• cümə, 19 Aprel, 02:39
  • Baku Bakı 18°C

Azərbaycan prezidentindən mediaya etimad

13.02.19 18:34 921
Azərbaycan prezidentindən mediaya etimad
Prezident İlham Əliyev hər zaman Azərbaycan mediasına xüsusi önəm verib və bu diqqəti hər zaman müşahidə edirik. Dövlət başçısı bu günlərdə REAL televiziyasına müsahibəsi zamanı bir daha ölkə mediası ilə bağlı məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərilib:
"Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.
Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir”.
Prezident İlham Əliyev vurğulayıb ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi, görüləcək işlər haqqında danışılır: "Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, Prezident İlham Əliyevin son müsahibəsi maraqlı yanaşmalarla yadda qalıb: "Bu müsahibədə dövlət başçısı həm Azərbaycan mediasının ölkədəki roluna, həm özünün kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələlərinə, həm də dünya mediası ilə əməkdaşlığına, ünsiyyətinə dair çox maraqlı fikirlər bildirdi. Əslində həm Azərbaycan, həm də dünya mediası ilə əməkdaşlıqla bağlı deyilənlər prinsipcə bir-birini tamamlayır. Prezident dünya mediası ilə əməkdaşlığa çox haqlı olaraq ölkəmiz barədə həqiqətlərin dünyada yayılması, eyni zamanda dövlətimiz haqqında qaralayıcı fikirlərin neytrallaşdırılması baxımından bir üsul olaraq baxdığını söylədi. Bu çox dəyərlidir. Həqiqətən də nəzərə almalıyıq ki, dünyada Azərbaycanla bağlı qaralayıcı fikirlər yayan qüvvələr hələ də var və onların bu fikirlərinin neytrallaşdırılmasında, ölkəmiz haqqında obyektiv rəyin formalaşdırılmasında, sözsüz ki, dövlət başçısının müsahibələri və bəyanatları alternativsiz rol oynayır. Bu nöqteyi-nəzərdən cənab prezidentin xarici media ilə əməkdaşlıq barədə söylədikləri reallığı əks etdirir və Azərbaycanın dövlət mənafelərinə cavab verir”.
A.Quliyev qeyd etdi ki, dövlət başçısının Azərbaycan mediası ilə əməkdaşlıq məsələlərinə gəldikdə isə, burada da məsələ bütün mənalarda məhz dövlətçilik mənafeləri və Azərbaycan mediasının maraqları üzərində qurulur: "Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, ölkə mediasının cəmiyyətdə oynadığı rola xüsusi önəm verir və bunu həmişə göstərib. Dövlət başçısının Azərbaycan mediası ilə əməkdaşlıq məsələsində mövqeyi əslində onun ifadəsidir ki, ölkənin idarə olunmasında prezident kütləvi informasiya vasitələrinə səmərəli əməkdaş kimi baxır. O, haqlı olaraq qeyd etdi ki, mən bir çox məlumatları, xəbərləri mediadan öyrənirəm və fəaliyyətimdə onları nəzərə alıram. Bu, eyni zamanda Azərbaycan prezidentinin ölkə mediasına böyük inamının ifadəsidir. Həm də bu, mediamızı daha obyektiv, ədalətli olmağa bir çağırışdır. Əgər dövlət başçısı ölkə idarəçiliyində öz fəaliyyətinin müəyyən bir hissəsini medianın təqdim etdiyi məlumatların üzərində qurursa, deməli, media son dərəcə dəqiq və məsuliyyətli olmalıdır ki, prezident də düzgün məlumat ala bilsin. Əslində prezidentin həm ölkə, həm də əcnəbi media ilə əməkdaşlıq məsələlərinə yanaşması bütünlüklə dövlətçilik maraqları üzərində qurulub və bir-birini tamamlayır”.

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirdi ki, prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi ictimaiyyət tərəfindən çox maraqla qarşılanıb və hər yerdə çox ciddi şəkildə müzakirə olunur: "Dövlət başçısının müsahibə zamanı istənilən sahə ilə bağlı fikirləri çox böyük maraq doğurub. Bu müsahibə dövlət başçısının hələ 2009-cu ildən start verdiyi geniş fəaliyyət proqramına baxış kimi dəyərləndirilməlidir. Çünki burada Azərbaycan vətəndaşlarını maraqlandıran demək olar ki, bütün məsələlərə aydınlıq gətirildi. Dağlıq Qarabağ və eləcə də digər məsələlərlə bağlı ağlımızın ucunda azacıq da olsa sual yaradan məqamlar vardısa, düşünürəm ki, bu müsahibədən sonra heç kəsdə elə bir sual qalmayacaq. Təbii ki, media rəhbəri olaraq, dövlət başçısının bu sahə ilə bağlı fikirlərini xüsusi diqqətlə dinlədim. Cənab prezident Azərbaycan mediasına nə qədər önəm verdiyini, diqqət göstərdiyini bir daha qeyd etdi. Əslində biz bunu belə də bilirdik və bu cür də görürdük. Bir daha əmin olduq ki, cənab prezidentin əvvəlki çıxışlarında da dediyi kimi, biz jurnalistlər dövlət başçısının öz fəaliyyətini istiqamətləndirməsinə müəyyən hallarda yardım etmiş oluruq. Prezident vurğuladı ki, o bir çox məsələləri media vasitəsilə öyrənir və həll edir. Bütün dünyada media 4-cü hakimiyyət hesab edilir. Ölkənin birinci şəxsi tərəfindən ali səviyyədə mətbuata qiymət verilməsi təbii ki, biz media nümayəndələrini çox qürurlandırır”.
A.Camalqızı əlavə etdi ki, media nümayəndələri Dağlıq Qarabağ məsələsi ilə bağlı Ali Baş Komandanın verdiyi mesajı da almış oldu: "Çünki cənab prezident müsahibəsi zamanı Qarabağ məsələsində güc amilini xüsusi qeyd etdi. Dövlət başçısının son müsahibəsi zamanı Qarabağla bağlı səsləndirdiyi fikirlər işğalçı Ermənistanı artıq təşvişə salıb və biz bunu görə bilirik”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər