• çərşənbə axşamı, 16 aprel, 18:13
  • Baku Bakı 18°C

Azərbaycan qanunvericiliyində qızların məcburi ərə verilməsi - Hüquqşünas məsləhəti

17.06.14 09:10 2041
Azərbaycan qanunvericiliyində qızların məcburi ərə verilməsi - Hüquqşünas məsləhəti
Azərbaycanın Konstitusiyasına əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var və nikah könüllü razılıq əsasında bağlanılır. Qanunla heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Lakin ölkəmizdə hər il çoxsaylı məcburi evliliklər baş tutur.
Bu evliliklərin səbəbləri sırasında təhsilsizlik, gənc qızların hüquqları barəsində məlumatsızlığı, bəzi hallarda isə adət-ənənələrimiz durur. Ən təəssüfverici səbəb isə əksər hallarda məcburi evliliklər zamanı qızların qanunla müəyyən edilmiş nikah yaşına çatmamasıdır. Nikah yaşına çatmamış, yəni 18 yaşı tamam olmamış qızın ərə verilməsi nikahın dövlət qeydiyyatına alınmaması ilə nəticələnir. Erkən və məcburi evliliklər ölkəmizin müxtəlif regionlarında geniş yayılıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkəmizdə 2012-ci ildə təxminən 4000, 2013-cü ildə isə 5000-dən çox qız uşağı erkən evliliyin qurbanı olub.
Qızların məcburi ərə verilməsi yerli və beynəlxalq qanunvericilik tərəfindən qəbul edilmir və bu məsələyə birmənalı yanaşılır.
Belə ki, Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş “Köləliyin, qul ticarətinin və köləliyə oxşar institutların və adətlərin ləğv olunması haqqında” 30 aprel 1950-ci il tarixli konvensiyanın 1-ci maddəsinin 3-cü bəndində qadının pul, yaxud natural muzd almaqla (adətə görə başlıq pulu), ona imtina etmə ixtiyarı verilmədən valideynləri, qəyyumu, ailəsi, yaxud digər şəxs və ya şəxslər qrupu tərəfindən ərə verilməsinə və ya ərə veriləcəyinin vəd edilməsinə köləliyə oxşar təsisat və adətlər kimi qiymət verilmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanununun 1.0.6-cı maddəsində də “köləliyə bənzər adətlər” terminindən istifadə olunmuş və yuxarıda qeyd edilən konvensiyaya istinad edilməklə anlayış verilmişdir. Həmçinin Cinayət Məcəlləsinin “İnsan Alveri” adlanan 144-1-ci maddəsinin qeyd hissəsində isə köləlik və köləliyə bənzər adətlər insan istismarının bir növü kimi qiymətləndirilmişdir. Yəni yerli qanunvericilik də qızların məcburi ərə verilməsini köləliyə bənzər adətlər kimi qəbul edərək həmin hala insan alverinin bir növü kimi (qadının istismar edilməsi kimi) anlayış vermişdir.
Qeyd edilənlərdən də göründüyü kimi qızların məcburi ərə verilməsi yerli və beynəlxalq qanunvericiliklə qəbul edilmir, qadının əsas konstitusion hüququ olan azadlıq hüququnun pozulmasına səbəb olur. Qızların məcburi ərə verilməsi insan alveri kimi sübut olunarsa, təqsirkar şəxs 5 ildən 10 ilə kimi azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Lakin hər hansı pul, yaxud natural muzd almaqla (adətə görə başlıq pulu) məcburi ərə verilmiş qız öz valideynlərinin məsuliyyətə cəlb edilməsi ilə razılaşmır və şikayət etməkdən imtina edir.
banner

Oxşar Xəbərlər