• cümə, 19 Aprel, 10:26
  • Baku Bakı 13°C

Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları uğurla icra etməyə qadirdir

24.09.20 09:45 463
Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları uğurla icra etməyə qadirdir
Azərbaycan Ordusu xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir. Beynəlxalq qurumların statistik məlumatına görə, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.
BunuAZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov bildirib ki, Prezident İlham Əliyevin ordu quruculuğu prosesinə yüksək diqqət və qayğısı nəticəsində hazırda Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təmin olunub. Bu proses fasiləsiz davam etdirilir. Azərbaycan Ordusu bu gün peşəkar orduya çevrilib və bütün standartlara cavab verir. Ordumuzda xidmət edənlərin 80 faizindən çoxu hərbi döyüş hazırlığını müəyyənləşdirən ixtisaslar üzrə müddətdən artıq müqavilə əsasında xidmət edən hərbçilərdir. Ölkəmiz beynəlxalq hərbi yarışlarda da iştirak edir. Rusiyada keçirilən sonuncu beynəlxalq yarışlarda Azərbaycan mütəxəssisləri yüksək nəticələr göstəriblər.
Ehtiyatda olan polkovnik qeyd edib ki, bütün göstəricilər bu gün Azərbaycan Ordusunun kifayət qədər inkişaf etdiyini təsdiqləyir. Aprel döyüşlərindən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun gücünü və peşəkarlığını yüksək qiymətləndirərək Silahlı Qüvvələrimizin qısa vaxtda işğalçı Ermənistan ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu bildirmişdi. Aprel hadisələrindən sonra da Azərbaycan Ordusunun inkişaf etdirilməsi prosesi uğurla həyata keçirilib. Ordumuzda şəxsi heyətin ruh yüksəkliyi daha da artıb. Ordumuz işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazırdır. Bunu Azərbaycanda Ordusunun şəxsi heyəti ilə yanaşı, xalqımız da yaxşı bilir.
Ş.Ramaldanov deyib ki, Azərbaycan Ordusuna yüksək diqqət və qayğını, hərtərəfli dəstəyi Tovuz hadisələrində də müşahidə etdik. On minlərlə insan Azərbaycan Ordusuna və dövlətimizin başçısına dəstək olmaq üçün küçələrə axışdı. Azərbaycan Prezidentinin çağırışı ilə 50 mindən çox insan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdi.
Polkovnik əlavə edib ki, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Bu toplanışa çağırılanlar planlı şəkildə qarşıda qoyulan tapşırıqları yerinə yetirmək iqtidarındadırlar.
Bundan başqa, Azərbaycan Ordusunun bölmələri düşmənin bütün istiqamətlərdəki təxribatlarını qarşısını yüksək peşəkarlıq və sayıqlıq göstərək məharətlə alır. Buna Tovuz və Goranboy istiqamətlərini misal göstərmək olar. Bölmələrimiz digər istiqamətlərdə də qabaqlayıcı tədbirlər görərək düşmənin hər hansı təxribatının qarşısını almağa və onu çirkin əməllərindən əl çəkməsinə məcbur edir. Azərbaycan Ordusu irimiqyaslı antiterror əməliyyatı aparmaqla torpaqlarımızı azad edə bilər. Düşmənin atəş nöqtələrinin susdurulması ordumuz tərəfindən peşəkarlıqla icra olunur.
"Azərbaycanda bu gün ön xətdə daha çox müddətdən artıq və müqavilə əsasında xidmət edən hərbçilər yer alır. Artıq oraya az sayda əsgər heyəti və ya müqavilə əsasında olmayan hərbçilər göndərilir. Tovuz istiqamətində son şəhidimiz də müddətdən artıq xidmət edən hərbçi idi. Döyüş tapşırıqları yerinə yetirərkən itkilərin və şəhidlərin olması təbiidir.
Bütövlükdə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərliyi, ruh yüksəkliyi, nizam-intizamı və peşəkarlığı qarşıda qoyulan bütün tapşırıqları uğurla yerinə yetirməyə əsas verir”, - deyə Ş.Ramaldanov vurğulayıb.
banner

Oxşar Xəbərlər