• cümə axşamı, 18 aprel, 21:44
  • Baku Bakı 21°C

Azərbaycan musiqisinin peyğəmbəri

18.09.13 16:11 1486
Azərbaycan musiqisinin peyğəmbəri
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib. “Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd olunması musiqimizin böyük uğurudur. Bu gün sadəcə, musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır”. Bu fikirlər Bakı Musiqi Akademiyasının qarşısında keçirilən mərasimdə səslənib.
Üzeyir Musiqi Gününə həsr edilən tədbirdə ümummilli lider Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ənənəvi Milli Musiqi Gününün keçirildiyi qeyd olunub. Həmçinin deyilib ki, ölkəmizdə 2009-cu ildən sentyabrın 18-dən 28-dək keçirilən və Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.
Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkarın irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini vurğulayıb: “Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. V Beynəlxalq Musiqi Festivalı münasibətilə də Azərbaycanın müxtəlif rayonlarında müxtəlif tədbirlər keçiriləcək, Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək”. Azərbaycanın musiqi ənənələrinin uğurla davam etdiyini bildirən nazir qeyd edib ki, bizim musiqimiz nəinki ölkəmizdə, hətta bütün dünyada zəngin Azərbaycan mədəniyyətini təmsil edir: “Azərbaycan musiqisi böyük inkişaf yolu keçib və böyük ənənələr bu gün də davam etməkdədir. Bu böyük musiqi bayramı münasibətilə hamını təbrik edirəm!”
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolundan danışaraq Azərbaycan bəstəkarlıq məktəbindəki rolunu xüsusi qeyd edib: “Builki festivalın proqramı çox zəngindir. Festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən musiqiçilər gəlib, onların çıxışları olacaq. Bu festival Üzeyir bəyin musiqisinin əzəmətini, böyüklüyünü göstərir”. F.Əlizadə sədri olduğu Bəstəkarlar İttifaqının da bu böyük bayrama əliboş gəlmədiyini diqqətə çatdırıb: “Biz Üzeyir Hacıbəyliyə həsr olunan konfrans keçirəcəyik, onun musiqi irsi, publisistik yaradıcılığı haqqında məruzələr edəcəyik. Ü.Hacıbəylinin musiqisi gənc bəstəkarlar üçün ilham mənbəyidir”.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli “Üzeyir bəy olmasaydı, Azərbaycanda nə opera, nə də simfonik musiqi olacaqdı” deyib: “Azərbaycanın Üzeyir Hacıbəyli kimi dahi bir şəxsiyyəti olduğuna görə fəxr etməliyik. Üzeyir bəy müqəddəs insandır, Azərbaycan musiqisinin peyğəmbəridir. Bu cür şəxsiyyətlər nadir hallarda doğulur. Üzeyir bəy də Tanrının xalqımıza qismət etdiyi ən böyük bəxşişdir”.
Mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin Üzeyir Hacıbəylinin əsərlərindən ifa etdiyi parçalar tədbirə fərqli ovqat bəxş edib.
Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini də ziyarət ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəllərini bu abidələrin vaxtilə qoyulduqları məkanda deyil, Milli İncəsənət Muzeyinin bağında görməkdən dərin təəssüf hissi keçirdiyini dilə gətirib: “Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində, onun şəxsən işə müdaxiləsindən sonra bu heykəllərin işğalçılardan geri alınmasına nail olunub və onlar paytaxta gətirilib. Milli İncəsənət Muzeyində bərpa işlərindən sonra isə heykəllərin muzeyin bağında qoyulması qərara alınıb”.
Nazir bu heykəllərin öz tarixi vətəninə - Qarabağa qayıdacağı günün uzaqda olmadığını vurğulayıb: “Mədəniyyət, incəsənət ölməzdir və xalqın yaddaşında həmişə əziz tutulan və nəsildən-nəslə keçən bir əmanətdir. İncəsənət xadimləri, mədəniyyət işçiləri onu yaxşı dərk etməlidirlər ki, bu gün Azərbaycanın əsas silahı məhz mədəniyyəti və incəsənətdir. Onlar bu silahdan həmişə səmərəli istifadə etməlidirlər. Azərbaycanın mədəniyyəti, incəsənəti inkişaf edəcək, dünyaya haray salacaq, bu işdə həm Bülbülün, həm Natəvanın, həm də dahi Üzeyir bəyin obrazları bizə güc verəcəkdir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər