• cümə, 29 Mart, 15:19
  • Baku Bakı 14°C

Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub

11.10.18 11:15 530
Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycanın 9 ay ərzində həm daxili, həm də xarici siyasətində qazanılmış uğurlar və onu fərqləndirən amillər, qarşıda duran vəzifələr haqqında təhlillər apardı. Bunu Trend-ə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün uğurlu ildir: "Bunu cənab Prezident də çıxışında vurğuladı. Ən önəmlisi odur ki, bu 9 ay ərzində Azərbaycanda sabitlik olub, əhali əmin-amanlıq şəraitində və təhlükəsiz yaşayıb. Qonşu regionlarda və ölkələrdə qorxulu proseslərin getdiyini nəzərə alsaq, Azərbaycanda sabitlik çox ciddi nailiyyətimizdir. Təbii ki, bunun da əsasında Azərbaycan xalqı ilə iqtidarının birliyi dayanır. Bu bizim uğurlarımızın əldə olunmasında əsas amildir. 9 ay ərzində də bütün bu nailiyyətlərin əsasında Azərbaycan əhalisinin sosial rifahı dayanır”.
Millət vəkili bildirib ki, bu dövrdə Azərbaycanın xarici siyasəti kifayət qədər uğurlu olub: "Bu müddətdə Prezident İlham Əliyev 12 ölkəyə səfər edib. 15 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri olub. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyinin nəticəsidir. Eyni zamanda, xarici siyasətimizdə Azərbaycanın qonşu ölkələrlə münasibəti xüsusi yer tutur. Biz bu sahəyə də xüsusi önəm veririk. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri inkişaf edir. Azərbaycan bu gün islam həmrəyliyinə çox ciddi töhfələr verən dövlətdir. İslam Əməkdaşlıq Təşkilatı ilə, təşkilata üzv olan ölkələrlə əlaqələrimizi xeyli inkişaf etdirmişik. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri inkişaf etdirilib. Avropa İttifaqı ilə bu il imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin isə bir çox üstün cəhətləri var. Xüsusilə də bu sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması öz əksini tapıb. Eyni zamanda NATO-nun son sammitinin yekun bəyannaməsində də münaqişələrin ərazi bütövlüyü prinsipi çərçivəsində nizamlanması məsələsi öz əksini tapıb”.
E.Nəsirov deyib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırdı:
"Dövlətimizin başçısı qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb və olmayacaq da. Cənab Prezident münaqişənin tənzimlənməsi ilə bağlı mövcud formata diqqət ayırdı. Qeyd etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılmalıdır. Bu da təsadüfi deyil, çünki Ermənistanın yeni rəhbərliyi israrlı idi ki, danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də tərəf kimi çıxış eləsin. Halbuki Azərbaycanın Dağlıq Qarabağla bağlı heç bir ərazi iddiası yoxdur, çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, hüquqi və tarixi torpaqlarıdır. İddia Ermənistanındır və bu ölkə hələ də işğalçılıq siyasətini həyata keçirir. Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqeyini ortaya qoydu”.
Politoloq qeyd edib ki, 9 ayın yekunları bunu deməyə əsas verir ki, Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qarşısına qoyduğu hədəflərə nail olunub.
banner

Oxşar Xəbərlər