Azərbaycan qanunvericiliyi mətbuat azadlığını tam təmin edir
Məşhur yunan filosofu Aristotel deyib: "İnsan ağıllı vücuddur. Onun
ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə,
həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar”.
Yaradıcılıq isə söz və ya konkret iş vasitəsilə nümayiş olunur. Söz
insan şüuruna təsir edən ən mühüm amildir. Söz demək səlahiyyətini qazananlar
sözün yaradıcı gücü ilə yanaşı, dağıdıcı gücünü də nəzərə almalıdırlar. Sözün
yerli-yerində işlədilməsi, onun etik normalarına əməl edilməsi isə daha çox
jurnalistlərdən tələb olunur. Çünki jurnalistin fəaliyyəti özünün intensivliyi
və əhatə dairəsi ilə hər an, hər dəqiqə cəmiyyətin üzvlərinə təsir edir. Buna təkan
verən yeganə amil isə mətbuatın azad olmasıdır. İnsanın öz davranışı üçün mənəvi
məsuliyyət daşıması yalnız azadlığın mövcudluğu şəraitində mümkündür.
Azadlığı isə özbaşınalıqla qarışdırmaq olmaz. 1915-ci ildə M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə nəşr olunan "Açıq söz” qəzeti müstəqillik və azadlıq ideyalarını
ortaya qoyaraq mətbuatı azad görmək istəyirdi: "O millət, o məmləkət xoşbəxt və
azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun...”.
Ənənəvi
media daha məsuliyyətlidir, nəinki yeni media
"Azərbaycan Respublikasında kütləvi informasiya azaddır”. Bu müddəa Azərbaycan
Respublikası "Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanununda yer alıb.
Bəs ekspertlər nə düşünür? Onlar mətbuat, söz və özünü ifadə azadlığının ölkədə
hansı formada tətbiq edilməsini və bu sahədəki mövcud şəraiti qiymətləndiriblər:Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli hesab edir
ki, Azərbaycan jurnalisti bu gün istədiyi fikirləri sərbəst olaraq yazır və onu
azad şəkildə yaya bilir. Mütəxəssis mediaya verilən azadlığı Azərbaycan
Respublikasının "KİV haqqında qanunu”ndakı imkanlarla əsaslandırır: "İlk qəzetimiz
olan "Əkinçi”dən müstəqillik əldə etdiyimiz vaxta qədər Azərbaycan mətbuatı çox
sərt basqılar altında olub. Yalnız 1918-1920-ci illərdə, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə, sözün əsl mənasında mətbuat azadlığı olub. O vaxt
bolşeviklər guya söz və mətbuat azadlığının carçısı kimi hakimiyyətə gəldilər.
Amma bunun tam əksinə getdilər və təkcə bir faktı deyim ki, xalq komissarları
sovetinin lideri V.İ.Lenin birinci dekretini iyirmiyə yaxın qəzetin bağlanması
ilə bağlı imzalayıb. Sovet dövründə isə senzuranın adını dəyişib qlavlit - dövlət
sirlərini mətbuatdan qoruyan idarə qoymuşdular. Amma dünyada bundan əzazil
senzura qurumu olmayıb. Təbii ki, bunlar hamısı tarixdə qaldı. Azərbaycan müstəqillik
əldə etdikdən sonra ilk qəbul etdiyi qanunlardan biri Kütləvi İnformasiya Vasitələri
haqqında oldu. Bu qanundan sonra Azərbaycanda mətbuata böyük önəm verildi,
birinci dəfə olaraq, mətbuatın özəl sektoru yarandı. Daha sonra bu qanun təkmilləşdirildi
və yenidən qəbul olundu. Beləliklə, ideal bir qanun ortaya çıxdı. Bu, hətta
Avropanın bəzi ölkələrindən də çox tolerant, liberal və obyektiv bir qanun
oldu. Yəni, Azərbaycan Respublikasının KİV haqqında qanunu mətbuat azadlığını
tam təmin edən bir qanundur”.
Cahangir Məmmədli bildirdi ki, bu gün heç kim "Azərbaycanda söz azadlığı, mətbuat
azadlığı yoxdur” deyə bilməz: "Gileylənənlər var, ola bilər ki, bu qanunlarda
yenidən baxılası məqamlar olsun. Amma hazırda
Azərbaycan mediasında hər kəsin söz demək üçün yeri var. Mən iqtidar əleyhinə
söz demək istəyirəmsə, əlimdə müxalifət qəzetləri var, yaxud da əksinə”.
Jurnalist məsuliyyətinə gəldikdə isə Cahangir müəllim hesab edir ki, ənənəvi
media daha məsuliyyətlidir, nəinki yeni media-internet mediası: "Yeni medianın ən
önəmli problemi peşəkarlıq və jurnalist məsuliyyətinin aşağı olmasıdır. Klassik
mətbuatımızda bir məqalə ən azı iki-üç nəfərin gözündən keçir, internet
mediasında isə bəzən bir nəfər həm yazır, həm də məlumatı dəqiqləşdirməmiş
yayır. Bu isə təbii ki, onun öz məsuliyyətini dərk etməməsidir”.
"Hər
kəs istədiyi məsələyə fikir bildirə, müzakirə apara bilir”
"Şərq” qəzetinin baş redaktoru
Akif Aşırlı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da azad media mühitinin
mövcudluğunu qeyd etdi. Bildirdi ki, ölkədə hər kəsin öz fikrini ifadə etməyə
imkan və şərait var: "Azad medianın olması üçün Azərbaycanda olan şərait hesab
edirəm ki, çox normaldır. Çünki ölkədə həm çap mediası fəaliyyət göstərir, həm
də televiziya, radio və müxtəlif internet portallar açıq yayımlanır. Ədliyyə
Nazirliyinin son açıqlamasına görə, Azərbaycanda 5100-dən artıq kütləvi
informasiya vasitəsi qeydiyyatdan keçib. Bunların müəyyən hissəsi yazılı mətbuata
- qəzet və jurnallara, digər hissəsi isə elektron KİV-lərə və televiziyalara
aiddir. Artıq mərkəzi televiziyalarla yanaşı, əyalətlərdə insanların
informasiya tələbatını ödəmək üçün müxtəlif internet və bölgə televiziyaları fəaliyyət
göstərir. Cənubda "Cənub” TV var, Qərb bölgəsində "Gəncə” və "Türk Eli” televiziyaları
yayımlanır”.
Baş redaktor digər tərəfdən, Azərbaycanda hər bir insanın özünü ifadə
etmək imkanının olduğunu vurğuladı: "Bu, sosial şəbəkələr vasitəsilə həyata
keçirilir. "Facebook”, "instaqram”, "tvitter” üzərindən hər kəs istədiyi məsələyə
fikir bildirə, müzakirə apara bilir. Hətta internet medianın gəlişi ilə ölkədə
bir vətəndaş jurnalistikası formalaşıb. Hər kəs qarşılaşdığı problemləri, çətinlikləri,
müəyyən ictimai-siyasi proseslər, ölkə daxilində və xaricində baş verən hadisələrlə
bağlı öz rəylərini paylaşırlar. Bunun üçün müəyyən şərhlər də verilir. Bu
baxımdan deyərdim ki, Azərbaycanda özünü ifadə imkanları, sərbəst fikir, söz
azadlığı müsbət mənada özünün təzahürünü tapıb”.
"İstifadəçilərin marağına
xidmət edən yeni qaydalar hazırlanmalıdır”
Müasir Azərbaycan
jurnalistikasının tanınmış simalarından olan Qulu Məhərrəmli də ənənəvi
jurnalistikadan fərqli olaraq, yeni mediada jurnalist məsuliyyətinin aşağı səviyyədə
olduğunu dedi: "Bu mövzunun özü jurnalistikamız üçün çox aktual məsələdir.
Ümumiyyətlə, ənənəvi media ilə yeni mediada imkanlar fərqlidir. Yəni, yeni
mediada xəbərin təqdimatı xeyli cazibədar olub. Ona görə ki, onun xəbəri səsli
və görüntülü vermək və.s kimi imkanları var. Eyni zamanda, virtual aləmdə ifadə
imkanları genişləndikcə, həm də məsuliyyətlə bağlı məsələlər ortaya çıxır. Bu
gün çox təəssüf ki, yeni mediada peşəkarlıq çox aşağı səviyyədədir, yəni o sərbəstliyin
dadını bilməyən gənc jurnalistlər xəbər dəyərlərini, xəbəri cazibədar şəkildə təqdim
etməyi bilmirlər. Önəmli olan budur ki, yeni media yeni jurnalist tipi tələb edir.
Bu tip birinci növbədə yüksək peşəkar xəbər dəyərlərini mənimsəmiş jurnalistdir.
İkincisi isə yüksək texnoloji vərdişlərə yiyələnmiş bir tipdir. Yəni, bu şəxs həm
mətni özü yaza bilir, həm radionun
imkanlarına yiyələnir və eyni zamanda, kamera, fotoaparatla çəkir, informasiyanın
qrafikasını, görüntüsünü özü həll edə bilir”.
Mütəxəssis yeni mediada sensasiyalılıq, sarı mətbuatın nəfəsini və
jurnalist məsuliyyətinin aşağı səviyyədə olmasını daim hiss edir: "Bu gün əksər
xəbər saytları üçün xarakterik cəhət bulvar - sarı mətbuatının üslubunun genişlənməsidir.
Bütövlükdə, hesab edirəm ki, yeni və ənənəvi medianın nümayəndələri yığışıb bu
sahədəki problemləri müzakirə eləməliyik. Çünki, mediadakı bu yenilik bir
seldir, yeni imkanlarla yanaşı, özü ilə müəyyən çör-çöplər gətirir. Çoxları da
bunu söz-mətbuat azadlığının, internetdəki azadlığın acı meyvəsi kimi cəmiyyətə
sırıyırlar. Ona görə də istifadəçilərin marağına xidmət edən və onu təmin edə
biləcək yeni qaydalar hazırlamalıyıq”.
"İctimaiyyət
qarşısındakı məsuliyyət unudulmamalıdır”
Media eksperti, araşdırmaçı
jurnalist Rizvan Qənbərli isə qəzetimizə verdiyi açıqlamada jurnalistlərin iş
şəraitindən danışdı: "Bu prosesi müxtəlif kateqoriyalarda dəyərləndirmək olar.
Əvvəla, jurnalistlər məhdud zaman çərçivəsində işləyirlər. Bundan əlavə, gündəlik
peşə praktikalarının yol açdığı çətinliklər də var. Eyni zamanda, təbii olaraq
jurnalistlər də bəzi səhvlərə yol verməkdədirlər. Bəzən xəbəri tam araşdırmadan
vermək çox vaxt şəxslərə və ya ictimai qruplara qarşı müxtəlif haqsızlıqlara səbəb
olur. Bunlar isə peşəkarlıqdan tamamilə uzaqdır. Jurnalist hər şeydən öncə
oxucularına, izləyici və dinləyicilərinə qarşı böyük məsuliyyət daşıyır. Çünki
onlar ölkədə və dünyada baş verən hadisələr haqqında xalqı məlumatlandırmaq
kimi bir missiyanı həyata keçirirlər. Buna görə də jurnalist peşə fəaliyyətinin
hər mərhələsində bu məsuliyyətini yaddan çıxarmamalıdır”.
Rizvan Qənbərli jurnalistikada məsuliyyət hissinin dünya praktikasına
əsasən, iki yeni təcrübəsinin olduğunu bildirdi: "Əksər ölkələrdə olduğu kimi
Azərbaycanda da media və jurnalistlər müxtəlif tənqidlərlə qarşılaşırlar. Vətəndaşlardan
ictimai qruplara, dövlət orqanları rəhbərlərindən elm adamlarına qədər müxtəlif
qruplar jurnalistləri düzgün fəaliyyət göstərməməklə tənqid edirlər. Bunlar çox
vaxt yerində olan tənqidlərdir. Eyni zamanda, bu tənqidlər jurnalistlərin peşə
məsuliyyətini nəzərə almadıqları fəaliyyətləri haqda daha çox səsləndirilir. Jurnalistlər
qeyri-jurnalist şəxs və ya qrupların bu tənqidlərini dinləməli və peşə fəaliyyətlərində
bunları nəzərə almalıdırlar. Bundan əlavə, onlar tənqid edən şəxslərin onları tənqid
etmələrinə əsas verməməlidirlər. Bu məqsədlə jurnalistikada özünütənqid xüsusi əhəmiyyətə
malikdir. Özünütənqid sadəcə jurnalistin deyil, həmçinin, media qurumlarının rəhbərlərinin
də vəzifə borcudur. İctimai rəyin səsi olmağı özünə məqsəd seçmiş hər bir media
orqanı ictimai rəyi nəzərə almalı və ona qarşı daşıdığı məsuliyyəti
unutmamalıdır. Jurnalistikada məsuliyyət hissi dünya təcrübəsində iki yeni
praktikanın əsasını təşkil etməkdədir. Bunlardan biri özünənəzarət mexanizminin
qurulması, digəri də bu mexanizm çərçivəsində peşə əxlaq qaydalarına riayət məcburiyyətidir”.
Yekun olaraq bu nəticəyə gəlmək olar ki, peşə etikası tarixən
yazılmamış qanunlara, yəni vicdanın səsinə, ədalətə, cəmiyyətdə müsbət qəbul
olunan qaydalara söykənməklə, iki başlıca məqsəd izləmişdir. Əvvəla, bu peşənin
lazımlılıq, yararlılıq səviyyəsini qaldırmaq, ikincisi, cəmiyyət insan
qarşısında məsuliyyəti dərk etməkdir.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz Bayramı
münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir