• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

“Azərbaycan prezidentinin səfəri İran üçün ciddi əhəmiyyət daşıyır”

11.04.14 09:20 1917
“Azərbaycan prezidentinin səfəri İran üçün ciddi əhəmiyyət daşıyır”
Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri baş tutdu. Rəsmi görüşlər, müxtəlif bəyanatlarla yadda qalan səfər ətrafında müxtəlif müzakirələr aparılır. Bu mövzuda “Kaspi”nin suallarını isə millət vəkili Aydın Mirzəzadə cavablandırır.
- Aydın bəy, ölkə başçısının İrana uzun müddətdən sonra edilən bu səfərini necə qiymətləndirirsiniz?

- Prezident cənab İlham Əliyevin qonşu İrana səfəri həm Azərbaycan, həm də İran ictimaiyyətinin diqqətini tam olaraq üzərinə çəkdi. Hər iki ölkənin mətbuat orqanları bu səfəri geniş işıqlandırırdılar. Cənab prezidentin bəyanatı, keçirilən görüşlərin nəticələri barədə böyük analitik yazılar verilirdi. Bu kimi hallar təsdiqləyir ki, Azərbaycan prezidentinin səfəri İran üçün xeyli ciddi əhəmiyyət daşıyır. İran bizim üçün yaxın, qonşu dövlətdir. Bizi ortaq dəyərlər birləşdirir. Tariximiz, mədəniyyətimiz, eyni zamanda, dil, din faktoru var ki, bu, bizim yaxınlığımızı qaçılmaz edir. İranla bir sıra məsələlərdə ümumi baxışlarımız var. Ən əsası odur ki, İranla Azərbaycan hansısa məsələdə fərqli fikirlər ortaya qoyanda danışıqlar yolu ilə, bir-birinin mövqeyinə hörmət bəsləməklə narazılığın həllini axtarmağa çalışırlar. Bu cür mədəniyyət sərgilənən zaman bir sıra məqamlar rahatlıqla həllini tapır. Bildiyiniz kimi, prezidentin səfəri zamanı müxtəlif görüşlər baş tutdu, ayrı-ayrı məsələlər müzakirə olundu. Demək olar ki, Azərbaycan-İran münasibətlərinin bütün sahələri nəzərdən keçirildi. Mənə belə gəlir ki, müzakirələr iki ölkənin münasibətlərini dərinləşdirmək üçün kifayət qədər əsasların olduğunu göstərdi və böyük ehtimalla, gələcəkdə bu səbəblərə istinad ediləcək. Eyni zamanda, beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi edilməsi də mövqeləri daha dərindən öyrənməyə, bir-birini yaxşı başa düşməyə kömək edir. Bu görüş təkcə ölkələrin ortaq maraqlarına xidmət etmirdi. Qeyd etməliyəm ki, Azərbaycan tərəfi özünün aktual məsələləri ilə bağlı ciddi bəyanatlar verdi. Ərazi bütövlüyümüzün pozulması, Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsi, hələ də buna son qoyulmaması ilə bağlı verilən bəyanatlar hesab edirəm ki, tək İran ictimaiyyəti üçün deyil, bir daha bütün dünya ölkələrinin xatırlaması üçün idi. Cənab İlham Əliyev həm prezident Həsən Ruhani, həm də İranın ali dini rəhbəri ilə görüşlərində Azərbaycanın dostluğumuzun möhkəmləndirilməsində maraqlı olduğunu nümayiş etdirdi. Ona görə də hesab edirəm ki, bu səfər Azərbaycan-İran yaxınlığının növbəti göstəricisi oldu. Yəqin ki, bundan sonra da belə səfərlər təşkil ediləcək. Çünki İran Azərbaycanın timsalında etibarlı dost, inkişaf etməkdə olan ölkə, ən əsası isə bir sıra məsələlərdə əməkdaşlıq etməyə hazır olan dövlət nümunəsi gördü.
- Azərbaycan prezidenti İranın nüvə məsələsi ilə bağlı mövqeyini dəstəkləyib. Bunun İran-Azərbaycan və Azərbaycan-ABŞ münasibətlərinə təsiri necə ola bilər?

- Azərbaycan həmişə mövqeyini açıq bildirir və bunun beynəlxalq hüquq normaları çərçivəsində olduğu dəfələrlə sübut olunub. Azərbaycan İranın nüvə tədqiqatları aparmaq hüququnun olduğunu bildirib. Çünki ölkəmiz bu durumu qanuni hesab edir. Nəzərə çatdırım ki, Azərbaycanın mövqeyi həm beynəlxalq hüququn, həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi - MAQATE-nin mövqeyi ilə üst-üstə düşür. Yəni, bu məsələdə Azərbaycan beynəlxalq təhlükəsizliyə zərər gətirəcək hər hansı fikir bildirmir. Əksinə, nüvə tədqiqatlarının aparılması, texnologiyadan istifadə edilməsi bu gün tək İran və müəyyən ölkələr üçün deyil, hər bir ölkə üçün arzuolunan ola bilər. ABŞ Azərbaycanın sərgilədiyi münasibətlə tanışdır. Ölkəmiz Avropa və ABŞ-ın nüvə silahları ilə bağlı olan narahatlığını da bölüşür. Hesab edirəm ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı mövqeyi kifayət qədər aydındır.
- Sizcə, bu səfər Azərbaycanla İran arasında mövcud olan problemlərin həllinə necə təsir edə bilər?

- Bu cür səfərlər elə ondan ötrü edilir ki, müəyyən problemlər aradan qaldırılsın, münasibətlər daha da möhkəm olsun. Təbii ki, müəyyən problemlərin olduğunu gizlətmək mümkün deyil və bu, hamıya məlumdur. Xatırladım ki, narahatlıqların həllini tapması üçün hər zaman cəhd olunub. Azərbaycan belə məqamlarda açıq danışır, konkret mövqeyi ortaya qoyur. Təəssüf ki, bu gün İran Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanla sıx siyasi, iqtisadi, hərbi münasibətlər saxlayır. Belə vəziyyət bizi heç cür razı sala bilməz və durumdan xeyli narahatıq. İran bu hərəkətini müəyyən qədər izah edir. Bunu bütün dövlətlərlə bərabər münasibət saxlamaqla bağlayır. Halbuki İranın Ermənistana iqtisadi dəstək verməsi düşmən ölkənin Azərbaycan torpaqlarını işğalda saxlama müddətini daha da uzadır. Həmçinin Xəzərin hüquqi statusu məsələsində də İranın mövqeyi ölkəmizin maraqlarına cavab vermir. Onlar Xəzər dənizinin beş bərabər hissəyə bölünməsini təklif edirlər. Bu isə İran sərhədinin gəlib Xəzər dənizinin Bakı hövzəsinə yaxınlaşmasına səbəb olur. Biz bu məsələdə də mövqeyimizi açıq şəkildə bildirmişik. Düşünürəm ki, problemlər müzakirə edildikcə, haqqında danışıldıqca, tərəflər daha çox münasibətdə olduqca həllini tapır.
- Qeyd etdiyiniz kimi, Azərbaycan hər zaman İranın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətindən, Ermənistana qucaq açmasından narazı qalıb. Bu səfər zamanı isə Ruhani münaqişənin həlli ilə bağlı söylədiyi fikirlərdə Azərbaycanın mövqeyinə yaxınlığı ilə seçildi. Necə düşünürsünüz, bu görüntü xarakteri daşıyır, yoxsa doğrudan da İran fərqli mövqe nümayiş etdirmək niyyətindədir?

- Təbii ki, bu məsələ aramızda narazılıq yaradan əsas məqamdan biridir və hər kəsin təəssüflə vurğuladığı nüansdır. Hər halda, bu, İran dövlət başçısının bəyanatı idi. Azərbaycan ümid edir ki, bu rəsmi bəyanat ümumilikdə İranın Dağlıq Qarabağ münaqişəsinin həllində daha obyektiv, daha real iştirakına gətirib çıxaracaq. İnanmaq istərdik ki, ümidlərimiz həqiqətə çevriləcək.
- Nüvə məsələsində ABŞ və Avropa ilə anlaşma əldə etdikdən sonra Azərbaycanla İran arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi mümkündürmü?

- Şübhəsiz ki, əlaqələr daha da genişlənəcək. Deyərdim ki, elə indinin özündə də iki ölkə arasındakı münasibətlər xeyli genişdir. Azərbaycanla İran arasında ticari, iqtisadi əlaqələr illik 500-600 milyon dollar təşkil edir. Məlum məsələdir ki, hər il yüz minlərlə insan qarşılıqlı surətdə Azərbaycandan İrana və oradan ölkəmizə səfər edir. Bu gün arada olan humanitar əlaqələr kifayət qədər güclüdür. Ancaq ABŞ və Avropanın İrana qarşı qoyduğu iqtisadi sanksiyalar Azərbaycanı da bu qadağaları gözləməyə vadar edir. Onlar götürüldükdən sonra əlaqələrin daha da genişlənəcəyi gözləniləndir.
- Bəs İran-Azərbaycan münasibətlərinin gələcəyini necə proqnozlaşdırırsınız?

- Bütün hallarda, iki dövlət dost, qardaş olmağa, ümumi baxışlar axtarmağa və regionda stabillik, sülh uğrunda mübarizəni birlikdə aparmağa yaxşı mənada, məhkumdur. Hesab edirəm ki, hər iki ölkə bu məqamı yaxşı dərk edir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər