• cümə axşamı, 25 aprel, 02:52
  • Baku Bakı 19°C

Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək

30.08.19 19:07 1866
Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək
İşğalçı Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisindən və ətraf rayonlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməyib. Bununla yanaşı, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, münaqişənin yalnız bu çərçivədə həllinə dair qətnamələri Ermənistan dövləti tərəfindən qulaqardına vurulub. Rəsmi İrəvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində maraqlı olmadığı dəfələrlə nümayiş etdirilib. Bu azmış kimi, Ermənistanın yeni hökumətində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Naziri vəzifəsini icra edənlər "Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, "yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış ediblər. Ermənistanın baş naziri Nikol Paşinyan isə 2019-cu il avqustun 5-də Xankəndinə səfər edərək, "Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması verib. Erməni baş nazirin Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum” ifadəsini səsləndirməsi bu ölkənin əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını növbəti dəfə ortaya qoyub.

Ərazi bütövlüyü müharibə yolu ilə təmin edilə bilər

Təəssüf ki, Ermənistanın işğalçılıq siyasətinə dünya birliyi, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər seyrçi münasibət sərgiləyirlər. Halbuki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. N.Paşinyan və ətrafının sərsəm bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbə vurur. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir. Əgər belə olmazsa, Azərbaycanın Minsk qrupuna etimadı tamamilə itə, rəsmi Bakı ərazi bütövlüyünü müharibə yolu ilə təmin edə bilər.

Status-kvonu saxlamaq üçün vaxt qazanmaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, erməni baş nazir N.Paşinyanın bir müddət öncə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi fikirlər, o cümlədən Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum” deməsi rəsmi Yerevanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti təsdiqidir. Onun sözlərinə görə, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədib, onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi formasında pərdələməyə çalışıb, müxtəlif bəhanələrə əl atıb: "Lakin indiki halda N.Paşinyan və digər yüksək vəzifəli şəxslərin bu kimi açıqlamaları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir”.


Riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi

Millət vəkili S.Fətəliyeva vurğulayıb ki, N.Paşinyanın son bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə aparılan sülh danışıqlarına zərbə olmaqla bərabər, Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir: "Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir. Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, danışıqlar prosesində iştirak, riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana, özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, bu dövlətin rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə, bu dövlətə qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.


Paşinyan özünü gülünc vəziyyətinə qoyub

Milli Məclisin deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva isə hesab edir ki, son vaxtlar Ermənistanın baş naziri N.Paşinyan sərsəm açıqlamalarla özünü gülünc vəziyyətinə qoyub. Onun fikrincə, N.Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hər vəchlə sülh yolu ilə həllinə mane olmağa çalışır: "Özünü qeyri-adekvat aparan Paşinyan ağılsız bəyanatları ilə saysız-hesabsız vədlər verdiyi erməni xalqına da xəyanət edir. Ermənistanın baş nazirinin bəyanatları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Azərbaycan dövləti heç kimdən çəkinmir. Sadəcə, Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq, sülhü, humanizmi dəstəkləyir, qan tökülməsini, insanların tələf olmasını istəmir, regionda sülhə, sabitliyə, əmin-amanlığa nail olmağa çalışır. Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək tez-tez çıxışlarında Qarabağ icması ilə bağlı məntiqə uyğun olmayan çıxışlar edir. Vaxtilə Qarabağda təkcə azərbaycanlılar deyil, digər millətlərin və xalqların nümayəndələri də yaşayıblar. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq müxtəlif xalqların yaşadığı multikultural ölkədir və bunu bütün dünya bilir”.


Azərbaycan torpaqları işğaldan azad ediləcək

Millət vəkili deyib ki, münaqişənin nizama salınmasında Azərbaycanın mövqeyi birmənalıdır, Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olduğu da hər kəsə bəllidir: "Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını tələb edir. Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad ediləcək. Buna heç bir qüvvə mane ola bilməz”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər