AZE | RUS | ENG |

“İslahatların nəticələrini görürük və bundan sonra da görəcəyik” - Müsahibə - Video

“İslahatların nəticələrini görürük və bundan sonra da görəcəyik” - Müsahibə - Video
Əli Həsənov: “Prezident İlham Əliyevin daxili və xarici siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Azərbaycan Televiziya və Radio Verilişləri (AzTv) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Həftə” proqramında aparıcı Rövşən Məmmədovun qonağı olub. Prezidentin köməkçisi Ə.Həsənov 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərindən ötən bir il ərzində ölkənin həyatında baş verən mühüm hadisələr, xalq-lider birliyi, bugünkü reallıqlar və gələcək hədəflər, Fransanın "Opinion Way” şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri və sairlə bağlı jurnalistin suallarını cavablandırıb.  
- Əli müəllim, 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən bir il ötür. Məhz ötən il keçirilən seçkilərdən sonra islahatların yeni dalğasına start verildi. Həmin islahatların ortaya çıxardığı bugünkü nəticələri necə dəyərləndirirsiniz? Ötən bir ildə hansı nailiyyətlərə imza atılıb?
- Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın "Opinion Way” şirkətinin keçirdiyi geniş rəy sorğusunun nəticələri, həmçinin indiyə qədər həyata keçirilən islahatlar, görülən işlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti kifayət qədər nəticəli olub. İlk növbədə görünən, müşahidə olunan, eləcə də sorğunun ortaya çıxardığı məsələ fəaliyyətin dinamikasıdır. Tək son bir ildə deyil, ümumilikdə ötən 16 il ərzində Prezident İlham Əliyevin fəaliyyəti hər zaman dinamik olub. Dövlət başçısının indiyə qədər təsdiq etdiyi 4 regional inkişaf proqramından 3-nün tam yerinə yetirilməsi, 1-nin isə hazırda icra olunması nəticəsində Azərbaycanın bütün regionları tamamilə yenidən qurulub, siması əsaslı şəkildə dəyişib, infrastruktur layihələr reallaşdırılıb, o cümlədən əhalinin elektrik enerjisi və qaz təchizatı, içməli su təminatı daha da yaxşılaşdırılıb, yollar, müxtəlif təyinatlı sosial obyektlər yenidən qurulub. Faktiki olaraq Azərbaycanın regionları tamamilə yenidən qurulub. Ötən bir il ərzində Prezident İlham Əliyev regionlara 24 dəfə səfər edib. Dinamikanı görürsünüzmü? Bu, o deməkdir ki, dövlət başçısı 5 ilə regionlara 100-dən artıq səfər edir. Həmin səfərlərdə Prezident İlham Əliyev nəinki verdiyi göstərişlərin, tapşırıqların yerinə yetirilmə səviyyəsini yoxlayır, eyni zamanda ölkə vətəndaşları, yerli sakinlərlə intensiv təmasda olur, çoxsaylı görüşlər, ayrı-ayrı sahələri, xüsusən də kənd təsərrüfatının inkişafını nəzərdə tutan müşavirələr keçirir. Son bir ildə isə fəaliyyət dinamikası daha çox hiss olunur. Bu dinamika "Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələrində də öz əksini tapıb. Azərbaycan xalqı hər zaman hər şeyin daha dinamik, tez və nəticəli həyata keçirilməsini arzu edir. Sorğunun nəticələri də onu göstərdi ki, Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti sözün həqiqi mənasında xarakterizə edən əsas məsələlərdən biri fəaliyyətin dinamikası, sistemlilikdir. Yeni Azərbaycan Partiyasının 11 aprel prezident seçkiləri ərəfəsində keçirilən qurultayında Prezident İlham Əliyev qısa, lakonik, lakin kifayət qədər məzmunlu, proqram xarakterli çıxış etdi. Bu çıxışında o, gələcək fəaliyyətinin müəyyən konturlarını açıqladı. İslahat siyasətini də ilk dəfə o zaman bəyan etdi. Prezident kimi fəaliyyətə başladığı yeni dönəmdə dövlət idarəçilik sistemində Azərbaycan üçün zəruri sahələri əhatə edən vergilər, sosial təminat, gömrük sistemlərini, idxal-ixrac proseslərini, əhalinin ərzaq təminatını və təhlükəsizliyini təmin edən sistemləri və sair sahələri əhatə edən islahatlar başlandı. 2018-ci ilin aprel ayından dekabr ayına qədər bu sahələrin fəaliyyəti yeniləndi. Cari ilin yanvar ayında biz bu islahatların nəticələrini gördük. Vergi sistemində həyata keçirilən islahatlar, nizam-intizam, şəffaflıq, idarəçilik sisteminin təkmilləşdirilməsi nəticəsində cari ilin yanvar ayında vergi daxilolmaları artdı. Dövlət büdcəsinə əlavə vəsaitlər daxil oldu. Prezident İlham Əliyev bundan irəli gələrək genişmiqyaslı sosial paket ortaya qoydu. Bu sistemlilik fəaliyyət dinamikası ilə birlikdə ötən bir ilin xarakteristikasını ortaya qoyan məsələlərdir.
- Söylədiklərinizə dəstək olaraq, ötən bir ili əvvəlki illərdən fərqli olaraq dinamik inkişaf tempi, həyata keçirilən islahatlar, sosial siyasətin daha da aktivliyi ilə xarakterizə etmək olar. İstərdim ki, sosial məsələlərə ayrıca olaraq toxunaq. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, vətəndaşın rifahı, sosial müdafiəsi siyasətimizin ana xəttini təşkil edir. Son bir il ərzində atılan hansı sosial xarakterli addımlar vətəndaşın məhz Prezident İlham Əliyevin yanında olduğunu sübut etdi?
- Prezident İlham Əliyevin fəaliyyətinin əsas xarakterik xüsusiyyətlərindən biri onun siyasətinin təməlində, mərkəzində Azərbaycan vətəndaşının rifahının, maraqlarının və gündəlik qayğılarının dayanmasıdır. Prezident İlham Əliyevin belə bir aforizmi var: "Mən istəyirəm ki, Azərbaycanda heç bir insanın hər hansı problemi olmasın”. Heç bir insanın heç bir probleminin olmaması istəyi dünyada öz ölkəsinə rəhbərlik edən bütün prezidentlərin arzusudur. Çünki, hər bir prezidentin sosial dayağı bununla şərtlənir. Prezident İlham Əliyev söz və əməl sahibidir. O, demək olar ki, bütün fəaliyyətini ölkə vətəndaşlarının maraqları üzərində qurur. Həyata keçirilən hər bir tədbirin dövlət başçımız üçün iki dəyər və qiymət meyarı var. Birincisi dövlətin maraqlarının təmin olunması, ikincisi insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Prezidentin fəaliyyətinin ictimai əhəmiyyətliliyi bu iki meyar üzərində qurulub. Ona görə də Prezident İlham Əliyevin daxili və xarici siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Konkret sosial siyasətə gəlincə, cari ilin yanvar, fevral və mart ayı ərzində Prezident İlham Əliyevin qəbul etdiyi sosialyönlü paketlər, o cümlədən fərman və sərəncamlar, icra olunan tədbirlər Azərbaycan əhalisinin az qala yarısını əhatə edir. Təxminən 4 milyondan artıq əhalimiz son addımlar nəticəsində özünün sosial-iqtisadi vəziyyətini yaxşılaşdırıb. Bunun nəticələrini biz artıq görürük və bundan sonra da görəcəyik. "Opinion Way” şirkətinin fevral-mart aylarını əhatə edən sorğusunun nəticələri də qeyd edilənləri bir daha nümayiş etdirir. Son aylar ərzində Prezident İlham Əliyev tərəfindən imzalanan və sosial sahəni əhatə edən fərman və sərəncamların maliyyə yükü büdcədən əlavə 2,5 milyard manata yaxındır. Prezident İlham Əliyevin ötən il Prezident seçildikdən sonra imzaladığı ilk Fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin cari il yanvarın 28-də imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edib. Bununla yanaşı, indiyə qədər ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı mühüm addımlar atılıb. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Digər tərəfdən, ölkədə ümumilikdə həyata keçirilən pensiya islahatı nəticəsində əmək pensiyasının minimum məbləği artırılıb. Bununla bağlı son sərəncam 233 min nəfəri əhatə edib. Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı sərəncam isə 850 minə yaxın vətəndaşı əhatə edir. Tələbələrin təqaüdlərinin artırılması barədə sərəncam 110 mindən artıq tələbəni sevindirib, onların maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına təkan olub. Bütün bunları ümumiləşdirsək, dövlət inqilabi addımlar atıb, çoxsaylı sosial layihələr həyata keçirilib. Prezident İlham Əliyevin sosial paketi onun humanistliyindən, siyasətinin mərkəzində vətəndaş amilinin dayanmasından xəbər verir. Bundan başqa, Prezident İlham Əliyev bütövlükdə istəyir ki, Azərbaycanda heç bir vətəndaşın heç bir problemi olmasın, dövlətin, xalqın, millətin təhlükəsizliyi təmin olunsun, beynəlxalq aləmlə münasibətlər daha da yaxşılaşsın.
- Son bir ildə beynəlxalq münasibətlər sistemində ölkəmizin əldə etdiyi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya dövlətlərinin və beynəlxalq təşkilatların münasibətini necə qiymətləndirmək olar?
- Prezident İlham Əliyevin dövründə 2003-cü ildən başlayaraq reallaşdırılan xarici siyasət nəticəsində dünyanın əksər beynəlxalq təşkilatları, dünya siyasətinin formalaşmasında iştirak edən əksər aktorlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ermənilərin ərazilərimizi işğal etməsi faktını dəyərləndirib, işğalçı qüvvələrin bu əraziləri tərk etməsi barədə müxtəlif qətnamələr qəbul edib. Ulu öndər Heydər Əliyevin zamanında BMT-nin məlum 4 qətnaməsi qəbul olunub. Bu qətnamələr Ermənistan işğalını təsdiq edir və işğal olunan ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edir. İslam Əməkdaşlıq Təşkilatının da Cakartada qətnaməsi qəbul olunub və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dəyərləndirilib, Azərbaycan torpaqlarının işğalı faktı tanınıb. ATƏT-in Minsk qrupu yaradılarkən də müvafiq qərarlar qəbul olunub. Prezident İlham Əliyevin dövründə də bu tipli 12-14 qətnamə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Həmin qətnamələrin mütləq əksəriyyətində Azərbaycanın ərazi bütövlüyü təsdiq olunub, dəstəklənib. Azərbaycanın xarici siyasətində bir neçə mühüm məqam var. Əvvəla Azərbaycan elə bir bölgədə yerləşir ki, iki qarşı-qarşıya duran blokun hərbi-geostrateji maraqları bu bölgədə təmin olunub. Bunlar NATO və KTMT-dir. Bunlar Cənubi Qafqazda təhlükəsizlik mühitini müəyyən edirlər. Bu çərçivədə Prezident İlham Əliyevin seçdiyi ən doğru yol Qoşulmama Hərəkatına üzv olmaqdır. Dünyanın 120 ölkəsinin üzv olduğu bu təşkilata cari il Azərbaycan rəhbərlik edəcək. Lakin bu o demək deyil ki, Azərbaycan NATO və KTMT-dən üz döndərib. Hər iki təşkilatla da Azərbaycanın tərəfdaşlıq münasibətləri davam etdirilir. Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində tərəfdaşlığını davam etdirir, beynəlxalq sülhün təmin olunmasına töhfə verir, Şimali Atlantika Alyansının üzvü olan dövlətlərdən öz ordu quruculuğumuzda yararlanır, müasir silah-sursat, texnologiya məsələlərini ikitərəfli çərçivədə həll edirik. KTMT üzvü olan bəzi dövlətlərlə, xüsusən də Rusiya ilə hərbi-texniki, hərbi-strateji əməkdaşlıq münasibətləri davam etdirilir. Prezident İlham Əliyevin xarici siyasəti nəinki Azərbaycanın təhlükəsizliyinin təminatı məsələsində, eləcə də gələcəkdə ərazi bütövlüyümüzün təminatı məsələsində, bütövlükdə Azərbaycanın maraqları üzərində qurulmuş kifayət qədər effektli təhlükəsizlik siyasətinin reallaşmasında önəmli rol oynayır. Transmilli dünya ilə bizim nəqliyyat, enerji siyasətimizi də qeyd etmək yerinə düşər. Təsəvvür edin, faktiki olaraq dünya dənizlərinə, okeanlara çıxışı olmayan Azərbaycan dünyanın nəqliyyat-kommunikasiya, logistika mərkəzinə çevrilib. Azərbaycan həyata keçirdiyi layihələrlə dünyanın nəqliyyat, enerji xəritələrində dəyişiklik edib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzində yerləşir və bu kimi beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında mərkəzi dövlət kimi mühüm rol oynayır. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü kifayət qədər hədəfli, sistemli, effektli xarici siyasətin nəticəsidir.
 
 
Hazırladı:
Rufik İSMAYILOV
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916