• çərşənbə axşamı, 23 aprel, 19:48
  • Baku Bakı 20°C

“Bolqarıstan və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək” - Yenilənib

15.01.18 21:03 568
“Bolqarıstan və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək” - Yenilənib
«Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək».

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham ƏliyevBakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.

«İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik», deyə dövlət başçısı qeyd edib.

Prezidentİlham Əliyevdeyib ki, bugünkü danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. "Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. "Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu ilTANAPlayihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir. Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”.

Dövlət başçısı xatırladıb ki, keçən ilin oktyabr ayındaBakı-Tbilisi-Qarsdəmir yolunun Bakıda təntənəli açılışı olub: "Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. ArtıqBakı-Tbilisi-Qarsdəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”.

Prezident İlham Əliev deyib ki, sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək: "Azərbaycanın "Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəkdir”.

Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığıdərinləşdirir: "Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.
----------
19:22

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidentiİlham Əliyevvə Bolqarıstan baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
----------
18:12

Azərbaycan prezidentiİlham Əliyevin və Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
----------
17:20
Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham ƏliyevBolqarıstan baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər