• cümə, 19 Aprel, 09:45
  • Baku Bakı 13°C

Azərbaycan Ordusu öz gücünü göstərir - Fotolar

27.06.19 20:42 2819
Azərbaycan Ordusu öz gücünü göstərir - Fotolar
Hər bir dövlətin əsas rəmzlərindən biri də onun ərazi bütövlüyünü, suverenliyini, vətəndaşlarını qoruyacaq ordunun olmasıdır. Məhz buna görə də 1918-ci il mayın 28-də Demokratik Cümhuriyyət elan olunduqdan az müddət sonra bu istiqamətdə mühüm qərar qəbul edilib. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra da qəbul edilən ilk qərarlardan biri Azərbaycan Ordusunun yaradılması ilə bağlı olub. Lakin müstəqilliyimizin ilk illərində siyasi hakimiyyətdə rəhbər vəzifə tutanların səriştəsizliyi ordu quruculuğu sahəsində də böhran yaradıb. Ayrı-ayrı vəzifəli şəxslər öz ətrafında silahlı birləşmələr yaradıb, vahid komandanlıq olmayıb. Amma 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycan Silahlı Qüvvələrinin tam formalaşması, vahid komandanlığın təmini, ordumuzun maddi-texniki bazasının, silah-sursat arsenalının gücləndirilməsi istiqamətində mühüm addımların atılması ilə nəticələnib.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etməsindən sonra Azərbaycanın hərbi potensialı daha da artıb. İndiyə qədər ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Ordusunda mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq ən yüksək səviyyədədir. 2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndi ətrafında strateji yüksəkliklərə nəzarətin ələ keçirilməsi, 2018-ci ilin Günnüt əməliyyatları Azərbaycan əsgərinin gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirib. Bunlarla paralel olaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Artıq Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Eyni zamanda Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə də fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması də Azərbaycanda ordu quruculuğu sahəsində atılan ilk addımlardan sayılır. Belə ki, hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Prezident İlham Əliyev də Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması çərçivəsində Hərbi Liseyin inkişafına da yüksək diqqət və qayğı göstərib. Bu diqqət və qayğının daha bir nümunəsi kimi, sözügedən liseydə yenidənqurma və əsaslı təmir işlərinin aparılmasını, burada təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını göstərmək olar.

26 iyun Silahlı Qüvvələr Günü Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gələn Prezident İlham Əliyev orada yaradılan şəraitlə tanış olub, liseyin kursant və müəllimlərini təbrik edib. O, hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünya miqyasında güclü ordular sırasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır və bu gün ordumuz ən yüksək səviyyədədir: "Ulu öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Xanlar Fətiyev mövzu ilə bağlı bildirib ki, Ali Baş Komandan İlham Əliyev daim ordu quruculuğunu, hərbi texnikaların müasirləşməsini, yeni - bu günün tələblərinə uyğun olan hərbi sursatların alınmasını, ölkəmizdə bir çox silah və sursatların istehsal olunmasını daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Deputat deyib ki, Azərbaycan Ordusu bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı zamanı bir daha sübut edib. Millət vəkilinin qənaətincə, ordumuzda olan hərbi texnika, şəxsi heyətin yüksək hazırlığı, hərbçilərin qələbə əzmi, psixoloji vəziyyəti bunu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək: "2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi orta hesabla 15 dəfə artıb. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Müharibə vəziyyətində yaşayan Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. İndi nazirliyin müəssisələrində müxtəlif təyinatlı silah-sursat və hərbi vasitələrin istehsalı həyata keçirilir. Bu isə ordumuzun daha da qüdrətli olmasına xidmət edir”.

X.Fətiyev vurğulayıb ki, beynəlxalq reytinqlərə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Onun fikrincə, bu, artıq onu göstərir ki, Ali Baş Komandan şəxsi heyətin formalaşdırılması istiqamətində əməli addımlar atır: "Prezident İlham Əliyev daim çıxışlarında qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər. Hərbçilərimiz bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Bunun üçün ordumuzda hər bir şərait var. Dövlət başçısı hər bir Azərbaycan vətəndaşı kimi hərbçilərimizin də sosial rifahını yüksəltmək məqsədi ilə bir çox qərarlar qəbul edib. Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq hərbçilərimizə yaşayış evlərinin verilməsi, onların məvaciblərinin artırılması dövlətimizin orduya qayğısını göstərir. Təkcə ötən il 300-ə yaxın hərbçi yeni mənzillə təmin olunub. İyunun 18-də ölkə başçısının əməkhaqlarını artırılması ilə bağlı sərəncamları bir çox dövlət qulluqçuları ilə yanaşı, hərbçilərimizin də maddi rifahını yüksəltməyə xidmət göstərir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər