Azərbaycan narının bayramı - Fotolar

Azərbaycan narının bayramı - Fotolar

Cəmiyyət
12 Noyabr 2019, 15:54 739
Və ya turizmin inkişafı, regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və yerli əhalinin məşğuliyyəti baxımından vacib festivala baxış  
 
Göyçayda keçirilən ənənəvi Nar bayramı təkcə şəhərin deyil, bölgənin və hətta demək olar ki, ölkənin "sükutunu” pozdu. Bir-birinin ardınca düzülən avtomobil karvanları yollarda tıxac yaratdı. Bayrama tələsən insanların sayı-hesabı bilinmirdi. Hamı Azərbaycan narının vətəninə - hər il noyabr ayında, nar yığımı vaxtı keçirilən bayramın əhval-ruhiyyəsini yaşamağa tələsirdi. Bu əhval-ruhiyyə isə iki gün - 9-10 noyabr tarixlərində davam etdi. 

Göyçayın embleminin nar olduğunu iddia edə bilərik. Zarafat deyil, rayon təsərrüfatlarından hər il 45-50 min  tondan çox nar yığılır.  Məhz Göyçay narı dünyada tanınaraq "əsl Azərbaycan narları” üçün sinonimə çevrilib. Dadı və dəyişməz keyfiyyətinin sirri, dünyanın heç bir yerində rast gəlinməyən  mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibi ilə əlaqələndirilən "cənnət meyvəsi” təkcə bölgənin deyil, Azərbaycanın adını dünyaya yayıb. 
 
 

Şəhərin girişində "Nar bayramına xoş gəlmisiniz!” plakatları ilə birgə dekorativ nar fiqurları gələnləri qarşılayır. Daha sonra irəliləyib, yerli sakinlərin "Nar dairəsi” adlandırdığı ərazidən bayramın düzənləndiyi – insan seli ilə müşayiət olunan Heydər Əliyev prospektinə çatdıq. Gələnlərə, sakinlərinin öz bağ-bağatlarından, təsərrüfatlarından yığıb gətirdikləri 60-dan çox nar növləri, nar şirəsi və digər nar məhsulları təqdim olunur.    

2006-cı ildən bəri, hər il keçirilən bayram, keçən il hətta Rusiyanın "TurStat” analitik agentliyinin MDB ölkələri arasında keçirdiyi meyvə və şərab festivallarının reytinqində siyahıya başçılıq da edib. "Nar bayramı” MDB ölkələrinin ən reytinqli payız festivalı adlandırılıb. Bu baxımdan bayramın nüfuzunun bu qədər geniş yayılmasının səbəbini də başa düşmək olur.
 


XIV  "Nar bayramı” da ənənəsinə uyğun olaraq kifayət qədər sanballı təşkil olunmuşdu. Belə ki, proqrama nar yarmarkası, Azərbaycan mətbəxinin təamlarının  dequstrasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışları, müsabiqələr daxil edilmişdi. Bayrama gələnlər əl əməyi ilə hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxır, satışa çıxarılan məhsullardan alırdılar.  

Hər il olduğu kimi, bayrama qatılan qonaqlar arasında xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, Milli Məclisin deputatları, ətraf rayonların icra başçıları, yerli və xarici iş adamları, şirkətlərin nümayəndələri görünürdü. 
 
 

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov da qonaqlar arasında idi. Həyat yoldaşı ilə bayrama qatılan diplomat "Kaspi”yə açıqlamasında məxsusi olaraq festivalda iştirak etmək üçün gəldiyini və böyük zövq aldığını söylədi: "Nar bayramı çox xoşuma gəldi. Burada narın müxtəlif növlərini görmək, dadmaq, insanların üzündəki sevinci müşahidə etmək çox xoşdur. Hamı bayram əhval-ruhiyyəsindədir. Biz də zövq aldıq”.

Yerli sakinlərin sevinc dolu simalara hər kəsə sirayət edirdi.   Xüsusən, bu sevinci məhsulları üçün daha geniş alıcı auditoriyası tapan zəhmətkeşlərin üzündə görmək olurdu. Bığır kənd sakini Bəstixanım Məmmədova "Nar  bayramı”nda məhsullarını daha çox satdığını deyir: "Adi vaxtlarda məhsulumuz əlimizdə qalır. Bizdən ucuz qiymətə alıb, Bakıya və ya başqa rayonlara aparıb baha satırlar. Ancaq biz bu məhsulları çox əziyyətlə hazırlayırıq. Bayram günlərində isə məhsullarımızı normal qiymətə sata bilirik. Bizim dolanışığımız bunlardan çıxır. Keçən il bayram günlərində məhsulumuzu yaxşı satdıq. Ümid edirəm ki, bu bayramda da belə olacaq. Bayramlar tez-tez təşkil edilsə, yaxşı olar”.
 


Bir az irəliləyib əsasına söykənən Kərim Mahmudovla söhbətləşirəm. 75 yaşı var. Dədə-babadan narçılıqla məşğul olduğunu söyləyir: "Ayrı vaxt məhsulumu bazara çıxarıram. 10 nəfərlik ailəni bu məhsulların satışı ilə dolandırıram. İndi bayram fürsəti olduğu üçün İcra Hakimiyyəti burada satmağa şərait yaradıb”. Mahmud kişi növbənöv narları – "Gülöyşə”, "Şirin nar”, "Bığır narı”, "bala Mürsəl”,  "Vələs”i göstərərək hərəsinin fərqli dadlarının olduğundan qürurla danışır: "Ölkəmizin hər yerində nar yetişir. Amma Göyçay narının fərqi şirəsinin çox olması və şirinliyi ilədir. Bu narın keyfiyyəti dəyişmir”.

İsmayıllı rayonundan bayrama qatılan Xanzadə Məmmədov hazırladığı sənətkarlıq məhsulları üçün yer icarələyib: "Həmişə festivallarda mallarımıza müştəri tapırıq. Bu, həm işlərimizin tanınmasına, yayılmasına, həm də məhsullarımızın satılmasına kömək edir. Ona görə, bayram keçirilən bütün bölgələrdə iştirak etməyə çalışıram” 

Bayramın keçirildiyi Heydər Əliyev prospektini gəzdikcə, çoxlu turistlərlə qarşılaşırdıq. İrandan, ərəb ölkələrindən, Rusiyadan və Ukraynadan, Avropadan məxsusi "Nar bayramı"nda iştirak etməyə gələnlər vardı. 
 


Odessalı turist  Mixail Borisoviç Makarov bayrama ailəsi ilə qatılıb: "Bu bayram haqqında çox eşitmişdik, nəhayət iştirak edə bildik” deyir. "Biz burada milli ənənələri seyr edirik. Bu, çox xoşdur. Odessaya qayıdanda təkcə bayramın təəssüratlarını deyil, həmçinin dadlı məhsullarını da aparacağıq”.

Yerli turizm şirkətlərinin təşkil etdiyi tur-aksiyalarla bayrama gələnlər də çoxdur. Onlar həmçinin şəhərin görməli yerlərinə baş çəkir, həm də  bayrama qatılırlar. Hər il Bakıdan gəlib bayramda iştirak edən paytaxt sakini Züleyxa Qafarova "həm nar məhsulları alıram, həm də bayramın əhval-ruhiyyəsini yaşayıram” deyir: "Artıq 6 ildir ki hər il "Nar bayramı”na gəlirəm. Bu, təkcə bir rayonun deyil, ölkəmizin bayramıdır. Bayram və festivallar adamın əhvalına yaxşı təsir edir. Hamı sevinir, bir yerə yığılır. Bunları müşahidə etmək xoşuma gəlir”.

 "Azerfon” şirkəti ("Nar ” ticarət nişanı) də  hər il olduğu kimi festivalda aktivliyini nümayiş etdirir.  Hər zaman xalqın adət-ənənəsinə, zəngin keçmişinə və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən mobil operator, bayrama töhfəsini bu dəfə də verdi.  Mobil operator sosial mediada abunəçiləri arasında keçirdiyi  müsabiqədə qalib gələnlərin, əməkdaşlarının və media işçilərinin festival məkanına  səfərini təşkil etmişdi. 

Mobil operator tərəfindən festival çərçivəsində təşkil olunan kompleks tədbirlər həmişəki kimi geniş ictimai marağa səbəb oldu. Müxtəlif maraqlı oyunlar, müsabiqələr bayram iştirakçılarını "Nar” çadırının ətrafına yığdı Müsabiqədə qalib gələnlərə hədiyyələr təqdim olundu. 
 
 

  Prospekt boyu bayrama qatılan digər şirkətlərin fəallığı da müşahidə olunurdu. Onlar, məhsullarının geniş auditoriyada nümayişinin fürsəti üçün "Nar bayramı”nın təşkilatçılarına minnətdarlıqlarını bildirirdilər.

"Libraff” kitab mağazaları şəbəkəsinin nümayəndəsi Rüfət Nadirli bildirdi ki, "Nar bayramı” özündə milli adət-ənənəni, folkloru, əyləncəni birləşdirən bayramdır: biz də insanları maarifləndirmək üçün bayrama öz töhfəmizi verməyi düşündük. Hesab edirəm ki, bu cür bayramların keçirilməsi həm bölgənin tanıdılması, həm də turizmin inkişafı baxımından xeyli əhəmiyyətlidir”.

"Mina Şirin” şirkəti ilk dəfədir festivalda iştirak edir.  2010-cu ildən nar məhsullarını istehsal edən şirkətin nümayəndəsi Fərhad Qaraşov  bundan sonra hər il bayrama qatılacaqlarını deyir: "Bu festival təkcə bizim deyil, bölgədə olan bütün istehsalçıların məhsullarının nümayişi, ticarət əlaqələri və alıcı tapması üçün meydandır. Biz də Hacıqabul rayonundan gələrək bu fürsəti dəyərləndirmişik”.

"Nar bayramı” günlərində rayonun bütün sferalarında canlanma özünü göstərirdi. Xüsusən, turizmin inkişafı, regionların təbliği, mədəni və iqtisadi potensialının nümayişi və yerli əhalinin məşğuliyyəti baxımından bunu demək mümkündür. Kafe və restoranlar bütün gücü ilə çalışırdı. Hətta bir neçə gün əvvəldən sifariş alanlar da vardı. Rayon sakinləri öz təsərrüfatlarının və əl əməyi olan məhsulları yarmarkaya çıxartmışdılar. Onlar fürsətdən yararlanaraq həm məhsullarını nümayiş etdirir, həm də dolanışıqlarını təmin edirlər. Ona görə də, "Nar bayramı”nda ən çox sevinən də elə yerli sakinlər idi: "Təki həmişə bayram olsun!” deyə təbəssümlə bildirirdilər.   
 
Təranə Məhərrəmova
Göyçay