AZE | RUS | ENG |

Azərbaycan Prezidenti: "Aprel döyüşləri bizim gücümüzü göstərdi"

Azərbaycan Prezidenti:
Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.
Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik".
İlham Əliyev vurğulayıb ki, bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır: "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq".
Prezident xatırladıb ki, aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi: "O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915