Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək
İşğalçı Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq
Qarabağ ərazisindən və ətraf rayonlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822,
853, 874 və 884 saylı qətnamələri rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə
yetirilməyib. Bununla yanaşı, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər
təşkilat və qurumların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə,
münaqişənin yalnız bu çərçivədə həllinə dair qətnamələri Ermənistan dövləti
tərəfindən qulaqardına vurulub. Rəsmi İrəvanın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişənin həllində maraqlı olmadığı dəfələrlə nümayiş etdirilib. Bu
azmış kimi, Ermənistanın yeni hökumətində Dövlət Təhlükəsizlik Xidmətinin
rəhbəri və Müdafiə Naziri vəzifəsini icra edənlər "Azərbaycana bir qarış
da torpaq qaytarmamaq”, "yeni ərazilər üçün yeni müharibə” kimi
məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış ediblər. Ermənistanın baş
naziri Nikol Paşinyan isə 2019-cu il avqustun 5-də Xankəndinə səfər edərək,
"Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması verib. Erməni baş nazirin
Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum”
ifadəsini səsləndirməsi bu ölkənin əsl məqsədinin işğalçılıqdan başqa bir şey
olmadığını növbəti dəfə ortaya qoyub.
Ərazi
bütövlüyü müharibə yolu ilə təmin edilə bilər
Təəssüf ki, Ermənistanın işğalçılıq siyasətinə
dünya birliyi, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər
seyrçi münasibət sərgiləyirlər. Halbuki, Azərbaycanın işğal olunmuş
ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və
prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır,
təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu
ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik
nümayiş etdirir. N.Paşinyan və ətrafının sərsəm bəyanatları
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk
qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbə
vurur. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk
qrupunun həmsədrləri cavab verməlidir. Əgər belə olmazsa, Azərbaycanın Minsk
qrupuna etimadı tamamilə itə, rəsmi Bakı ərazi bütövlüyünü müharibə yolu ilə
təmin edə bilər.
Status-kvonu
saxlamaq üçün vaxt qazanmaq
Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini,
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, erməni baş nazir
N.Paşinyanın bir müddət öncə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə
qanunsuz səfəri zamanı səsləndirdiyi fikirlər, o cümlədən Ermənistanla Dağlıq
Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum” deməsi rəsmi Yerevanın əsl
məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti təsdiqidir. Onun
sözlərinə görə, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya
siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək
işğalçılıq siyasətini gizlədib, onu Dağlıq Qarabağın erməni əhalisinin öz
müqəddəratını təyin etməsi formasında pərdələməyə çalışıb, müxtəlif bəhanələrə
əl atıb: "Lakin indiki halda N.Paşinyan və digər yüksək vəzifəli şəxslərin bu
kimi açıqlamaları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq
siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət
daşımasının sübutudur. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında
ciddi danışıqlar aparmaq əvəzinə, Azərbaycanın səbrindən və münaqişənin dinc
yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir.
Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin
həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək,
status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Bundan sonra danışıqlar
prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab
verməlidir”.
Riyakarlıq
və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi
Millət vəkili S.Fətəliyeva vurğulayıb ki,
N.Paşinyanın son bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə
aparılan sülh danışıqlarına zərbə olmaqla bərabər, Azərbaycanın ərazi
bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar
müharibəyə təhrikdir: "Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə
regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq
üçün qəsdən vəziyyəti gərginləşdirir. Ermənistan rəhbərliyi açıq-aşkar sübut
edir ki, danışıqlar prosesində iştirak, riyakarlıq və beynəlxalq ictimaiyyəti
aldatmaqdan başqa bir şey olmayıb. Ona görə də beynəlxalq ictimaiyyət
Ermənistana, özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, bu
dövlətin rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud
surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu
yoldan çəkindirməli, münaqişənin sülh yolu, BMT Nizamnaməsi, Helsinki Yekun
Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə
danışıqlar prosesinə məcbur etməlidir. Ermənistan sülhə məcbur edilməli və
açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə, bu dövlətə qarşı sanksiyaların
tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.
Paşinyan
özünü gülünc vəziyyətinə qoyub
Milli Məclisin
deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən
Mustafayeva isə hesab edir
ki, son vaxtlar Ermənistanın baş naziri N.Paşinyan sərsəm açıqlamalarla özünü
gülünc vəziyyətinə qoyub. Onun fikrincə, N.Paşinyan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hər vəchlə sülh yolu ilə həllinə mane olmağa
çalışır: "Özünü qeyri-adekvat aparan Paşinyan ağılsız bəyanatları ilə saysız-hesabsız
vədlər verdiyi erməni xalqına da xəyanət edir. Ermənistanın baş nazirinin
bəyanatları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Azərbaycan dövləti
heç kimdən çəkinmir. Sadəcə, Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq,
sülhü, humanizmi dəstəkləyir, qan tökülməsini, insanların tələf olmasını
istəmir, regionda sülhə, sabitliyə, əmin-amanlığa nail olmağa çalışır.
Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək tez-tez
çıxışlarında Qarabağ icması ilə bağlı məntiqə uyğun olmayan çıxışlar edir.
Vaxtilə Qarabağda təkcə azərbaycanlılar deyil, digər millətlərin və xalqların
nümayəndələri də yaşayıblar. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq
müxtəlif xalqların yaşadığı multikultural ölkədir və bunu bütün dünya bilir”.
Azərbaycan
torpaqları işğaldan azad ediləcək
Millət vəkili deyib ki, münaqişənin nizama
salınmasında Azərbaycanın mövqeyi birmənalıdır, Dağlıq Qarabağın tarixən
Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olduğu da hər kəsə
bəllidir: "Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində ərazi bütövlüyünün bərpa edilməsini, etnik təmizləməyə məruz qalmış
vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını tələb edir. Prezident
İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə
danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial
mövqeyindən geri çəkilməyəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı
düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini
tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad ediləcək. Buna
heç bir qüvvə mane ola bilməz”.
Alpər
TURAN