• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

“Azərbaycan qaranlıqlarla dolu dünyada bir işıqdır” - Nüfuzlu yəhudi qəzeti

18.09.14 11:49 942
“Azərbaycan qaranlıqlarla dolu dünyada bir işıqdır” - Nüfuzlu yəhudi qəzeti
600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu “Jewish Journal” həftəlik qəzeti 17 sentyabr 2014-cü il tarixli sayında Azərbaycana dair məqalə dərc edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, “İsrailin ən dəyərli müsəlman müttəfiqi” başlıqlı məqalə dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin rəhbəri Ravvin Mark Diamond tərəfindən yazılıb.
Bu yaxınlarda Los Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycan və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və David Siegel ilə görüşdüyünü bildirən M. Diamond İsrail və ABŞ-la güclü münasibətlər saxlayan Azərbaycanın unikal tarixə malik bir ölkə olduğunu qeyd edir. Müəllif bildirir ki, 2000 ildən bəri Azərbaycanda yaşayan yəhudilər özlərinə yalnız hörmət görüblər və bu gün də bu tolerantlıq mühiti ölkədə hökm sürməkdədir. M. Diamondun fikrincə, xüsusilə hazırkı dövr üçün bunu böyük nailiyyət hesab etmək olar. Müəllif Azərbaycanda yəhudi icmasına və irsinə böyük qayğı göstərildiyini qeyd edərək, İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin öz füsunkar sinaqoqlarında azad şəkildə ibadət etdiklərini və 300-dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayır. O, həmçinin, 2011-ci ildə Azərbaycan hökuməti tərəfindən Bakıda dağ yəhudiləri üçün sinaqoq inşa edildiyini diqqətə çatdırır.
Dünyada, xüsusilə yaxın bölgələrdə baş verən hadisələr fonunda Azərbaycanın tolerantlıq və dinc yanaşı yaşama modeli kimi işıq saçdığını bildirən ravvin Diamond Azərbaycana yəhudi icmasının dost münasibətinin və dəstəyinin zəruri olduğunu qeyd edir.
banner

Oxşar Xəbərlər