• çərşənbə axşamı, 23 aprel, 12:14
  • Baku Bakı 24°C

Azərbaycan-NATO əməkdaşlığı yüksələn xətlə inkişaf edir Təhlil

17.01.14 08:04 1761
Azərbaycan-NATO əməkdaşlığı yüksələn xətlə inkişaf edir Təhlil
Azərbaycanın dünya birliyinə inteqrasiyası proseslərində bir nömrəli hərbi-siyasi təşkilat olan NATO ilə əlaqələri mühüm yer tutur. Azərbaycan hələ müstəqilliyin ilk dövrlərindən bu təşkilatla normal əlaqələrin qurulmasının tərəfdarı kimi çıxış edib. Əlbəttə ki, regionda mühüm strateji dövlət olaraq Azərbaycan da NATO-nun diqqətini çəkməyə bilməzdi. Məhz bu qarşılıqlı maraqlar Azərbaycan-NATO əlaqələrinin «yol xəritəsi»ni müəyyənləşdirib.
Qeyd edək ki, NATO hərbi təşkilat olsa da, sosializm sisteminin dağılması ilə qurumun strategiyasında dəyişikliklər baş vermiş, o, yeni siyasi və humanitar prioritetlər elan etmişdir. Məhz bu prioritetlər NATO-nu üzv olmayan və yeni müstəqillik qazanan postsovet dövlətlərilə əməkdaşlığa sövq edir. Elə Azərbaycan da bu quruma hərbi blok kimi tam üzv olmaq məqsədini qarşısına qoymasa da, hərbi və qeyri-hərbi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. NATO ilə Azərbaycan arasında əməkdaşlıq əsasən digər postsovet ölkələri ilə olduğu kimi, «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində başlanılıb və hazırda da davam etdirilir. Proqram çərçivəsində hərbi və qeyri hərbi sferaları əhatə edən istiqamətlərdə kifayət qədər geniş əməkdaşlıq əlaqələri diqqəti cəlb edir.
Məhz konkret müəyyənləşdirilmiş məqsəd və prinsiplər üzərində qurulan ikitərəfli münasibətlər qurumla ölkəmizin rəsmi əməkdaşlığa başladığı 1994-cü ildən yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq bir sıra sahələri əhatə edir.
Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması

Azərbaycanla NATO arasında işbirliyinin əsas prioritetlərindən biri qurumun imkanlarından və təcrübəsindən yararlanmaqla öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmaqdır. Ötən dövr ərzində Azərbaycan bu istiqamətdə xeyli nailiyyətlər əldə edib. Qurumla birgə hərbi təlimlərin keçirilməsi və digər formalı əməkdaşlıqlar öz səmərəsini verməkdədir. Bunun da nəticəsidir ki, Azərbaycan dünya və əlbəttə ki, NATO standartlarına uyğun səviyyədə hərbi birləşmələr yarada bilib.
Prezident İlham Əliyev Brüsselə son səfəri zamanı da Azərbaycanın öz silahlı qüvvələrini NATO standartları səviyyəsinə çatdırmaq işini davam etdirdiyini və bu işdə qurumdan lazımi dəstəyi aldığını bəyan edib: «Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk».
Qlobal sülh və təhlükəsizlik sahəsində əməkdaşlıq

Əlbəttə ki, NATO-nun da Azərbaycanla əməkdaşlıqda öz maraqları vardır.
Xüsusilə ölkəmizin əlverişli geostrateji mövqeyi, dünya siyasi arenasında artan nüfuzu, iqtisadi və hərbi potensialı hərbi təşkilatı da Azərbaycanla əməkdaşlıqda maraqlı edir.
Tərəfdaşlıq əlaqələri çərçivəsində ölkəmiz NATO-nun bir sıra hərbi missiyalarında da yaxından iştirak etməkdədir. Bu sahədə ilk təcrübə Kosovoda baş tutub. Azərbaycan bu bölgədə sülhyaratma qüvvələrinin tərkibində NATO missiyasında yaxından iştirak edib.
Hazırda isə Azərbaycan NATO-nun Əfqanıstan missiyasında fəal iştirak edir. Azərbaycan bu ölkədə təhlükəsizliyin təmin olunmasına hərbi iştirak formasında öz dəstəyini nümayiş etdirməkdədir.
Azərbaycan NATO-ya Əfqanıstan əməliyyatlarında digər başqa formalarda da nümayiş etdirir. Belə ki, ölkəmiz NATO-ya tranzit və hava nəqliyyatı vasitəsilə qoşunlarının hərbi olmayan ehtiyaclarının ödənilməsinin böyük bir hissəsini həyata keçirmək üçün şərait yaratmışdır. Azərbaycanın Əfqanıstan əməliyyatlarına verdiyi dəstək dünya birliyi, eyni zamanda NATO rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanır. Bu barədə Rasmussen prezident İlham Əliyevlə görüşündə aşağıdakı fikirləri bildirib: “Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də “Çox sağ olun” deyirik”.
Ümumiyyətlə ölkəmizin NATO-nun antiterror və sülhyaratma əməliyyatlarına dəstək verməsinin mühüm siyasi əhəmiyyəti vardır. Belə ki, bu əməliyyatlarda iştirak etməklə ölkəmiz dünyada və bölgədə sülhün tərəfdarı olduğunu və onun bərqərar edilməsi üçün əlindən gələni etməyə hazır olmasını əməli fəaliyyətlə ortaya qoyur.
Digər tərəfdən daim Qərbi, Avropanı təhdid edən Əfqanıstandakı terror yuvalarının dağıdılması prosesində NATO ilə əməkdaşlıq edən Azərbaycan Avropanın təhlükəsizliyinə biganə yanaşmadığını nümayiş etdirmiş olur. Bu isə ölkəmizin avrointeqrasiya proseslərində səmimi olduğunu təsdiq edir.
NATO ilə əməkdaşlıqdan gözləntilər

Lakin Azərbaycanın bu mühüm qurumla əməkdaşlıqdan gözləntiləri də az deyil. Belə ki, NATO-nun son illərdə aktivləşən antiterror fəaliyyətinin bütün oxşar situasiyalara tətbiq olunmaması təəssüf doğurur. Sirr deyil ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları da uzun müddətdir ki, terrorizm yuvasına çevrilib. Bu ərazilərdə beynəlxalq terrorizmin tərkib hissəsi olan düşərgələr fəaliyyət göstərir. Bunu bir sıra beynəlxalq qurumlar da etiraf edir.
Bu mənada Azərbaycan dövləti NATO-nun bu bölgəyə münasibətdə də eyni standartlardan çıxış etməsini gözləyir. Regiondakı təhlükəsizliyin təhdidlərdən xilas olması baxımından da Ermənistanın işğal etdiyi torpaqları azad etməsi NATO-nun marağında olmalıdır.
Daim münaqişə ilə bağlı narahatlığını bəyan etməsinə baxmayaraq NATO-nun real addımlar atmaması təəssüf doğurur.
Azərbaycan –NATO əlaqələrinin perspektivləri

Aparılan təhlillər və müşahidələr göstərir ki, Azərbaycan-NATO əməkdaşlığı növbəti illərdə də əvvəlki dövrdə olduğu kimi, yüksələn xətlə inkişaf edəcəkdir. Bu işdə isə əlbəttə ki, yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin Brüsselə son səfəri də Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər zamanı verilən açıqlamalardan aydın olur ki, əlaqələrin dəinləşdirilməsinə hər iki tərəf böyük maraq göstərir. Xüsusilə NATO tərəfi Əfqanıstandakı qoşunlarının çıxarılması prosesi, Əfqanıstanın gələcəyi, ordusunun döyüş qabiliyyətinin artırılması məsələsində Azərbaycanın yardımına ehtiyac duyur. Bu mənada NATO-nun Azərbaycanla gələcəkdə də yüksək səviyyəli əməkdaşlıqda maraqlı olduğu ortadadır. Baş katib Rasmussenin bu barədəki fikirləri maraq doğurur: “Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, ocümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik”.
Brüssel səfərində prezident İlham Əliyev Azərbaycan tərəfinin də əlaqələrin perspektivlərində maraqlı olmasını bəyan edib. O, xüsusilə Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib: «Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanın təhlükəsizliyinə sadiqliyimizi qoruyacağıq. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir. Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”.
Beləliklə də qeyd etmək olar ki, ötən dövr ərzində Azərbaycanın NATO ilə əməkdaşlığı hər iki tərəfin mənafeləri baxımından uğurlu olub. Bu isə Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının uğurla davam etdiyinin göstəricisidir. Yeni dünya nizamının tələbləri və qlobal güclərin regional proseslərə təsiri prizmasından ölkəmizin bu strateji xətti davam etdirməsi isə mühüm əhəmiyyətə malikdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər