Azərbaycan ona qarşı yönələn bütün terror cəhdlərinin qarşısını almağa qadirdir
Prezident, Müzəffər Ali Baş Komandan Ilham Əliyevin işğaldan azad edilmiş rayonlara mütəmadi olaraq səfər etməsi onun həmin torpaqlarda bərpa işlərinə necə həssas yanaşmasının sübutudur. Otuz il ərzində ermənilər tərəfindən viran edilən məkanlarda abadlıq və quruculuq işlərinə başlanılması prosesi dövlətimizin başçısının birbaşa nəzarəti ilə həyata keçirilir.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat diqqətə çatdırıb ki, vaxtilə Cəbrayıl rayonunun girişindəki lövhə indi yenidən eyni formada, eyni dizaynla quruldu. Bu, bizim torpaqlarımızın qədimiliyinə sadiqliyimizin göstəricisidir. İşğaldan azad olunan hər qarış torpaq yüksək səviyyədə və tarixilik qorunmaqla bərpa ediləcək. Prezident İlham Əliyev vurğuladığı kimi, bərpa prosesində ən müasir üsullardan istifadə olunsa da, təbiət və tarixilik qorunacaq.
"Azad edilən ərazilərdə infrastuktur işləri sürətli şəkildə davam edir. Bu lahiyələrdən ən vacibi Horadiz-Ağbənd dəmir yoludur. Əvvəllər Bakı-Mincivan dəmir yolu kimi fəaliyyət göstərən bu yol 1993-cü ildən bu günədək doğma sərnişinlərinə həsrət qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, mühüm strateji əhəmiyyətə malik olan sözügedən dəmir yolu, həmçinin yük və sərnişin daşınmasında əsas rol oynayacaq. Uzunluğu 100 kilometr olacaq bu infrastruktur layihəsi işğaldan azad edilmiş torpaqlara gediş-gəliş üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına da imkan verəcək”, -deyə Müşfiq Cəfərov qeyd edib.
Deputat bildirib ki, təmir-bərpa işlərində xüsusi diqqət məscidlərin, tarixi və dini abidələrin yenidən qurulmasında yönəldiləcək. Zəngilan məscidi də daxil olmaqla, bütün dini və tarixi abidələr tövlə kimi və ya strateji məqsədlə istifadə edilib. Əminik ki, nəinki Zəngilan məscidi, bütün tarixi dini abidələr tezliklə bərpa olunacaq. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının tətbiqi həyata keçiriləcək. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq. Daha sonra bu nadir layihə Birinci və İkinci Ağalı kəndlərində həyata keçiriləcək.
Ölkəmiz üçün həm tarixi, həm də strateji əhəmiyyət daşıyan Xudafərin körpüsünün işğaldan azad olunması ilə Azərbaycanın İranla sərhədi tam bərpa edilib.
M.Cəfərovun sözlərinə görə, İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi böyük əhəmiyyət daşıyır. Bununla da ermənilərin illərlə Dağlıq Qarabağ əraizindən apardığı narkotik qaçaqmalçılığına və digər qanunsuz fəaliyyətlərə son qoyulub. Uzun illər Ermənistanın işğalı altında qalan nəzarətsiz sərhədlərimiz bütün bölgənin, o cümlədən İranın da təhlükəsizliyinə ciddi təhdid idi. Bu baxımdan, Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi ölkələrimiz arasında iqtisadi əlaqələri daha da genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, eyni zamanda, İranın Azərbaycanla sərhəd bölgələrinin dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq. Həmçinin hər iki ölkə Araz çayının su və enerji ehtiyatlarından da səmərəli istifadə edəcək.
Deputat deyib ki, dövlətimizin başçısı Ermənistandakı revanşist qüvvələrə sonuncu dəfə xəbərdarlıq etdi. Ermənistandakı revanşist qüvvələr bilməlidirlər ki, Azərbaycan ona qarşı yönələn bütün terror cəhdlərinin qarşısını almağa qadirdir.