• cümə axşamı, 25 aprel, 02:20
  • Baku Bakı 19°C

“Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

10.10.18 19:32 599
“Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Oktyabrın 10-da Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin jurnalistlər arasında "Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə təşkil edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, müsabiqənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların rolunu, verdikləri töhfələri araşdırmaq olub. Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə bir sıra tədbirlər keçirir. Bu, xalqımızın inkişafında və dövlətçilik ənənələrinin yaradılmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərimiz qarşısında mənəvi borcdur. Müsabiqə iştirakçıları ötən 100 ildə Azərbaycan qadın hərəkatı tarixində silinməz izlər qoymuş, cəmiyyətdə yüksək nüfuz qazanmış, həyat və fəaliyyətləri ilə daim xatirələrdə yaşayan qadınlarımız haqqında məqalələr təqdim ediblər. Müsabiqəyə 50-yə yaxın yazı təqdim olunub. Yazılar məzmununa, tarixi məlumatlara və faktlara, peşəkarlıq səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsinə görə qiymətləndirilib.
Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi geniş əhatəli fəaliyyəti ilə yanaşı, həm də tariximizdə iz qoyan qadınların rolunu araşdırır. Bu təqdirəlayiq fəaliyyət nəticəsində "Cümhuriyyətə işıq saçan qadınlar” adlı maraqlı bir kitab ərsəyə gəlib.
Sona Vəliyeva ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətdəki fəaliyyətinə hər zaman xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, Ümummilli Lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda qadınların cəmiyyətdə və dövlətin inkişafında rolunun artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq və zəruri hal kimi qiymətləndirib. O qeyd edib ki, bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi gənclərdə yaradıcılığa, elmi fəaliyyətə həvəs oyadacaq.
Günel Anarqızı deyib: "Müsabiqəyə təqdim olunan yazılardan görünür ki, iştirakçılar mövzuya çox diqqətlə yanaşıb, maraqlı faktlar araşdırıb üzə çıxarıblar. Tarixboyu fəal Azərbaycan qadınları saysız-hesabsız olub, onların həm bədii ədəbiyyatımızda, həm mədəniyyətimizdə, həm də elm tariximizdə gördükləri işlər hamımıza məlumdur”.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.





banner

Oxşar Xəbərlər