• cümə, 29 Mart, 08:36
  • Baku Bakı 5°C

Azərbaycan onun sərgi salonudur

26.02.18 17:00 1773
Azərbaycan onun sərgi salonudur
Ziyadxan Əliyev: "Elə adamlar da var ki, aldığı rəsmə sənət əsəri kimi yox, müəyyən qədər pul kimi baxırlar”
Elə insanlar var ki, onlar əsl sənət adamlarından yazmağı, istedadlı insanları unutmamağı, xalqın mənəvi yatırına çevrilmiş şəxsiyyətlərini daim diqqətdə saxlamağı özlərinə əqidə, amal borcu hesab edirlər. Onların gördüyü işlərin miqyası, əhatəsi o qədər genişdir ki, mübaliğəsiz deyə bilərəm ki, fəaliyyətləri dövründə bir elmi mərkəz həcmində işlərə imza atıblar. Belə şəxslərdən biri də rəssamlığımızı dünəni və bu günü ilə tanıtdırmaq üçün, bioqrafik əsərlər, kitablar yazan, Rəssamlıq Akademiyasında dərs deyən Ziyadxan Əliyevdir. Ziyadxan müəllim sənət dünyamızın, rəssamlığımızın çox sirlərinə, dərinliklərinə bələd bir insandır. Onun zövqü, tükənməz araşdırıcılığı, haqqında yazdığı obyektə sənətin həqiqi meyarları ilə yanaşımı, Ziyadxan Əliyevi çoxlarının sevimlisinə çevirib. Sənətşünaslarımız çoxdur, ancaq rəssamlığımızın gündəmini müəyyənləşdirən az adam var. Ziyadxan müəllim rəssamlıqla mətbuatın, oxucuların arasında canlı bir körpüdür.
Dəfələrlə söhbətlərimizdə hiss etmişəm ki, rəsm sənətimizin araşdırılmamış yönləri haqqında tədqiqatların az olması, yaxud olmamağı onu yandırıb-yaxır, ürəyini əridir. Gücü, imkanı daxilində çalışır ki, yazsın, bildiklərini gələcəyə çatdırsın, ancaq bütün böyük düşünən insanlar kimi onun da vaxtı, yazıb-yaratmaq eşqi ilə fiziki imkanları bərabər deyil. Bu cür "institut insanlar”ın varlığını duymaq insana güc-qüvvət verir.
Ziyadxan müəllimin həm də böyük rəsm kolleksiyası var. Azərbaycanın say-seçmə rəssamları ona müxtəlif işlərini bağışlayıblar. Ziyadxan müəllim üçün o sənət əsərlərinin qiyməti böyükdür. Əlbəttə, onlar adi əşyalar deyil, ancaq maddi mənada əşyalardılar və Ziyadxan müəllimin ömrünün qızıl illəri onların sənət fəlsəfəsini öyrənməyə, haqlarında yazmağa, tələbələrinə aşılamağa gedib. Bu baxımdan, Z.Əliyevin həyatında sənətə aid əşyaların müstəsna yeri var. "Əşyaların taleyi” layihəmizin budəfəki qonağı, Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevdir.
– Əşyalar, onların mahiyyəti, ötəriliyi, yaxud qalıcılığı sizin qavramınızda, dərkinizdə hansı özəl mənanı ifadə edir?
– Çox qədim zamanlardan insanlar əşyalara münasibətdə bir-birindən fərqləniblər, bir adamın belə ayrı-ayrı əşyalara münasibəti fərqli olub. Adi məişət əşyalarından tutmuş qiymətli zinət əşyalarına kimi. Zaman keçdikcə bu cansızlar həyatımızın bir hissəsinə çevriliblər, bizə əziz olublar. Hətta elə əşyalar var ki, onları həmişə özümüzlə gəzdiririk, yaxud evə qayıdanda o əşyanı görüb sevinirik, onunla yenidən təmasda olmaqdan məmnunluq duyuruq. Mən də belə başa düşürəm ki, hər bir əşyanın öz həyatı var. Beləliklə, hər hansı bir əşya insanın həyatına zənginlik bəxş edə bilir. Elə əşya var ki, onun otaqda olması, ümumilikdə evin aurasına müsbət təsir göstərir. Məsələn, götürək otaqda divara vurulmuş maraqlı bir portreti, biz ona saatlarla baxıb düşünə bilərik ki, rəssam burada nə demək istəyib, yaxud bu təbəssümün altında hansı sirli mətləblər gizlənir? Əşyalar insanı müəyyən qədər duyğulandırır, keçmişə aparır. Tutalım, bir əşyanı uşaq vaxtı bizə alıblar, indi nəyisə axtaranda evin bir guşəsindən uşaqlığının həmin xatirəsi çıxır, qəribədir, elə deyilmi?!
– Bu gün sizin üçün əhəmiyyətli olan dörd əşya haqqında danışacağıq. Niyə məhz bu dörd əşyadan danışmaq istədiniz? Onların sizin üçün müstəsnalığı nədədir?
– Onlar mənə görə təsviri sənət məkanının nəhəngləri ilə bağlıdır. İlk növbədə Səttar Bəlulzadənin mənə bağışladığı əsərdən danışaq. Mən hələ Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyanda onunla tanışlığımız başladı, belə deyək, həm də ailəvi dostluq münasibətlərimiz var idi, o ərəfələrdə onun emalatxanasına tez-tez gedib-gələrdim. Diplom işimin müdafiəsində də Səttar müəllim iştirak eləmişdi. Mən təhsilimi qırmızı diplomla başa vurdum, bu hadisədən çox fərəhlənmişdi. Bir ara mənə "dayılıq” eləmək istəyirdi, dedi gəl, İncəsənət Universitetinin rektoru Aslan Aslanovdan xahiş edim, səni rəngkarlıq fakültəsinə keçirək. Dedim ki, yox, mən rəssam olmaq istəmirəm. Maraqla niyəsini soruşdu, arzumu söylədim, dedim ki, mən sənətşünas olmaq istəyirəm. Bu sözümdən çox məyus oldu, bərk əsəbiləşdi ki, sən nə danışırsan, bu cür rəng hissiyyatın var, niyə belə eləyirsən? Mübahisəmiz çox çəkdi. Hətta indi də hərdən düşünürəm ki, mən o boyda kişiyə necə "yox” deyə bildim. Amma arzu arzudur, onun arxasınca getmək mənim üçün, onda daha ali dəyər idi, elə indi də. Çox şükür ki, gec-tez məni başa düşdü, istəyimə hörmətlə yanaşdı, bu mövzuda axırıncı söhbətimizdən sonra məni qucaqladı, uğurlar dilədi. Sonra rəflərə yığılmış arxivinə üz tutdu. Qayıdanda əlində 1963-cü ildə işlədiyi "Torpağın arzusu” əsərinin ilk eskizi vardı. Onu və bir neçə başqa əsərini də bağışladı mənə, dedi ki, əgər gələcəkdə, həqiqətən, sənətşünas olacaqsansa, onda bunlar sənə lazım olacaq. Həmin əsər, həqiqətən, misilsiz bir sənət nümunəmizdir, indi İncəsənət Muzeyimizin bəzəyidir və mənim üçün böyük xoşbəxtlikdir ki, onun ilkin variantı məndə durur. Bu əsər, həm sənət baxımından, ilklərə, yaranan öncəki ideyaya hörmət baxımından, həm Səttar kimi bir nəhəngdən yadigardır deyə, həm də mənim sənətşünaslıq yoluma bir növ yaşıl işıq olduğuna görə dəyərlidir. Bir növ xeyir-dua idi, özünün də dediyi kimi, gələcəkdə mənə çox lazım oldu, ən çox da mənəvi dəstək baxımından.
Ondan qalan digər yadigar Məhəmməd Füzulinin "Qəsidələr”inə çəkdiyi rəsmdir. 1973-cü ilin dekabrın sonlarında Şamaxıya səfərimiz oldu. Yeni ili də birlikdə, orada qarşıladıq. Axşam oturmuşduq evdə, söhbət klassik poeziyadan və incəsənətdən düşdü, xeyli danışdı. Onun söhbətinin əvvəli də, axırı da Füzuli ilə bağlı idi. Xasiyyətini bilirdim, qarşısına həmişə ağ vərəqlər, təxminən A4 həcmində kağızlar qoyurdum, söhbət eləyə-eləyə bir də baxırdın ki, əli işləyir. Danışa-danışa nə qədər Leylilər, Məcnunlar çəkmişdi. Azərbaycandakı bəlkə də bütün rəssamların bu mövzuda çəkdiyi rəsmlərin cəmi Səttarın təkbaşına çəkdikləri qədər ola bilməz. Onun yaradıcılığına Füzuli motivləri həmişə üstün yer tutub. Mətləbə qayıdaq, deməli, vərəqə baxdı, belə qıyqacı, qarşısında şairin qəsidələr kitabı var idi, bir qədər kitabı vərəqlədi və qəfildən də onu bağladı. Ondan "Kitabda çatışmayan bir şey yox idi?” deyə soruşdum. O saat da "Şairin portreti yoxdur, çəkim?” dedi. Dedim, çək. Çıxartdı flasmasterlərini. Şairin vəfatının 400 illiyi münasibəti ilə külliyyatını dərc eləmişdilər. O vaxt heç Füzuli yaradıcılığına həsr olunan illüstürasiyalar da hələ çox yayğın deyildi, "Qəsidələr” kitabı da 1958-ci ilin nəşri idi. Götürdü elə kitabın titul vərəqinin üstündə şairin rəngli bir portretini işlədi. Sonradan bu portret heç yanda nümayiş olunmayıb. İlk dəfə sizə bu haqda danışıram, ilk dəfə bu söhbətdə görəcəklər həmin fotonu.
Növbəti əşya SSRİ xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi rəsmdir. Rəssamın hələ sağlığında onun haqqında bir neçə məqalə yazmışdım. Azərbaycan Televiziyasında uşaqlar arasında rəsm müsabiqəsi keçirilirdi, məsuliyyət mənim üzərimdə idi, tez-tez rəssamı da dəvət edirdik ki, ümumi gedişatla tanış olsun. Aramızda xoş münasibət yaranmışdı. Hər dəfə görəndə mənə deyirdi ki, sənə borcluyam. Axır bir gün soruşdum ki, Mikayıl müəllim, nə borc? Dedi haqqımda bir neçə dəfə məqalələr yazıbsan, mən də sənə rəsm bağışlayacağam. Düzü, sevindim, amma təvazökarlıq edib dedim ki, bağışlasanız da olar, bağışlamasanız da.
Ondan sonra rəssamı tez-tez Azərbaycan Milli İncəsənət Muzeyində görürdüm. Hər dəfə üz-üzə gələndə deyirdi ki, sənin məsələn qalıb e, sənə rəsm söz vermişəm. Bir gün də beləcə görüşəndə dedi ki, tapmışam. Soruşdum, nəyi? Dedi, sənin məsələndən çıxış yolunu. Təəccüblə baxdım. Dedi, gəl bir iş görək, içində həm sən ol, həm də mən. Anladım ki, portretimi çəkmək istəyir. Təbii, mənim üçün də böyük şərəf idi ki, xalq rəssamı portretimi çəkir. Soruşdum, nə vaxt gəlim, dedi sabah. Səhər gəldim "Olimp” mağazasının yanındakı rəssamlar evinə, akvarellə portretimi çəkdi. 1989-cü ildə çəkilib bu rəsm və mənim üçün ən dəyərli əşyalardan biridir.
– Söhbətimizdən sapmadan indi qəlbimdə yeni sual yarandı. Sizcə, hansı sənət bağlılığı və dünyagörüşü forması Səttar Bəhlulzadəni sövq edirdi ki, dəfələrlə Füzuliyə, "Leyli və Məcnun” mövzusuna müraciət etsin?
– Deyim ki, "Leyli və Məcnun” haqqında onun dediyi fikirlər ədəbiyyatşünaslığa dair heç bir kitabımızda yer almayıb. Yəni bu cür düşüncəyə çox vaxt heç ədəbiyyat adamlarının özündə də rast gəlmək olmaz. O deyirdi ki, "Leyli və Məcnun” nəsihətnamədir. Ona görə bu poemaya ayrı-ayrı zamanlarda, müxtəlif epoxaların şairlərinin təkrar-təkrar müraciətinin səbəbi də bunda idi: əsər cəmiyyətə öyüd-nəsihət verir ki, ay insanlar, belə sevmək olmaz. Yəni Məcnunun Leyliyə qovuşmamağının səbəbi, onun eşqin ünvanını səhv salmasındadır. Məcnun İlahi eşqin ünvanını səhv salmışdı, Allaha olan sevgini yönəltmişdi Leyliyə. Taleyinin belə alınması da Allahın ona verdiyi cəza idi. Yüz Nizami, yüz Füzuli olsaydı, bu hekayənin sonunda aşiqləri qovuşdura bilməzdi. Bax, belə düşünürdü Səttar. Bir dəfə Arif Məlikova dedi ki, niyə "Leyli və Məcnun” baleti yazmırsan? O da cavabında dedi ki, sən tərtibatını versən, yazaram. Rəssam razılıq verdi, amma, görünür, qismət deyilmiş. Az sonra rəssam dünyasını dəyişdi...
Fizulinin qəzəlləri də dilindən düşməzdi Səttarın. Məsələn, ən çox bunu təkrar edərdi:
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Soltan Nəcəfovun oxuduğu qəzəllərə qulaq asırdı, daha çox işləyə-işləyə dinləyərdi. Klassikaya, həqiqətən, hörmətlə, sevgi ilə yanaşırdı. Və bu bilgilər onun rəsmlərinə də yansıyırdı. Füzulinin qəzəllərinin məna çoxqatlılığı Səttarın əsərlərinə hopmuşdu.
– Əgər əşya kimi yaradılsaydınız, hansı əşya olmaq istəyərdiniz?
– Düzünü deyim, mən də elə kitab olmaq istərdim. Bir kitab oxunursa, deməli, öz funksiyasını yerinə yetirir. Kitab yazılanda, çap olunanda yox, oxunanda kitab olur. Məni kimsə, nə vaxtsa oxuyacaqsa, deməli, mən də lazımam, bu mənada, ən ideal, məna yüklü əşya elə kitabdır.
– Mikayıl Abdullayev də klassik irsə çox müraciət edib. Sizcə, Mikayıl Abdullayevin "Məcnun” təfəkkürü ilə Səttarın Bəhlulzadənin "Məcnun”u arasında nə kimi fərqlər var?
– Azərbaycan rəssamlığında savadlı adamlar az olublar. Müşahidələrimə əsəsən deyə bilərəm ki, əksər rəssamlar birtərəfli inkişaf ediblər. Yəni onlara bu təlqinmi edilib, ya özləri belə qənaətə gəliblər ki, əl işləyirsə, istedad varsa, sənətin bilgi tərəfini düşünmək lazım deyil. Adını çəkdiyin şəxslərin hər ikisi Azərbaycanın az qisim savadlı rəssamlarındandırlar. Hətta düşünürəm ki, Mikayıl Abdullayev rəssam olmasaydı, yaxşı yazıçı ola bilərdi. Bunu onun mətbuatdakı çıxışlarından da duymaq olardı.
Mikayıl Abdullayev "Leyli və Məcnun”a daha real münasibət sərgiləyirdi. Səttarda isə romantika, fəlsəfi qatlar özünü daha qabarıq büruzə verir.
– Məncə, elə yaşayışları da elə olub...
– Hə, doğru təsbitdir. Mikayıl daha səliqəli rəssam idi. Səttarsa zahirən "səfil”ə oxşayırdı. Səttar rəssamlığa yeni söz deməyə gəlmişdi, dedi və getdi. 65 illik ömür həmin ürək sözünü demək, tarixdə qalmaq, Azərbaycan rəssamlığına yeni fəlsəfi mənzərə gətirmək üçün ona kifayət etdi.
Rəssamlıqda janrları pillələr üzrə götürsək, birinci yerdə süjetli tablo, ikinci yerdə portret durur. Amma Səttar sənətkarlığı sayəsində mənzərəni gətirib onların yanına qoydu. Mahiyyət etibarı ilə bunu hər rəssam edə bilməzdi. O, mənzərə janrını birincilər sırasına qaldırdı, sevdirdi. Mən həmişə bunu deyirəm, Səttar Bəhlulzadə Azərbaycan təbiətini tanımaq üçün yox, tanıtdırmaq üçün çəkirdi.
– Səttarla bağlı bir əhvalat da danışırlar. Xalçaçı rəssam Eldar Mikayılzadə gənc olanda etüd çəkdikləri əsnada S.Bəhlulzadə molbertini hara qoyurmuşsa, gənc rəssam da gətirib onun arxasına qoyurmuş. Bunu görən Səttar hirslənərək ona deyib ki, get özünə "toçka” tap...
– Hə, olub belə bir hadisə. Hər kəsin öz baxış bucağı olmalıdır. Sən dünyaya başqasının gözü ilə baxa bilməzsən. Hər kəs öz tərəfini müəyyənləşdirməlidir. Səttarın emalatxanası cavanların emalatxanası idi. O, əvvəllər dərs də demişdi. Bir dəfə soruşdum ki, niyə dayandırdın bunu? Dedi ki, müəllimlik çox məsuliyyətli işdir. Tələbəni təqlidçi eləmək istəmirdi, həm də enerji sərf edirdi, özünə, öz işlərinə həvəsi qalmırdı.
– Bu heykəl barədə də danışaq.
– Mən ali təhsilimi Sant-Peterburq şəhərində almışam. İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda. Və mən orda diplom işi olaraq, Macar heykəltəraşı İştvan Kişin yaradıcılığını seçmişdim. Ona məktub yazdım ki, əsərlərinizin fotosunu mənə göndərin, haqqınızda diplom işi yazmaq istəyirəm. 15-20 gündən sonra mənə cavab məktubu gəldi. Çox nazik bir məktub idi. Hələ yazdığını oxumamış hirsləndim ki, mən foto istəmişdim, o mənə nə göndərib. Açdım tələsik, gördüm dəvətnamədir. Yanında da qeyd edib: sizi Macarıstana dəvət edirəm ki, gəlib bu heykəlləri özünüz öz gözünüzlə görəsiniz və daha rahat yazasınız. Məni yüksək səviyyədə qarşıladı. İki həftə qaldım Macarıstanda. Onun Macarıstanın müxtəlif şəhərlərində 50-dən çox heykəli qoyulmuşdu, Macarıstanın Xalq rəssamı idi. Mən də şəhər-şəhər gəzib, o heykəlləri gördüm. Qayıdanda mənə bir neçə hədiyyə verdi. Biri də məşhur macar şairi Endre Adinin balaca tunc heykəli idi. Özü də əlavə elədi ki, nadir hallarda hədiyyə verir və mən türk övladı olduğuma görə bunu xüsusi sevgi ilə bağışlayır. Onu da deyim ki, orada olduğum müddətdə, mənim şərəfimə bir ziyafət təşkil eləmişdi, orda Macarıstan ziyalıları da iştirak edirdilər. Bir az içəndən sonra, məclisin şirin yerində, gəldi durdu başımın üstündə, əlini qoydu çiynimə, dedi ki, sən işə bax, gör türk gəlib hara çıxıb? Məclis davam elədikcə, iki dəfə ayrı-ayrı vaxtlarda bunu təkrar elədi. Üçüncü dəfə demək istəyəndə, mən soruşdum ki, bəs sizin milliyyətiniz nədir? Bəs siz Atillanın nəticələri deyilsiniz? Mən belə deyəndə tutuldu, oradakı adamlara baxıb dedi ki, o hər şeyi bilir. O dövrdə belə şeyləri danışmaq asan deyildi. Bir də bizim onlara "macar” deməyimiz çox xoşlarına gəlirdi. Onlar özləri-özlərini "madiyar” çağırır.
Məndə başqa dəyərli əsərlər də var. Amma mənim üçün ən qiymətliləri bunlardır. Demək olar ki, yazı həsr elədiyim bütün rəssamlar mənə öz əsərlərindən bağışlayıblar.
– Azərbaycanda böyük rəssamlar say baxımından böyük şairlərdən çoxdur, ancaq bizə "şair xalq” deyirlər "rəssam xalq” yox.
– "Şair xalq” – biz bu sözü Azərbaycan daxilində işlədirik. Yəni şair xalq kimi özümüz-özümüzü tanıyırıq, amma rəssam xalq kimi bizi bütün dünya tanıyır. Çünki rəssamlığın tərcüməyə ehtiyacı yoxdur. Əslində, bu sənətin gücü də ondadır. Amma poeziyanı başqa dillərə çevirmək lazımdır, o da nə dərəcədə uğurlu alınacaq, alınmayacaq, sual altındadır. Ümumən də deyim ki, bizim xalq istedadlı xalqdır. Bir dəfə statistikaya baxırdım, dünyanın ən istedadlı xalqları sırasında italyanlar birinci yerdə idi, ikinci yerdə isə türklər qərar tutmuşdu.
– Topladığınız əşyaların hansı birininsə və ya ümumən əşyaların uğur gətirdiyinə inanırsınız?
– Satanda gətirir (gülür). Bir məsələni deyim, Səttar yaşadığı müddətdə heç vaxt əsərlərinin əsl dəyəri müqabilində bəxşiş almadı. Amma o həyatda olmayanda, xüsusən də, müstəqillik dövrümüzün ilk illərində, çoxusu da ziyalılardan ibarət bir qrup adam onun rəsmlərini satmaqla həyatlarını dəyişdilər, ağ günə çıxdılar. Səttar sağlığında bir nəfərə də olsun rəsm satmamışdı, onun 200-ə yaxın əsəri satılmışdı, o da yalnız dövlətə. Qalan hamısını çəkib dostlara, tanışlara bağışlamışdı. Gedib bir kəndlinin evində qalardı, çöldə-düzdə gəzərdi, nəsə çəkərdi, sonra da çəkdiyini bağışlayardı həmin kəndliyə, çıxıb gələrdi. İndi nə qədər çalışsaq da, o əsərləri yığıb, toplayıb qurtara bilmirik. Azərbaycan onun sərgi salonudur.
– Bir zaman sizə əziz olan bir əşya zaman keçir, əvvəlki dəyərini itirir. Bu barədə nə düşünürsünüz?
– Mən çalışmışam hər adamdan yazmayım. Bu baxımdan, onlar özləri də, mənə bağışladıqları əsərlər də hələ də mənim üçün dəyərlidir. O qədər əsərlərini təqdim etmək istəyən rəssamlar olub ki, qəbul eləməmişəm. Çünki bilmişəm ki, ona evimin bir hissəsini verə bilmərəm, lazımsız əşya kimi aparıb evin bir küncünə ata da bilmərəm.
– Bəs ümumən?
– Bir rəsm ki, çəkdiyi ürəyin istəyindən doğulur, o əsərlər həmişəyaşarlıq qazanır, əşya kimi də mahiyyəti dəyərli olur. O əsər ki ideologiyaya xidmət elədi, sifarişlə araya-ərsəyə gəldi, onun əşyavi taleyi də qısaömürlüdür. Məsələn, Sovet dövründə çəkilmiş bir çox rəsmlər sahiblərinə çoxlu pullar qazandırsa da, artıq mahiyyətini itirib, bir növ inventara çevrilib.
– Sovet dövründə dahilərin yubileyləri ərəfəsində rəssamlara sifarişlər verilirdi. Necə düşünürsünüz, bu ənənəni davam etdirmək lazımdır, yoxsa, sənətkarın ürəyindən gəlməsə, bir rəsmi çəkməməlidir? Yəni yubiley məqsədi ilə çəkilsə də, gözəl əsərlər ortaya çıxa bilərmi?
– Bəli, Nizaminin portreti necə meydana çıxdı? O şəkillər yubiley səbəbindən çəkilmişdi. Halbuki, əvvəllər şairin obrazının necə olmasına dair sabit fikir yox idi. 1940-cı ildə ümumittifaq müsabiqəsi keçirildi, Qəzənfər Xalıqovun çəkdiyi rəsm əsəri portret rəngkarlığı nümunəsi kimi xüsusi seçildi. Füzulinin də portreti bu cür çəkilib, Sadıq Şərifzadə 1958-ci ildə yubiley münasibəti ilə çəkib həmin rəsmi. 1973-cü ildə Mikayıl Abdullayev Nəsimini canlandırdı. Amma nə olur-olsun, uğurlu alınmasını arzuladığımız əsəri ürəkdən çəkməliyik. Rəhmətlik Səttar deyirdi ki, rəssam sərgidə iş göstərmək üçün rəsm çəkməməlidir, ürəkdən gələn bir mövzu əsərə çevrilməlidir.
Elə adamlar da var ki, aldığı rəsmə sənət əsəri kimi yox, müəyyən qədər pul kimi baxırlar. Həqiqətən də bir rəssamın sağlığında çəkdiyi əsərlər nə qədər baha satılır-satılsın, dünyasını dəyişəndən sonra ikiqat, üçqat dəyərə minir.
– Hacı Zeynalabdin Tağıyevin məşhur rəsminin bərpası haqqında ilk dəfə siz əhatəli yazıbsınız. İstərdim söhbətimiz həmin tarixçəyə yön alsın.
– 1989-cu il idi. O vaxt Hacı Zeynalabdin Tağıyevin adının mətbuatda çəkilməsi cinayət sayılırdı. Milyonçu adam idi, Sovet hökumətinin də milyonçu ilə nə işi ola bilərdi? Mən "Bir portretin tarixi” adlı məqalə yazdım. Rus rəssamı İ.Brodski 1912-ci ildə Bakıya gəlib, o vaxt Texniki Məktəb deyilən yer olub Bakıda, indiki Neft Akademiyasının binası. Məktəb üçün içində Nikolay və başqaları olmaqla beş portret işləməli imiş İ.Brodski. O binanın himayədarı Hacı olduğu üçün birinci onun portretindən başlayıb. Bir az işləyib, görüb Hacı yatır. Onda Tağıyevin yaşlı vaxtları imiş. Rəssam gedib dərzidən maneken alıb, Hacının pencəyini geyindirib ona. O vaxt dəbdə idi, Tağıyev də bunu xoşlayırmış ki, bütün medalları görünsün. Əvvəl bu hissəni işləyib, Tağıyevin üz cizgilərini də sonradan işləyərək rəsmi tamamlayıb. Bitirincə haqqını açıqlayıb – 2000 rubl. Tağıyev buna danışıb ki, hələ fəhlə olanda bir gün daş yonmağına görə 6 qəpik pul alırmış: "Səhərdən axşama qədər işləyib o 6 qəpiyi alırdım, amma sən gəlib burda fırça sürtüb 2000 istəyirsən”. Deyib, vermirəm. O vaxt rəssamlıq məkanı yəhudilərin əlində imiş, bu rəssam da yəhudi imiş. Gedib şikayət edib. Deyiblər ki, əlində müqavilən varsa, get məhkəməyə ver. Tağıyevin də həmin dönəmdə Behbudov adlı bir şəxslə məhkəmə çəkişməsi var imiş. Tağıyev onsuz da yorulubmuş bu get-gəllərdən. Ona görə də, deyib, verin onun iki minini, rədd olub getsin. Bu haqda məqalə yazdım, həmin yazı çox böyük hay-küyə səbəb oldu. Bir təşkilat var idi, sonradan mənə müraciət edib dedilər ki, bizə kömək elə, ərizə yazıb müraciət edək, Tağıyevə heykəl qoymağa icazə versinlər. Halbuki Sara xanımın müraciət etmədiyi yer yox idi. Kremlə kimi gedib çıxmışdı. İddiası da bu idi ki, niyə Tolstoya qraf deməyən hökumət, Tağıyevi milyonçu olduğuna görə qınayır.
Məqaləni yazandan sonra getdim milyonçu qızının yaşadığı o birotaqlı mənzilə. Tək yaşayırdı, çox getmişdim ora, amma həmin gün qapını açan kimi məni bərk qucaqladı, otağa keçəndə gördüm ki, masanın üstü qəzetlə doludur.
Dedi ki, yolda bir kişiyə rast gəlmişəm, mənə dedi ki, atanızın portretini bərpa edirəm. Fərhad Hacıyev olub həmin adam. Moskvada bərpa kursu keçib gəlmişdi. O vaxt muzeylərə gedib, xarab əsərləri tapıb bərpa edirmiş. Tağıyevin evi olan muzeydə görüb ki, altda, toz basmış yerdə bir kətan gözə dəyir. Neçə dəfə soruşub, deyiblər ki, boş şeydir. Amma ona maraqlı gəlib, fəhləyə 5 manat verib, çıxartdırıb o rəsmi. Və onu bərpa eləməyə başlayıb. Beləcə, əsər xilas edilib...
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər