• cümə, 29 Mart, 10:19
  • Baku Bakı 5°C

“Azərbaycan prezidenti danışıqların nəticəsindən narazıdır”

25.04.14 16:28 1448
“Azərbaycan prezidenti danışıqların nəticəsindən narazıdır”
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

- Yeni Azərbaycan Partiyasında rəhbəri olduğunuz “Partiyalararası Komissiya”da ancaq parlamentdə təmsil olunan partiyalarla, yoxsa digərləri ilə də münasibət nəzərdə tutulur?
- Biz keçən dəfə komissiyanın iclasını keçirərkən, mən belə bir təklif irəli sürdüm ki, növbəti dəfə bu, təkcə komissiya üzvlərinin iclası olmasın. Eyni zamanda parlamentdə təmsil olunan digər siyasi partiyaların da nümayəndələrini dəvət edək. Çünki komissiyanın əsas fəaliyyəti partiyalararası dialoq və əməkdaşlıq qurmaqdan ibarətdir. Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır və partiyanın sədri ölkə prezidentidir. Hakimiyyət partiyası olaraq YAP-ın bu və ya digər komissiyaları da Azərbaycan cəmiyyətində siyasətin, partiyalararası əlaqələrin müəyyən olunmasında aparıcı rol oynayırlar. Bu anlamda komissiyanın iclasına digər partiyaların da dəvət olunması təşəbbüsünü irəli sürdüm. Hesab edirəm ki, bu yaxşı təşəbbüs oldu və partiyalar tərəfindən də yüksək qiymətləndirildi. Gələcəkdə də biz bu komissiyanın həmin partiyalarla birlikdə, Azərbaycanın maraqlarını ifadə edən bu və ya digər məsələlər üzrə iclaslarını keçirəcəyik.
- Parlamentdə təmsil olunmayan müxalifət düşərgəsi hakim partiya ilə dialoq təşəbbüsündə olduğunu bildirir. Bu yaxın zamanda gözlənilirmi?

- Parlamentdə təmsil olunmayan partiyaların bura dəvət olunması yaxşı fikirdir. Əlbəttə, gələcəkdə onlar da dəvət oluna bilərlər. Biz YAP-ın partiyalararası əlaqələrini və dialoqunu təkcə parlamentdə təmsil olunan partiyalarla deyil, eyni zamanda parlamentdə təmsil olunmayan siyasi qurumlarla da qura bilərik və gələcəkdə bunu edəcəyik.
- Müxalifət təmsilçiləri deyirlər ki, ümummilli məsələlərdə hakimiyyətlə dialoqun tərəfdarıdırlar, amma hakimiyyət bunda maraqlı deyil. Bu fikrə münasibətiniz necədir?

- Niyə maraqlı deyil? Əksinə, cəmiyyətdə sabitlikdə, vətəndaş cəmiyyəti institutları arasındakı tərəfdaşlıq münasibətlərində ən maraqlı tərəf hakimiyyətdir. Çünki hakimiyyət cəmiyyətdə baş verən bütün hadisələrə görə cavabdehdir. Cəmiyyətdə cərəyan edən proseslər, baş verən hadisələr nə qədər rəvandırsa, bir o qədər də əlverişli dialoq mühiti formalaşır və sabitlik təmin olunur. Məntiqi nəticə də belədir ki, sabitlik olan yerdə inkişaf, inkişaf olan yerdə də dövlətin siyasətinə ümumvətəndaş dəstəyi var. Bu anlamda hakimiyyət dialoqda ən maraqlı tərəfdir. Gələcəkdə biz komissiyanın iclasında ümummilli məsələləri də müzakirə edəcəyik və buna görə digər partiyaları da tədbirlərimizə dəvət etməyi düşünürük.
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda son vaxtlar aktivlik müşahidə olunur, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlayırlar. Danışıqlar prosesinin hazırkı mərhələsi haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, hazırkı mərhələdə “Praqa prosesi” çərçivəsində həmsədrlərin həm hər iki dövlətin rəhbərləri, həm də xarici işlər nazirləri formatında görüşlər təşkil olunur. Hələ ki, ortada nəticə yoxdur. Buna görə də Azərbaycan prezidenti həm danışıqların nəticəsindən, həm də bütünlükdə Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı Minsk qrupu həmsədrlərinin ciddi təzyiq siyasəti müşahidə olunmur. Biz düşünürük ki, danışıqlar Ermənistana heç bir təzyiq olmadan davam edəcəksə, nəticə də olmayacaq. Amma buna baxmayaraq danışıqların alternativini də görmürük. Bunun alternativi müharibədir. Biz düşünürük ki, hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək imkanları tükənməyib. Ona görə tükənməyib ki, hələ beynəlxalq aləm öz münasibətini tam ortaya qoymayıb. Beynəlxalq birlik Ermənistana ciddi təzyiq göstərəndən sonra bu məsələ dinc yolla həll olunacaq və işğalçı dövlət geri çəkiləcək. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli prinsipləri mövcuddur. Bu prinsiplər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını müəyyən etməsi hüququndan ibarətdir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan erməni əhalinin öz müqəddəratını təyin etmək hüququ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər. Ona görə də biz beynəlxalq aləmdən ciddi iradə, Ermənistana təzyiq gözləyirik. Bununla yanaşı, qeyd etmək istərdim ki, bu problemin həllində fəallaşma da müşahidə olunur. Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə də aktuallaşıb. Çünki bu münaqişə həll edilmədikcə, dünyada buna bənzər münaqişələrin sayı da artır və belə münaqişələr həm regional, həm beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə davam edir.
banner

Oxşar Xəbərlər