AZE | RUS | ENG |

Azərbaycan narı üçün yeni bazar – Yaponiya

Azərbaycan narı üçün yeni bazar – Yaponiya
Ekspertlər hesab edir ki, xarici bazarlarda narımıza olan tələbat böyükdür

Azərbaycanda nar istehsalı və ixracının artımı gözlənilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib. Onun sözlərinə görə, bu il ölkədə nar istehsalı və ixracının ötən illə müqayisədə 20-25 faiz artımı gözlənilir. Assosiasiya rəhbəri qeyd edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Assosiasiya rəhbərinin sözlərinə görə, məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib: "Bu il biz nar istehsalının 190-200 min tona çatacağını gözləyirik”.
F.Qaraşov əlavə edib ki, assosiasiya müxtəlif xarici missiyalarda, beynəlxalq sərgilərdə iştirak edir: "Assosiasiya üzvləri öz məhsullarını xaricdə nümayiş etdirmək, eləcə də ixrac coğrafiyasını genişləndirmək imkanına malikdir”.
Bəs görəsən Azərbaycanın nar ixracı imkanları nə dərəcədə genişdir? Bu ixracı necə genişləndirmək olar? Ümumiyyətlə, sözügedən məhsul hansı yeni bazarlara  ixrac edilə bilər?
İqtisadçı millət vəkili Azər Badamov bizimlə söhbətində söylədi ki, Azərbaycanın ümumi ixrac potensialı günü-gündən artmaqdadır: "Bunun kökündə ölkə başçısının rəhbərliyi altında aparılan iqtisadi islahatlar dayanır. Aparılan islahatların göstəricisidir ki, bu gün Azərbaycanın qeyri-neft sektoru sürətli şəkildə inkişaf edir, yeni istehsal müəssisələri yaradılmaqdadır. Bu müəssisələrdə dünya standartlarına cavab verən məhsullar istehsal edilir. Aqrar sektor məhsulları daxili tələbatımızı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir. Bu gün Azərbaycan brendi adı altında dünyanın əksər ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edilir. Bu məhsullar içərisində narın özünəməxsus yeri var. Çünki ölkəmizdə yetişdirilən nar rəqabətə davamlı məhsuldur. Dünyanın bir çox ölkələrində Azərbaycan narına böyük maraq var. Bu marağın günü-gündən artması isə bizim ixrac imkanlarımızı daha da genişləndirir. Azərbaycan narını yeni bazarlara çıxarmaq üzrədir. Emal sənayesində nardan hazırlanan məhsullar da bir sıra ölkələrə ixrac olunur. Bu mənada hesab edirəm ki, məhsul istehsalının artması ixrac imkanlarımızın daha da genişlənməsinə şərait yaradır”.
İqtisadçı alim Vüqar Bayramov da Azərbaycan narının müqayisəli üstünlüyə malik olan kənd təsərrüfatı məhsulu olduğunu söylədi: "Ölkəmizdə yetişdirilən nar təkcə regional bazarlarda deyil, o cümlədən dünya bazarlarında da artıq özünü təsdiq edə bilib. Bu isə nar ixracının genişlənməsinə böyük imkan yaradır. Azərbaycan nar məhsullarının Rusiya və digər qonşu ölkələrlə yanaşı, yeni bazarlara da çıxış imkanları var. Bu bazarlar içərisində Avropa, Körfəz ölkələri və Yaponiya özünəməxsus yer tutur. Bu isə nar ixracının daha da genişlənməsinə təkan verə bilər. Mərhələli şəkildə növbəti illər ərzində nar ixracını daha da artıra bilərik. Ölkəmizdə yetişdirilən nar kifayət qədər rəqabətə davamlı məhsuldur. Buna görə də mövcud şərtlər daxilində Azərbaycanın nar ixracatını növbəti illərdə xeyli artırmaq olar. Düşünürəm ki, sözügedən məhsul yeni bazarlarda da özünü tam sübut edə biləcək. Yeni bazarlar dedikdə əsasən Asiya bazarları və özəlliklə Yaponiya nəzərdə tutulur. Bu bazarlarda bizim kənd təsərrüfatı məhsullarına tələb kifayət qədər yüksəkdir. Yaponiya özlüyündə kifayət qədər böyük bazar hesab olunur. Orada nara və nar suyuna böyük tələb var. Bu mənada Azərbaycan növbəti illərdə adıçəkilən ölkəyə daha çox məhsul ixracına çalışmalıdır”.
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli söylədi ki, ölkədə 2017-ci il üzrə illik ixrac 6 min ton təşkil edib: "Ümumi istehsalın həcmi 156 min ton, ümumi istehlak isə 135 min ton təşkil edib. Hər hektardan məhsuldarlıq təqribən 8 tona yaxın olub. Təhlillər göstərir ki, ildən-ilə ölkədə nar istehsalı artır. Rəsmi göstəricilərə əsasən, bu məhsul üzrə özünü təminetmə səviyyəsi 104,5 faiz təşkil edir. Digər tərəfdən, ildən-ilə əhalinin nar məhsulları üzrə istehlakı artır. Bunlar müsbət dinamikadır. Narın müalicəvi xüsusiyyətləri insanlarda istehlak səviyyəsini yüksəldən əsas faktorlardandır. Hər il orta hesabla intensiv metodlara söykənən 1000-1500 ha nar bağları salınmaqdadır. Xarici bazarlarda da nar ən çox tələb olunan məhsullardandır. Aran regionları üzrə əlverişli torpaq-iqlim amilləri bu məhsulun daha da genişləndirilməsi üçün imkanlar açır. Hesab edirəm ki, indiki halda narçılığın inkişafına nail olmaq üçün bir neçə istiqamətdə addımların atılmasına ehtiyac var. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər hektardan əldə olunan məhsuldarlıq aşağı səviyyədədir. Bunu aradan qaldırmaq üçün intensiv tingçilik təsərrüfatlarının yaradılması əsas prioritetlərdəndir. Həmçinin, nar ağacı gec məhsula düşdüyü üçün bu sahəyə uzunmüddətli, ucuz kreditlərin verilməsi çox vacibdir”.
Şəbnəm Mehdizadə
 
                                                                                  
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176