• cümə axşamı, 28 mart, 23:27
  • Baku Bakı 13°C

Azərbaycan Ordusu yenə də öz sözünü deyəcək

10.06.19 20:20 749
Azərbaycan Ordusu yenə də öz sözünü deyəcək
Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində iyunun 9-da Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub. Mayın 30-da - ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri dövründə isə mayor Aqil Ömərov şəhid olub. Həmsədrlərlə XİN rəhbərlərinin görüşü ərəfəsində belə təxribatın törədilməsi sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir.
Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın verdiyi açıqlamadan da görmək olar. Belə ki, Tonoyan Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edəcəyini təsdiq edib. Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır v sülh danışıqlarını imitasiyadır.
İstənilən halda Ermənistan öz yalanları ilə həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olması, şübhəsiz ki, münaqişənin həlli prosesinə arxadan zərbədir: "Çünki ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona elə bu yaxınlarda səfəri də oldu. Həmin səfər öncəsi Ermənistan tərəfi təxribata əl ataraq Silahlı Qüvvələrimizin mayoru Aqil Ömərovu, indi isə hərbi qulluqçu Elşən Xəlilovu şəhid etdilər. Bütün bunlar xarici işlər nazirlərinin gözlənilən görüşünün pozulmasına istiqamətlənmiş bir addımdır. Belə bir görüş baş tutsa belə, məqsəd odur ki, fundamental məsələlər kənarda qalsın. Ermənistan hərbçilərinin işğal olunmuş ərazilərdən çıxarılması kimi əsas məsələlər müzakirə predmeti olmasın və danışıqlar məhz atəşkəsin bərpası istiqamətinə yönəlsin. Ermənilərin əsas məqsədi budur. Eyni zamanda bu, Ermənistan siyasi rəhbərliyinin, Nikol Paşinyan iqtidarının münaqişənin həllində maraqlı olmadığının da göstəricisidir”.
Deputat qeyd etdi ki, bu hadisə həm də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin göstəricisidir: "Ermənistan rəhbərliyində belə bir illüziya formalaşdı ki, hər dəfə təmas xəttində təxribat törədə, atəşkəsi poza, Azərbaycan hərbçilərini hədəfə ala bilər. Eyni zamanda o, cəzasız qalacaq, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu onunla bağlı heç bir kəsərli addım atmayacaq. Yəni, artıq belə bir inam işartısı var və bu, çox təhlükəli tendensiyadır. Lakin bir şeyi unutmaq lazım deyil ki, Azərbaycan Silahlı Qüvvələri heç zaman düşmənin təxribatlarını cavabsız qoymayıb. 2016-cı ilin aprelində də ordumuz onların təxribatına əks-həmlə ilə cavab verdi və onları çox ağır məğlubiyyətə düçar etdi. İndi də təbii ki, Ermənistan tərəfinin bu cür təxribatçı hərəkətləri cavabsız qalmayacaq. Azərbaycan Ordusu hər zaman sözünü deyib, yenə də deyəcək”.
E.Nəsirov vurğuladı ki, hadisələr çox gözlənilməz ssenari üzrə inkişaf edə bilər: "Bəli, Azərbaycan dövləti, dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, biz münaqişənin həllində sülh prosesinə sadiqik, münaqişənin dinc yolla həllini istəyirik. Ancaq belə təxribatçı hərəkətlər, cəbhə bölgəsində atəşkəsin pozulması nəticə etibarilə köhnələn münaqişənin böyük bir alova çevrilməsinə səbəb ola bilər. Sözün həqiqi mənasında, Cənubi Qafqazda böyük bir müharibə alovu yaranmış olar ki, bunun da hansı fəlakətlər törədəcəyini hesablamaq elə də çətin deyil. Ona görə də yaranmış situasiyadan çıxış edərək söyləyirəm ki, bu, ilk növbədə ATƏT-in Minsk qrupu üçün çox ciddi siqnal olmalıdır. Hadisələr istənilən vaxt öz məcrasından çıxa və hərbi əməliyyatlar hər an başlaya bilər. Heç kim onun başlamayacağına təminat verə bilməz. Ona görə də hadisələrin ən mürəkkəb ssenari üzrə inkişafına görə ilk növbədə Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Təbii ki, ATƏT-in Minsk qrupu da dişsiz bəyanatlarına, qətiyyətsiz və prinsipial olmayan mövqeyinə görə yaxasını məsuliyyətdən kənar tuta bilməz. Bir daha qeyd edirəm ki, bu hadisələrdən sonra təmas xəttində ən mürəkkəb ssenarilər işə düşə bilər”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində hərbi qulluqçumuzun həlak olması bir daha göstərir ki, düşmən danışıqlar prosesindən yayınmaq üçün bəhanə axtarır və açıq şəkildə təxribatla məşğuldur: "Düşmən tərəfi indiyədək də bu cür təxribatlara əl atıb. Ermənistandakı yeni hakimiyyətin bu cür addım atması bir sıra siyasi amillərlə bağlıdır. Faktiki olaraq, Ermənistan Azərbaycanın separatçı qurumun masaya əyləşməsinə qəti şəkildə etiraz etməsinə cavab olaraq bu cür addımlar atmaqla ölkəmizi təxribata çəkməyə çalışır. Onlar istəyir ki, Azərbaycan tərəfindən güclü cavab verilsin və münaqişə yeni bir fazaya çatsın. Ermənistanın məqsədi siyasi dividentlərə nail olmaqdır. XİN başçılarının görüşü ərəfəsində növbəti təxribat Ermənistanın sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmədiyini sübut edir”.
F.Sadıxov qeyd etdi ki, baş verənlər Paşinyanın bir sıra məsələlərə nəzarət edə bilmədiyini göstərir: "O, hesab edir ki, təxribatlar onu xilas edər və erməni cəmiyyətini ətrafında birləşdirə bilər. Amma Paşinyan bilməlidir ki, bu cür addımlar cavabsız qalmır. Çünki Azərbaycanın səbri tükənməz deyil. Heç şübhə etmirəm ki, belə davam edəcəyi təqdirdə, Azərbaycan tərəfindən güclü cavab veriləcək. Əgər Ermənistanın məqsədi məsələni hərbi yolla həll etməkdirsə, o zaman bu cavabı alacaq. Azərbaycan ordusu düşmənin layiqli cavabını verməyə hər zaman hazırdır. Bir əmr yetər ki, ordumuz işğal altında olan torpaqların geri qaytarılması istiqamətində əməliyyata başlasın”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur.

B.MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər