• cümə, 29 Mart, 08:50
  • Baku Bakı 5°C

“Azərbaycan prezidentinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır”

12.02.19 09:30 1697
“Azərbaycan prezidentinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır”
Azərbaycan Prezidenti İlham Əliyevin minimum əmək haqqının artırılması ilə bağlı sərəncamı sosial siyasətin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən olduğunu bir daha sübut etdi. Sosial şəbəkələrdə bu qərar cəmiyyətin böyük kəsimi tərəfindən dəstəklənir. Bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili ilə söhbətləşdik.
- Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il martın 1-dən minimum aylıq əməkhaqqının məbləği 180 manatadək artırıldı. Bu qərar ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına necə təsir göstərəcək?
- Hər il Prezident İlham Əliyevin sərəncamı ilə həm dövlət qulluğunda çalışanların, həm də bütövlükdə ölkədə orta aylıq maaşların artması ilə bağlı tədbirlər görülür. Bu dəfə ki artımla Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı ilə yaşayış minimumu eyniləşdirildi. Çünki ilk dəfə olaraq yaşayış minimumu büdcə qəbul olunanda 173 manatdan 180 manata qaldırılmışdı. Amma minimum əmək haqqının səviyyəsi yaşayış minimumundan daha aşağı səviyyədə qalmışdı. Bu dəfəki fərmanla həm minimum əmək haqqı, həm də yaşayış minimumu 180 manat oldu. Bu o deməkdir ki, minimum əmək haqqının səviyyəsi birdən-birə 130 manatdan 180 manata qalxdı. Bu təxminən 40 faizə yaxın artım deməkdir və bütövlükdə maaş sistemində çox böyük və inqilabi dəyişiklikdir. Çünki birdən-birə bu qədər dəyişikliyin edilməsi onun üçün maliyyə mənbəyinin olması əsas amillərdəndir. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bütövlükdə, az əmək haqqı alan əhalinin maaşı 40 faiz artacaq. Maaşı 130-180 manat arası olan təbəqənin bundan sonra alacağı əmək haqqı 180 və ondan daha yuxarı olacaq. Belə bir artım insanların həyat tərzinin yaxşılaşmasına, həm də iqtisadi aktivliyin artmasına xidmət edəcək. Çünki maaşların artımı son nəticədə iqtisadiyyatın da daha çox canlanmasına səbəb olur. İkinci bir tərəfdən təcrübə göstərir ki, minimum əmək haqqının artırılması daha sonra orta aylıq əmək haqqının artmasına da səbəb olacaq. Çünki bu zəncirvari reaksiyadır və son nəticədə bütün təbəqədən olan insanların maaşına təsir edir. Məhz bu stimulun verilməsi ölkədə bütövlükdə əmək haqqlarını daha artmasına səbəb olacaqdır ki, bu da həm əhalinin həyat tərzinin yaxşılaşmasına, həm də iqtisadiyyatda aktivliyin artmasına səbəb olacaq.Onu da qeyd edim ki, yanvarın 1-dən etibarən yeni Vergi Məcəlləsinin qəbul olunması ilə Azərbaycanda qeyri-neft sektoru və qeyri-dövlət qurumlarında çalışanların maaşlarında gəlir vergisi ləğv olunub. Həm gəlir vergisinin ləğv olunması, həm də minimum əmək haqqının 180 manata qaldırılması ölkədə qeyri-leqal əmək haqqının səviyyəsinin aşağı düşməsinə ciddi təsir edəcək. Bu da son nəticədə insanların daha çox pensiya ilə təmin olunmasına səbəb olacaqdır. Çünki bildiyiniz kimi, bir çox hallarda, yəni həm minimum əmək haqqının aşağı, həm də qeyri-leqal əmək haqqı ilə bağlı halların olması Dövlət Sosial Müdafiə Fonduna az ödənişlərin edilməsinə imkan yaradırdı. Bu da sonradan vətəndaşların pensiya təminatına çox ciddi təsir edirdi. Amma məhz minimum əmək haqqının qaldırılması və qeyri-leqal məşğulluğun aşağı düşməsi insanların gələcək pensiya təminatına da ciddi təsiri olacaq ki, bu baxımdan cənab prezidentin bu qərarı həm bugünkü gün, həm də gələcək üçün çox strateji bir qərardır.
- Bundan əvvəl dövlət başçısı şəhid ailələri ilə də görüşdü və "birdəfəlik yardım”la bağlı əlavə qərar qəbul etdi. Bütün bu faktları Azərbaycan dövlətinin uzun illərdir həyata keçirdiyi sosialyönümlü siyasətin tərkib hissəsi kimi qiymətləndirə bilərikmi?
- Azərbaycan prezidentinin sosial siyasəti, həm də məsələyə maaşların artımı kontekstindən baxsaq, hər il ardıcıl olaraq həyata keçirilən siyasətdir. Bildiyiniz kimi, şəhid ailələrinə və vərəsələrinə "birdəfəlik yardımı”n ödənilməsi dövlət başçısının birbaşa şəxsi təşəbbüsü idi. Onun məhz bu təşəbbüsü reallaşdırılması, eləcə də əhatə dairəsinin genişləndirilməsi ilə bağlı verdiyi qərarlar Azərbaycan prezidentinin sosial siyasətinin mühüm tərkib hissədir.Eləcə də dövlət büdcəsi də qəbul olunanda bildiyiniz kimi, hər 100 manatın təxminən 34 manatı dövlətin sosial siyasəti ilə bağlı xərclərə yönəldilir. Şəhid ailələrinin, eyni zamanda əlil olmuş şəxslərin mənzillə təminatı, qaçqın və məcburi köçkünlərə mənzillərin tikilməsi və təminatı, həmçinin əlil olmuş şəxslərə avtomobillərin verilməsi, bütövlükdə əhalinin tibbi müayinədən keçirilməsi və digər bu kimi addımların hamısı dövlət başçısının həyata keçirdiyi sosial siyasətin mühüm tərkib elementləridir. Bunlar bir daha sübut edir ki, Azərbaycan prezidentinin bugünkü sosial siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Bu vətəndaşlar həm şəhid ailəsidir, həm Qarabağ əlilidir, eyni zamanda qaçqın və məcburi köçkünlərdir, həm də sosial qayğıya ehtiyacı və əlavə olaraq, daha az maaş alan təbəqəyə aid olan insanlardır.
- Minimum əmək haqqının azlığını əsas gətirən bəzi "iqtisadçılar” dövlət başçısının bu qərarından sonra məsələyə tamam başqa cür yanaşırlar. Bu nə ilə bağlıdır?
- Bir sıra insanlar var ki, hər hansı yaxşı bir addım atılanda belə, onu tənqid etmək, müsbət effektini qaralamaq üçünbəhanə tapırlar. Amma bir az dərinə gedəndə, bu adamlarla dialoq quranda, yaxud da konkret rəqəmlər üzərindən danışanda istənilən halda onların hər hansı bir arqumentinin olmadığı üzə çıxır. Bu gün internetin və sosial şəbəkənin verdiyi bir imkan var. Yəni bir çox insanların rəqəmlərə və ya iqtisadi biliklərə sahib olmadığından istifadə edərək arqumentsiz və isbat olunmamış formada çıxışlar edirlər. Biz buna birtərəfli informasiya deyirik və verilən belə birtərəfli informasiyada onlar özlərinin ciddi hesab etdiyi fikirlər irəli sürürlər ki, bunların da heç bir əsası yoxdur. Çünki istənilən halda bu gün minimum əmək haqqının qaldırılmasının effektinin az olmasını demək absurddur. Bu qərar cəmiyyətin böyük əksəriyyətini əhatə edir və insanların daha çox maaş almasına imkan verəcək, bütövlükdə onların maddi təminatını yaxşılaşdıracaq. Eləcə də iqtisadçılar bilir ki, bu artımın iqtisadiyyata verdiyi effekt də kifayət qədər böyükdür. Ona görə də düşünürəm ki, bu cür insanların fikirlərini ciddi qəbul etmək lazım deyil. Bizim üçün əsas məsələ insanların bunu öz həyatında hiss etməsi və iqtisadi aktivliyin artması, eləcə də ölkənin gələcəyə yönələn strategiyasının arzu olunan səviyyədə həyata keçirilməsidir. Çünki iqtisadiyyat bu gündən ibarət deyil. Azərbaycanda verilən iqtisadi qərarlar kifayət qədər ciddi yanaşmalara və rəqəmlərə əsaslanır və bu yanaşmaların son nəticəsi Azərbaycan vətəndaşının bunu öz üzərində hiss etməsidir.
- Sizcə, minimum əmək haqqının artırılması sosial sferada hansı müsbət dəyişikliyi özündə ehtiva edəcək?
- Ümumilikdə, minimum əmək haqqının artırılması hər bir təbəqədən olan insanların gündəlik həyatına çox böyük təsir edəcək. Bildiyiniz kimi, bu insanların bir hissəsi özəl sektorda çalışır, digər hissəsi isə dövlət qulluğu olmayan dövlət sektorunda çalışır və vahid tarif cədvəli ilə maaş alırlar. Məsələn, belə insanlar Milli Elmlər Akademiyasında və yaxud da digər belə qurumlarda çalışırlar. Yəni, bu insanların istənilən halda həyat tərzinin qaldırılması üçün bu qərar çox böyük dəstək oldu. Digər tərəfdən, təcrübə göstərir ki, minimum əmək haqqının artırılması maaşları 180 manatdan yuxarı olan insanların da aldıqları əmək haqqının artmasına səbəb olur. Çünki iqtisadiyyatda baş verən hadisələr zəncirvari şəkildə digər əlaqələrə təsir edir. Hətta 300-400 manat alan insanların belə maaşında hökmən artım olacaq. Bu qərar bütövlükdə hər kəsin maddi təminatının daha da yaxşılaşmasına xidmət edəcəkdir.İnsanlar daha çox maaş aldıqca onların istehlaka yönələn xərcləri də artacaq. Yəni bu da iqtisadiyyatın canlanmasına, milli istehsalın daha çox dəstəklənməsinə səbəb olur .
- Bu artım ümumilikdə orta aylıq əmək haqqına necə təsir edəcək?
- İstənilən halda, zəncirvari reaksiyanın olması onu deməyə əsas verir ki, minimum əmək haqqının qalxması sonda orta aylıq əmək haqqının da artmasına səbəb olacaqdır. Çünki belə bir təcrübə var ki, minimum əmək haqqı daha çox artdıqca ondan yüksək olan əmək haqqının da artmasına səbəb olur. Misal üçün, 130 manat alan insanın maaşı 180 manata qədər qalxırsa, o zaman 300 manat alanın da maaşı artacaq. Yaxud da indiyədək 180 manat alan insanın da əmək haqqı qalxacaqdır. Əmək haqlarının hansı sahələrdə və hansı intervalda artacağı artıq həmin müəssisənin daxili siyasəti ilə bağlıdır. Amma iqtisadi və məntiqi cəhətdən izah etsək, təcrübə göstərir ki, hər bir halda, bu qərar bütün təbəqələr üzrə olan insanların maaşlarının artmasına gətirib çıxaracaq.
- Sosial-iqtisadi sahədə atılan hər hansı müsbət addım istər daxildəki "beşinci kolon” üzvlərini, istərsə də xaricdə olan antimilli qüvvələri narahat edir.
- Əslində onların narahat olması bizim uğurumuzdur. Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas iki məqsədi var: birincisi, insanlar daha çox sevinsinlər, ikincisi, düşmənlər daha çox məyus olsunlar. Bu gün xaricdə oturan, yaxud da Azərbaycan əleyhinə fəaliyyət göstərən, dövlət başçısını istəməyən, ölkəmizin uğurlu siyasətini qəbul etməyən insanların daha çox məyusluğu Azərbaycanın həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticələrini gözlərinin götürməməsi ilə bağlıdır. Azərbaycanı istəməyən qüvvələrin narahatlığına və məyusluğuna baxmayaraq, bizim üçün əsas olan ölkə vətəndaşlarının daha yaxşı və təhlükəsiz yaşamasıdır. Hesab edirəm ki, Azərbaycanı istəməyən insanlar bu gün də var, dünən də var idi, sabah da olacaq. Biz daha da inkişaf etdikcə onların sayı arta da bilər. Çünki bizi gözü götürməyən bir çox qüvvələr var ki, Azərbaycan inkişaf etdikcə onların da fəaliyyəti aktivləşir və bir çox hallarda aqressivləşirlər. Azərbaycanın inkişafının əsas məqsədi bu antimilli qüvvələrin nə deməsindən və hərəkətindən asılı olmayaraq, ölkəmizi və onun vətəndaşını daim güclü etməkdir ki, bizi istəməyənlərin qarşısında daha güclü dayanaq və hücumlarını dəf edək. Bu hücumlar hər zaman olacaq, çünki biz müstəqil siyasət yürüdürük və Azərbaycanın öz yolu var. Bu gün Azərbaycanın resursları kifayət qədərdir.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər