• çərşənbə, 24 Aprel, 06:41
  • Baku Bakı 13°C

“Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib“

04.06.13 09:50 1618
“Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib“
Bu gün "Bakı Ekspo Mərkəzi"ndə beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edirlər.
Qeyd edək ki, 20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirir.
İyunun 7-dək davam edən sərgi və konfrans hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.
Bu il "Xəzər Neft və Qaz" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib.
X X X
AzərTAc xəbər verir ki, iyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.
Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxudu.
Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxudu.
Daha sonra dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə tanış oldular.
Məlumat verildi ki, bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix – sərginin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, gələcək əməkdaşlığa dair sazişlərin və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak etmişdir.
Diqqətə çatdırıldı ki, bu il öz yubileyini qeyd edən “Caspian Oil and Gas” sərgisində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 27 ölkəsindən 386 şirkət iştirak edir. Onlar arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), “bp-Azerbaijan”, OMV, “Total”, TPAO, “Statoil”, “Petkim”, RWE və bir çox digər şirkətlər yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirilir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunur. Ötən illə müqayisədə sərgi meydançasının həcmi 22 faiz, eksponentlərin ümumi sayı isə 25 faiz artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil edən yeni şirkətlər isə sərgiyə marağın böyük olduğunu göstərir.
Qeyd edildi ki, burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur.
Bildirildi ki, sərginin keçirildiyi illər ərzində sevindirici hal ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30 faizini təşkil edirlər. İyirmi şirkətin sponsorluq etdiyi sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “qızıl sponsor”ları isə “bp-Azerbaijan” və “Statoil” şirkətləridir. Həmçinin dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir.
Diqqətə çatdırıldı ki, sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı da genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaqdır.
X X X
Bu gün "Xəzər Neft-Qaz" sərgisinin 20-ci ildönümüdür. Bu, böyük tarixi hadisədir və 20 il ərzində bu sərgi hər il daha çox şirkətlər cəlb etmişdir və mənə verilən məlumata görə, bu dəfə 400-ə yaxın şirkət bu sərgidə iştirak edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər Neft və Qaz 2013" sərgisinin açılışında çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, 20 il keçməsinə baxmayaraq sərgi öz əhəmiyyətini itirməyib, əksinə, bu əhəmiyyət daha da artmışdır:
"Əsas neft və qaz müqavilələrinin artıq imzalanmasına, xarici şirkətlərin Azərbaycanda uzun illər ərzində uğurla fəaliyyət göstərmələrinə baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Və əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin sərgiyə göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
20 il ərzində Azərbaycan böyük bir yol keçmişdir, Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. 20 il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik və sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatları yox idi. Və biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik, necə olacaq, Azərbaycan necə inkişaf edəcək. Baxmayaraq ki, 90-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdir".
İlham Əliyevin sözlərinə görə, məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib, Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edib, müstəqilliyini möhkəmləndirə bilib:
"Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər ərzində də bizim dəqiq, konkret planlarımız var. 20 il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı sadəcə olaraq proqramlar, niyyətlər var idi. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə idi, dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə "Əsrin müqaviləsi" adı verilib. İndi, 21-ci əsrdə biz deyə bilərik ki, bu iki əsrin müqaviləsidir. Çünki bu gün də "Azəri-Çıraq-Günəşli" yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini itirmir. Əksinə, bu müqavilənin icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır. "Əsrin müqaviləsi"nin əhəmiyyəti haqqında kifayət qədər danışılıb, deyilib, təkrar etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq, Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlər üçün açıb. Və ilk dəfə olaraq, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılıb ki, bu da öz növbəsində bu gün digər layihələrin uğurlu inkişafına təkan verib".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplayıb: "Azərbaycanda "Əsrin müqaviləsi"nin icrası nəticəsində digər sektorlarda da canlanma baş verib. Çox gözəl investisiya iqlimi yaradılıb və bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Biz neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bilmişik. Vaxtilə bəzi təhlilçilər tərəfindən deyilən "Azərbaycanı "holland sindromu", yaxud da ki, "neft lənəti" gözləyir" kimi fikirlərin heç biri reallaşmadı. Çünki bizim düşünülmüş siyasətimiz vardır və bizim siyasətimiz tam şəkildə Azərbaycan xalqının maraqlarını təmin edir".
banner

Oxşar Xəbərlər