AZE | RUS | ENG |

“Azərbaycan qadınını fəxrlə, şərəflə təmsil edirik” - Fotolar

“Azərbaycan qadınını fəxrlə, şərəflə təmsil edirik” - Fotolar
İzmirdə fəaliyyət göstərən Azərbaycan dərnəyinin rəhbəri Cəvahir Əhmədova: “Sarsıldıq, yorulduq, amma heç zaman niyyətimizdən və yolumuzdan dönmədik”

Qadın anadır, qadın bacıdır, qadın bir nəslin bünövrəsidir. Məqalələrin birində oxumuşdum ki, qadınlar dünyanın ən zəif məxluqu olmaqla bərabər, həm də ən böyük ötürücüdür: "Ona məhsul verin, sizə yemək versin. Ona kiçik bir təbəssüm verin, sizə ürəyini versin. Ona bir musiqi oxuyun, sizə konsert versin. Nə versəniz, çoxaldıb sizə geri verəcək. Amma nəbadə ona palçıq verəsiniz, onu çoxaldıb sizə bataqlıq verər”. Dünyanın hər yerində qəhrəman qadınlar var. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü olan və Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin rəhbəri Cəvahir Əhmədova da həmin qadınlardandır. Bu gün sizlərə təqdim edəcəyim müsahibim qonşu ölkədə yaşasa da, Azərbaycan xanımlarının dərdinə şərik olur, onlara ana qayğısı göstərir. Cəvahir xanım 1967-ci ildə Qubadlı rayonunda doğulub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Həmin ildən də Qubadlıda müəllimliyə başlayıb. Qubadlı işğal olunan günə kimi orada yaşayıb. Deyir ki, vətən üçün burnunun ucu göynəyir. Hər nə qədər qardaş ölkədə yaşasa da, qəlbi vətən üçün döyünür. Onun üçün vətən nə sərhəddən, nə də yaşadığı məmləkətdən başlayır. Qürbət eldə soydaş qadınlarımızın hüquqlarını müdafiə edən müsahibimin vətəni elə onun ürəyidir. Qarabağ hadisələrinin canlı şahididir. Deyir ki, Qarabağla onun arzu və ideyaları məhv olub. Orada uşaqlığını, gəncliyini, xəyallarını, arzularını itirib. Gözünün önündə xoşbəxtlik üstündə tikilən evlər yanıb, yuvalar külə dönüb. Başqa bir məmləkətdə olsa belə, o günləri ağlından, yaddaşından silə bilmir. Qəlbindəki vətən sevgisi ilə başqa bir məmləkətdə Azərbaycan xanımlarına arxa-dayaq olur. 
 
 
 
- Cəvahir xanım, Türkiyədə ilk Azərbaycan qadın dərnəyi hansı zərurətdən yarandı?
 
- Filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist Sona Vəliyevanın "Özgə mahnısına oynayan gəlin” şeiri var. O şeiri hər oxuduqca, çox duyğulanıram. Hətta dəfə şeiri oxuyub, hönkür-hönkür ağlamışam. Azərbaycanda qızlar ata evindən gəlin köçəndə, atalar qızlarının ağ gəlinlikdə belinə qırmızı lent bağlayıb "Vağzalı” sədaları altında yola salırlar. Qızlarımız da "Vağzalı” sədaları altında ata evinə vida edər, sevdiyinin, könül verdiyinin evinə "Evimizə gəlin gəlir” mahnısı ilə qədəm qoyarlar. Xaricdə yaşayan qızlarımızın çoxu özgə havalarla taleyin amansız rüzgarında qürbət ellərdə məskən salıblar. Bir çoxu Azərbaycanda ilk evliliyindən boşandıqdan sonra cehizlərlə birlikdə övladları da qoltuğuna verilərək yola salınıblar. Onlar çətin günlər görüblər. Övladlarını yedizdirmək üçün pul, imkan və şərait tapmayıblar. Balalarının əlindən tutaraq qürbət ellərə üz tutublar. Onlardan bəziləri evlənib, Türkiyəyə gəlib və burada universitet oxuyub işləyiblər. Ümumiyyətlə Azərbaycanın hər guşəsindən olan qızlarımız, xanımlarımız, analarımız var. Oradan baxanda rahat görünsə də, əslində qürbətçilik çox çətindir. Elindən, obandan, vətənindən, sevdiklərindən uzaqda olmaq, onların həsrəti ilə alışıb-yanmaq sözlə ifadə olunası deyil. Bunu ancaq yaşayanlar bilər. Təkbaşına bir qadın üçün başqa bir məmləkətdə yaşamaq və öz ölkəsini tanıtmaq çox çətindir. Əslində Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyini qurmaq səbəbi də buradan qaynaqlandı. 2013-cü ildə İzmirdə yaşayan qadınlarımızın çoxu ilə bir araya gəldik və bu dərnəyi yaratdıq. Fəaliyyət göstərdiyimiz illər ərzində bu balaca ocaq qızlarımızın ata evi oldu. Azərbaycan xanımları burada bir-birilərini tanıdılar. Bir ailə olmağın mahiyyətini anladılar. Yeri gələndə bir-birimizə dəstək olduq, ana olduq, bacı olduq, dost olduq. Bir sözlə, bu dərnəyin sayəsində biz Azərbaycan xanımları böyük bir ailə olduq. 
 
 
 
- Bir qadın olaraq bu dərnək vasitəsi ilə İzmirdə yaşayan Azərbaycan xanımlarına hansı dəstəyi göstərirsiniz?
 
- Dərnəyimiz yaranan gündən Türkiyədə yaşayan qadınlarımızın bir çox problemlərinə dəstək olmuşuq. Belə ki, onların iş tapmalarına kömək etmişik, burada yaşadıqları problemlərin həlli ilə çox yaxından maraqlanmışıq. Dərnəyimiz yarandığı gündən özümüzə çox böyük hörmət qazanmışıq, sayılıb-seçilmişik. Xanımlarımızın problemlərinin həlli ilə bağlı döydüyümüz qapılardan böyük hörmətlə geri dönmüşük. Biz burada Azərbaycan qadınını fəxrlə, şərəflə təmsil edirik. 
 
- Niyə məhz qadınlarla bağlı dərnək yaratmaq qərarına gəldiniz?
 
- Türkiyədə belə bir dərnəyin qurulmasına çox böyük ehtiyac vardı. Qarşımıza məqsəd qoyduq ki, yaşadığımız torpaqlarda Azərbaycan qadınının tarixdə kim olduğunu, nəyə qadir olduğunu, hansı mədəniyyətin sahibi olduğunu, övladlarına ötürdüyü tərbiyəni, qayğıkeşliyi yaşadığımız yerlərdəki insanlara da tanıdaq. Öz mədəniyyətimizi, mətbəximizi, xanımlığımızı isbatlamağa çalışdıq və şükürlər olsun ki, istəyimizə nail olduq.
 
- Türkiyədə Azərbaycan dərnəkləri nə dərəcədə öz sözlərini deyə bilirlər?
- Türkiyədə Azərbaycan dərnəkləri zəifdir və gücsüzdür. Türkiyə siyasətində yer ala bilən bir millət vəkilimiz, dövlət vəzifəsində çalışan heç kimimiz yoxdur.
 
 
 
- Deyirlər, erməni lobbisi Türkiyədə xeyli güclüdür. Bununla necə mübarizə aparırsınız?
- Burada erməni diasporu bizdən güclüdür. Onların millət vəkillərindən tutmuş, yüksək mərtəbələrdə yer alan şəxslərədək həmvətənləri var. Ermənilər bir-birilərinə dəstək olur, qoruyur, sahiblənirlər. 
 
- Xalqımızın başına gətirilən faciələrin Türkiyədə qeyd olunmasını bir missiya kimi həyata keçirirsiniz. Bu missiyanı həyata keçirmək çətin deyil ki?
- Çox çətindir... Düşünün, Qubadlının ucqar dağ kəndində doğulmuş bir Cəvahir bu gün 80 milyondan çox insanın yaşadığı bir ölkədə tanınır və kifayət qədər də sevilir. Mən yaşadığım yerdə bu hörməti dişimlə, dırnağımla qazanmışam. Belə ki, hər zaman Azərbaycan dərnəklərinin içərisində dərnəyimiz, imzaların içərisində imzam olub. Getdiyim hər yerdə hörmət qazanmışam. Azərbaycan qadınını şərəflə, qürurla təmsil edirəm. Bir millətin qadınının adını təmsil etmək asan bir iş deyil, çox ağırdır. Lakin qürurlu qadın yükünü daşıdığımı hər yerdə hiss edirəm. Yolumuza bir çox problemlər çıxardılar, istədilər ki, istəyimizə nail ola bilməyək. Bizə şər-böhtan atdılar. Belə ki, hazırladığımız Xocalı ilə bağlı teatrımızı dağıtmağa çalışdılar. Soyqırımı ilə bağlı min əziyyətlə hazırladığımız proqramımızın gerçəkləşdiyi mədəniyyət binasına hücum etdilər. İndiyə qədər bu kimi problemlərlə üz-üzə qalmışıq. Düzdür, sarsıldıq, yorulduq, amma heç zaman niyyətimizdən və yolumuzdan dönmədik. 
 
- Bizi qarşıda hansı layihələr gözləyir?
 
- Qarşıda bizi çox gözəl layihələrimiz gözləyir. Ötən həftə Azərbaycandan 40 şəhid övladını Türkiyəyə dəvət etdim. Onlar 15 gün Türkiyənin 6 böyük şəhərində oldular. Maraqlı görüşlərimiz baş tutdu. Türkiyə dövlətinin baş naziri Binəli Yıldırım cənabları həmin uşaqları Çankaya köşkündə qəbul etdi. Böyük Millət Məclisində oldular. Burada yaşayan şəhid övladları ilə bir araya gəldilər. Əslində bu çox xeyirli bir layihə oldu. Növbəti dəfə Türkiyə-Azərbaycan şəhid analarını bir araya gətirməyi düşünürük. İnşallah, bu layihə də alnımızın ağı ilə nəticələnər.
 
 
 
- Azərbaycan Cümhuriyyətinin 100 illiyini 28 Mayda burada bayram kimi qeyd etdik. Bəs siz necə?
 
- Həmin gün Türkiyədə olan Azərbaycan dərnəklərinin üstünlük təşkil etdiyi bir tədbir keçirdik. 28 Mayda Ankarada Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etdik. Türkiyənin müxtəlif məmləkətlərində yaşayan Azərbaycan sevdalıları bizimlə idi. Belə ki, məzarlıq önündə Azərbaycanın himnini oxutduq, üç rəngli bayrağımızı yüksəltdik. Cümhuriyyətimizin qurucusunun məzarına tər çiçəklər qoyduq. Cümhuriyyətimizin qurucularının və şəhidlərinin ruhuna fatihələr oxundu.
 
- Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəyi olaraq vətəndən bir dəstək alırsınızmı?
- Biz burada kimsə bizə dəstək göstərsin deyə hansısa bir layihə hazırlamırıq. Bu bizim vətənpərvərliyimizdən, vətənimizə olan sevgimizdən irəli gəlir. Amma arxamızda güclü bir diasporumuzu hiss etsək, inanın ki, gözəl işlər görərik. Qeyd edim ki, Azərbaycan diasporundan indiyə qədər heç bir dəstək almamışıq. Diaspor Komitəsinin yeni sədrinə uğurlar arzulayır, ondan gözəl işlər gözləyirik. Dövlətimiz bizə nə qədər sahib çıxsa, biz də o qədər güclü olarıq. Azərbaycan uğrunda canını, qanını verməyə qadir olan insanlarıq. Çox istəyərdim ki, bizləri itirməsinlər, sahib çıxsınlar. Bu gün biz xaricdə Azərbaycan dövləti üçün çox böyük qüvvəyik. Dövlətimizi, millətimizi sevən fədailərik. 
 
- Bəzən deyirlər ki, vətən sərhəddən başlayır. Bəs Cavahir xanım üçün vətən haradan başlayır?
 
- Dünyanın harasında yaşayıramsa-yaşayım, mənim doğulduğum torpaq düşmən tapdağındadır. Qız-gəlinim düşmən əlində əsir olub, yarası qaysaq tutmayan xarabaya çevrilmiş Qubadlım var. Vətənimin sərhədi 26 ildir ki, gedə bilmədiyim, görə bilmədiyim, həsrətindən öldüyüm, yanıb-tutuşduğum, hər gecə yuxularımda gördüyüm Qubadlıdan başlayır...
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000