AZE | RUS | ENG |

Azərbaycan qadınlarında “estetik əməliyyat xəstəliyi” var

Azərbaycan qadınlarında “estetik əməliyyat xəstəliyi” var
Dünya şöhrətli cərrah İbrahim Yıldırım hesab edir ki, ehtiyac olmadan əməliyyat keçirmək manyaklıq əlamətidir

Dünya şöhrətli cərrah, professor İbrahim Yıldırımın Azərbaycana ilk gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf edib. Daha sonra rəhbəri olduğu «İnterplast Türkiyə» təşkilatı ilə Bakıda 230 kimsəsiz insanın, qüsurlu doğulan uşaqların üzərində pulsuz əməliyyatlar keçirib. İlk dəfə tibb sahəsində azərbaycanlı tələbələri Türkiyə universitetlərinə cəlb edən də o olub. Jurnalist Qadınlar Assosiasiyasının dəvəti ilə gerçəkləşən görüşündə İbrahim Yıldırım ölkəmizə ilk gəlişindən və qonşu ölkədə plastik və estetik cərrahiyyə əməliyyatlarının müasir səviyyəsindən danışıb.

Mütəxəssis qıtlığı

- Azərbaycana ilk gəldiyim vaxtlar 10 tələbə seçib Türkiyə universitetlərinin tibb fakültələrinə yerləşdirdim. İxtisas imtahanı vermədən ayrı-ayrı şöbələrdə oxumağa başladılar. Plastik cərrah Vaqif Qələndər, ürək cərrahı Kamran Musayev, ortopedist Cəfər həkim, uroloq Vasif İsmayılov, plastik cərrah Rauf həkim daxil olmaqla 6 həkim Bakıya qayıtdı. Hazırda onlar özəl klinikalar qurub Türkiyədən gənc cərrahları dəvət edirlər. Mən Azərbaycandan ümumilikdə 97 tələbə aparmışam. Onlar müxtəlif şöbələr üzrə təhsil alıblar. Azərbaycanda başqa ixtisaslarla bağlı dünyanın müxtəlif yerlərinə oxumağa gedirlər. Ancaq insan sağlığı ilə bağlı oxumağa getməyiblər. Bu, yanlış bir şeydir. Çünki öncə insan və onun sağlığıdır. Mən Əhliman Əmiraslanovla danışdım ki, kadrlar yetişdirmək üçün müəllim lazımdır. Burada 85-90 yaşlı insanlar təqaüd yaşına çatandan sonra da işdən çıxmırlar. Türkiyədə isə bu mümkün deyil. 67 yaşından sonra hamı təqaüdçü olur.
- Azərbaycanda plastik və estetik cərrahiyyənin səviyyəsi barədə nə deyə bilərsiniz?
- Burada estetik cərrahiyyənin səviyyəsi yüksək deyil. Çünki bu iş 1-2 cərrahla inkişaf edə bilməz. Mütəxəssislər yoxdur. Türkiyədə bu sahə ona görə inkişaf etdi ki, 1933-cü ildə Türkiyəyə Almaniyadan, başqa ölkələrdən həkimlər gəldi. Mustafa Kamal Atatürk 149 professoru ölkəyə cəlb etdi. 1950-ci illərə qədər bizim bütün təhsilimiz yaxşılığa doğru dəyişdi. Azərbaycanın da belə etməsi lazımdır. Sizin böyük üstünlükləriniz var. Həm rus, həm də ingilis dilində bilənləriniz çoxdur. Bu, müasir dünyada çox vacibdir. Siz bura dil problemi olmayan həkimlər dəvət edirsiniz. O zaman Atatürk həmin professorlarla müqavilə bağlayanda «3 il ərzində türk dilini öyrənib, dərs deyəcək, kitab yazacaqsınız» şərtini qoymuşdu. Onlar da buna əməl etdilər və yaxşı kadrlar yetişdirdilər.
- Nə üçün bu gün bizim xəstələr daha çox İsrailə və Almaniyaya üz tuturlar? Bu, orada səhiyyə sisteminin yüksək inkişafı ilə bağlıdır, yoxsa təhsillə?
- Bu, düzgün statistika deyil. Daha çox xəstələr Türkiyəyə gəlirlər. Əvvəllər İrana çoxlu xəstələr gedirdi. Dil problemi yarıbayarı məsələyə kömək edirdi. Fəqət, İran tibbi ilə Türkiyə tibbi arasında çox böyük fərq var. Türkiyə Avropada öndə gedən üç ölkədən biridir. Çalışıb bunu qurmuşuq. Xəstə üçün dil çox önəmlidir. Həkimin xəstənin dərdini dinləyib düzgün anlaması, həm də ölkələrimizin yaxınlığı baxımından Türkiyə daha önəmlidir. Türkiyədəki xəstəxanaların çoxu dünya xəstəxanaları ilə rəqabət aparacaq səviyyəyə yüksəlib. Azərbaycandan Türkiyəyə xəstələrin gəlməsi mənim günahımdır. Çünki ilk dəfə tələbələri mən apardım. Ancaq bu, gözəl, xoşuma gələn bir günahdır.
Xəstələrin İsrailə və Almaniyaya getməsinə gəlincə, bu, pulla bağlıdır. Amma siz o ölkələrdə nə qədər pul xərcləsəniz də, onlar sizə doğma ola bilməz. Türkiyə isə xəstədən pul qazanmaq sarıdan usta deyil.
- Bəs keyfiyyət sarıdan?
- Keyfiyyət sarıdan o ölkələrlə heç bir fərq yoxdur. Onların üstünlüyü odur ki, həkimləri Amerikaya tez-tez gedib gəlirlər. Amerikadan da gəlib orada çalışırlar. Elmi səviyyələri olduqca yüksəkdir.
Azərbaycanda başqa ölkələrdən həkimlər dəvət etməklə onlara çoxlu pul verilir. Ancaq əsas problem - kadr yetişdirmək problemi həll olunmur. Kadr hazırlamaq üçün xaricdən müəyyən müddətə mütəxəssis dəvət etmək olar. Ölkədə yaxşı mütəxəssis olsa insanlar başqa ölkələrə getməzlər. Azərbaycanın əsas problemi gözəllik cərrahiyyəsi deyil. Plastik cərrahiyyənin yüzdə iyirmisi estetik cərrahiyyədir. Biz onunla bağlı çox işlər görürük.

Qadınların “xəstəliyi”

- Estetik əməliyyatlara qadınlar daha çox üz tuturlar. Neçə yaşından sonra əməliyyatların edilməsi daha doğru sayılır?
- Bu cərrahiyyənin yaşı yoxdur. Siz estetik cərrahiyyə deyəndə nə anlayırsınız? Uşaq anadan doğulur, onun heç bir eybi yoxdur. 16 yaşından sonra onda müəyyən formalaşma gedir. Bəziləri lazımsız yerə əməliyyatlar istəyirlər. İnsan nə istədiyini bilməlidir. Qadının hər zaman gözəlliyi var. Yetər ki, o, nə istədiyini bilsin.
- Adətən burun, dodaq əməliyyatlarından sonra insanlar az qala eyni sifət alırlar.
- Bu, əslində plastik cərrahiyyəni yaxşı başa düşməməklə bağlıdır. Həkim üçün də, əməliyyat olunan xəstə üçün də. Hər kəsin sifətinə görə burun, dodaq və s. əməliyyat seçmək lazımdır. Xəstələr bəzən hansısa bir aktyorun şəklini gətirərək mən «burnumu bu cür istəyirəm» deyirlər. Ona görə biz xəstələri çox vaxt psixoloqun yanına göndəririk. Bizim üçün ən bəsit əməliyyatlar gözəllik əməliyyatlarıdır. Fəqət, pul qazandıran əməliyyatlar olduğu üçün bunlar həyata keçirilir. Bu, bütün dünyada belədir.
- Tutaq ki, sizə 50-55 yaşında qadın əməliyyat olunmaq istədiyini deyirsə, siz ona neçə il təminat verirsiniz?
- Heç bir təminat yoxdur. Dünyada ən güclü şey yerin cazibə qüvvəsidir. 2-4 il qadını eyni vəziyyətdə saxlaya bilərsən, amma nə edirsən-et təbiətin qanununa qarşı çıxa bilməzsən. Bizim əməliyyatlar eyni yaşda olan insanları bir az gəncləşdirməyə xidmət edir. Amma yaşlandıqca hər bir əməliyyat vücudda itir. Azərbaycan qadınlarında bir xəstəlik var: mütləq estetik əməliyyat olunmaq istəyirlər. Dünyanın hər yerində belədir, amma Azərbaycan qadınlarında isə bu istək daha güclüdür. Onlar daha çox bəzənib ortaya çıxmağı xoşlayırlar. Pulu oldu-olmadı gözəllik əməliyyatı keçirməyə çalışırlar. Əgər çox pulları varsa, ya Türkiyəyə, ya da başqa ölkəyə gedirlər. Bu, bir xəstəlikdir.
- Qadınlar daha çox hansı estetik əməliyyatlarla müraciət edirlər?
- Ən çox burun, döş, liposaksiya və qarından piylərin götürülməsi əməliyyatları üçün müraciət edirlər.
- Bəs kişilər?
- Ən çox iranlı kişilər əməliyyatla bağlı müraciət edirlər. Türk kişiləri o qədər də estetik əməliyyatlara maraqlı deyillər. Müraciət edənlər də ən çox burun əməliyyatları ilə bağlı gəlirlər. Saç əkimi ilə bağlı müraciət edənlər də olur. Ancaq bu işlə gənc cərrahlar məşğul olur.
- Bir insan üzərində neçə dəfə estetik əməliyyat etdirə bilər?
- Bir insanın üzərində nə qədər əməliyyata ehtiyac varsa, o qədər də əməliyyat keçirilə bilər. Ehtiyac olmadan əməliyyat keçirmək isə manyaklıq əlamətidir. Bəzən xəstələr müxtəlif əməliyyatları eyni zamanda istəyirlər. Onları yalnız psixiatra göndərmək lazımdır.
- Plastik cərrahiyyədə lazım olan bütün əməliyyatlar həyata keçirilirmi? Yoxsa elə problemlər var ki, onu cərrahiyyənin köməyi ilə aradan qaldırmaq olmur?
- Elə problemlər var ki, ortadan qaldırmaq mümkün deyil. Yalnız normala yaxınlaşdırmaq olur. Bizim etdiklərimiz də normala yaxın əməliyyatlardır. Əgər vücudda bir yer kəsildisə, nə qədər mükəmməl əməliyyat keçirsən də onun izini tamamilə aradan qaldırmaq mümkün deyil. Amma biz sifətin cizgilərini mümkün qədər saxlayırıq. Almaniyada lazerlə izi silməyə çalışırlar. Ancaq lazerin də öz fəsadları var.
- Sizin yaşınızı da vermək olmur. Bunun sirri nədir?
- Mən dünyanın hər yerində olmuşam. Evimdə hər cür alkoqollu içkilər var, amma bircə dəfə də içki içməmişəm. Bircə dəfə də siqaret çəkilən yerə girməmişəm. Siqaret insanı üzünün bütün cizgilərini silib aparır. Mən idmanla məşğul oluram.
- Həyat yoldaşınız necə, estetik əməliyyat etmisinizmi?
- Onun bu əməliyyata ehtiyacı yoxdur. O da öz yaşına görə çox yaxşı görünür. Həyat yoldaşım Molla Vəli Vidadinin nəticəsidir.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163