanın payına düşməsi təsadüf deyil. Ölkə balanslaşdırılmış, çoxşaxəli və praqmatik siyasəti nəticəsində beynəlxalq ictimaiyyətə öz mövqeyini qəbul etdirə bilib. O, Cənubi Qafqazın ən inkişaf etmiş və ən böyük ölkəsidir: həm ərazisinə, həm əhalisinə, həm də iqtisadiyyatına görə.
TANAP vasitəsilə ilkin olaraq illik 16 milyard kubmetr qaz nəql ediləcək. Onun 6 milyardı Türkiyənin, 10 milyardı isə Avropanın payına düşəcək. TANAP-ın açılışı Azərbaycan üçün əlbəttə ki, yaxşı xəbərdir. Çünki bununla ölkədə "neft erası”nın ardından "qaz erası” başlayır. Bununla, Azərbaycana yeni investisiyalar qoyulacaq. Bu, ölkənin siyasi maraqları baxımından da mühüm əhəmiyyət kəsb edir. Artıq Azərbaycana "qaz dollarları” və ya "qaz avroları” axacaq. Amma bunlar sadəcə, detaldır.
Bir sözlə, sözün əsl mənasında böyük iddialı layihə reallığa çevrilir. Artıq Bakı layiq olduğu təbrikləri almaqdadır. ABŞ-ın dövlət katibi köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Ankarada jurnalistlərə bildirib ki, TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək: "ABŞ TANAP-a investisiya qoymayıb və bu layihədən gəlir əldə etməyəcək. Lakin layihəni dəstəkləyir. Çünki TANAP enerji tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmininə böyük töhfə verəcək”.
Bütün bunlar Ermənistan üçün nəinki pis, hətta dəhşətli xəbərlərdir. O, bu dəfə də yeni regional meqalayihəyədən kənarda qaldı. Çünki regionun iqtisadi və geoiqtisadi "ab-havası”nı Ermənistan deyil, Azərbaycan müəyyən edir. Bununla yanaşı, rəsmi Bakı Ermənistanı Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal altında saxladığı müddətdə blokadadan çıxmağa qoymayacağını açıq şəkildə bəyan edir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb, mülki əhaliyə qarşı ciddi cinayətlər həyata keçirib. Yalnız 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət törədilib.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib (822, 853, 874 və 884). Bu qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edildiyi qeyd olunub. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqləyib. Bu qətnamələrdə işğalçı qüvvələrin işğal altında olan Azərbayucan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu mpvqeyi digər beynəlxalq təşkilatlar da bölüşür. Bir sözlə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı və prinsipial şəkildə dəstəkləyir.
Arye Qut
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
banner

Oxşar Xəbərlər