AZE | RUS | ENG |


“Azərbaycan musiqisinə aşiq olmamaq mümkün deyil!

“Azərbaycan musiqisinə aşiq olmamaq mümkün deyil!
Nevcivan Sevindik Özel: “Tar elə bir alətdir ki, onunla bütün dünya musiqilərini ifa etmək olar”

36 ildir Azərbaycan musiqisinə və mədəniyyətinə xidmət edən sənətçi, tarzən, ustad Nevcivan Sevindik Özenin 1990-cı ildə "Azərbaycanım” adlı qədim mahnılardan ibarət albomu, 2000-ci ildə isə "Kərkük havaları və Azərbaycan rəngləri” adlı ikinci albomu işıq üzü görmüşdür. 1984-1985-ci illər arasında Azərbaycan Milli Konservatoriyasının tarzəni, xalq artisti, professor Ramiz Quliyevlə bərabər "Tar texnikası və muğamlar” üzərinə tədqiqatlar aparmışdır. Azərbaycan tar sənətinin Türkiyədə tanıdılmasında misilsiz xidmətləri olan tarzən Nevcivan Sevindik Özen dünyada ilk dəfə tar və türk klassik musiqisinin yaylı çalğı aləti ilə klassik kamançanı birlikdə ifa etmişdir. Türkiyənin ilk Azərbaycan xalq çalğıları orkestrini 1981-ci ildə Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, professor Şenel Önaldı ilə birlikdə qurmuş və bu orkestr ilə Türkiyənin müxtəlif şəhərlərində konsertlər vermişdir. Hal-hazırda TRT İstanbul radiosunda tar ifaçısı və Türk Musiqisi Dövlət Konservatoriyasında tar müəllimi kimi fəaliyyət göstərməkdədir.

– Azərbaycanda tar ifaçılıq sənəti çox geniş yayılmışdır. Türkiyədə və dünyada tar musiqi alətinə yanaşma necədir?
–Tar bütün dünyada və Türkiyədə olduqca tanınmaqda və sevilməkdədir. Tar Türkiyə cəmiyyətinə ilk dəfə 1914-cü ildə tarzən Məşhədi Cəmil tərəfindən tanıdılmış və o, bir neçə il İstanbulda tarda gözəl ifalar etmişdir. Ancaq Birinci Dünya Müharibəsinin başlanması səbəbi ilə Məşədi Cəmil İrana geri dönmüşdür. Tarın Türkiyədə tanınması 1960-cı illərə təsadüf edir. Şenel Önald ilk dəfə Azərbaycan tarını 1966-cı ildə bir radio efirində "Dişlərin incidəndir, dürdəndir incidəndir” adlı mahnını ifa edərək, səsini bütün Türkiyəyə yaymışdır. 1975-ci ildə Türkiyə Dövlət Konservatoriyası yaradıldığında, orada tar sinfi açmışdır. Tarı ilk dəfə 1977-ci ildə televiziyada gördükdən sonra məndə ona qarşı bir maraq oyandı. 1978-ci ildə Konservatoriyanın tar bölməsinə daxil oldum. 1981-ci ildə Konservatoriyada tələbə ikən TRT İstanbul radiosunda tar sənətçisi olaraq ifaçılığa başladım. 1981-ci ildən etibarən bu günə qədər bir çox televiziya, radio proqramlarında tarda ifalar etdim, konsertlər verdim. Heç bir zaman yaddaşlardan silinməyəcək Azərbaycanın məşhur opera sənətçisi Lütfiyar İmanovla İstanbulda həm Azərbaycan xalq mahnılarından, Azərbaycan bəstəkarlarının əsərlərindən, həm də Anadolu türkülərindən ibarət möhtəşəm bir konsert verdik.
Dərinliyə endikcə Azərbaycan musiqisinə aşiq olmamaq mümkün deyil, tar da bu musiqinin maestrosudur. Azərbaycan musiqisini tarsız təsəvvür etmək də mümkünsüz. Tar çətin bir sevgilidir. Əgər onu bir gün axtarıb halını əhvalını soruşmasanız, o, sizi tərk edib gedər. Onun üçün tarla hər gün məşğul olmaq lazımdır – ibadət kimi. Tar elə bir alətdir ki, onunla bütün dünya musiqilərini ifa etmək olar. Həm texniki, həm də quruluş baxımından buna çox uyğundur. Ancaq ifaçı olaraq, tara tam hakim olmaq və hansı pərdələrin hansı tip musiqidə necə səslənməsini yaxşı bilmək lazımdır. Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Azərbaycanın məşhur tar sənətçisi Ramiz Quliyev bu sahədə mənə çox kömək oldu. 1983-1985-ci illər arasında məktublaşaraq əlaqə saxladıq, mənə kitablarını və tar üçün yazılmış əsərləri göndərərək doğru yolda irəliləməyimə dəstək oldu. Tarı öyrənmək və çalmaq mənim üçün heç asan olmadı. Ancaq yorulmadan hər gün 8-10 saat çalışmaqla, texnika baxımından olduqca inkişaf etdim və ən çətin əsərləri ifa edəcək səviyyəyə gəldim. Daha sonra 1988-ci ildə yenə Azərbaycanın yetişdirdiyi digər virtuoz tarzən Həmid Vəkilovla tanış oldum və ondan çox dəyərli məsləhətlər aldım. Ancaq Azərbaycan musiqisini öyrənməyimdəki ən vacib məqam hər gün saatlarla muğam dinləməyimdir. Mən İstanbulda anadan olmuş, böyümüş, öz-özünü yetişdirmiş və 36 ildir Azərbaycan musiqisinə və mədəniyyətinə xidmət etməyə çalışan bir sənətçiyəm. Təəssüf ki, bu vaxta qədər Azərbaycana gedə bilməmişəm, tarın məmləkəti ilə yaxından tanış olmamışam. Qismət olar bir gün, İnşallah.
 
– 1990-cı ildə "Azərbaycanım” adlı qədim mahnılardan ibarət albomumuz, 2000-ci ildə isə "Kərkük havaları və Azərbaycan rəngləri” adlı ikinci albomunuz işıq üzü gördü. Nevcivan Sevindik Özeli Azərbaycan musiqisinə, muğamına, tar sənətinə bu dərəcə bağlayan səbəb nədir?
– 1990-cı ildə Azərbaycanın qədim mahnılarından ibarət "Azərbaycanım” adlı albomum işıq üzü gördü. O illərdə Azərbaycanda 20 yanvar hadisələri, Qarabağın işğalı bizi çox sarsıtdı və Türkiyədən dəstək olmaq, səsimizi duyurmaq məqsədilə bu albomu çıxardım. Albomun ilk mahnısı ”Yurdum, yuvam məskənimsən Azərbaycanım” idi. Bu albomun bir fərqliliyi də mahnıları şəxsən özümün ifa etməyimdir. Daha sonra 2000-ci ildə "Azərbaycan təranələri”, "Kərkük havaları” adlı iki instrumental albom çıxardım. Bu albomlarda ilk olaraq Azərbaycanın qədim mahnılarına yer verdim. Albomdakı tar qeydlərimi Tehran Azərbaycan xalq çalğı alətləri orkestrini quran məşhur tarzən Adil Axundzadənin tarı ilə ifa etmişdim. Səsini heç unuda bilməyəcəyim çox gözəl bir tar idi. Kərkük havalarına tarın çox yaraşacağını düşünürdüm. Və sonunda qədim Kərkük mahnılarını ifa etdiyim bir albomu çıxartmaq mənə nəsib oldu. Azərbaycan musiqisinə bağlanmağımın səbəbi tamamən tarın səslənməsi və simlərinə bağlıdır. Tarın səsi insanı dağlayan və qəlbini eşqlə dolduran bir səsdir. Tarda muğam ifası isə insanı çox başqa və dərin aləmlərə aparır ki, bu da məni çox təsirləndirmişdir. Uzun illər boyu həyatımı, mərhum böyük sənətkar Habil Əliyevin, ustad tarzən Ramiz Quliyevin muğamlarını, ayrıca da Şövkət Ələkbərova, Qulu Əskərov, Hacıbaba Hüseynov, İslam Rzayev, Əbülfət Əliyev, Sara Qədimova, Xan Şuşunski, Cabbar Qaryağdıoğlu və digər bir çox usta səs sənətkarlarının muğam və mahnılarını dinləyərək keçirmişəm. Bunların sevgisiz etmək mümkün deyil. Ancaq mənə belə bir eşqin nəsib olması da Allahı lütfdür.

– 1984-1985-ci illər arasında Azərbaycan Milli Konservatoriyasının tarzəni, xalq artisti, professor Ramiz Quliyev ilə bərabər "Tar texnikası və muğamlar” mövzusunda maraqlı iş birliyiniz oldu. Qarşıdakı illərdə bu işin davamı gözlənilirmi?
-Bəli. Yuxarıda da bəhs etdiyim kimi, böyük ustad Ramiz Quliyevlə 1984-1985-ci illərdə ortaq işlərimiz oldu. Ramiz bəy mənə mizrabın muğamlarda necə istifadə olunacağından tutmuş tar və fortepiano, tar ilə simfonik orkestrlər üçün yazılmış əsərlərin necə ifa ediləcəyinə qədər çox vacib tövsiyələr verdi və bütün bu əsərləri ifa etdiyi diskləri mənə göndərdi. İfaları və əsərləri əzbərləmək üçün bunların demək olar ki, hamısını aylarla dinlədim. Eynilə ifa etmək üçün də çox çalışdım. Ancaq Türkiyədə təəssüf ki, bu əsərləri ifa edəcək zəmin tapmaq mənim üçün çox çətindir. Bir konsertdə pianoda müşayiət edəcək sənətçini tapmaq üçün iki il qapı-qapı gəzdiyimi xatırlayıram. Ancaq yorulmadan çalışaraq bir neçə konsert verdim. Türkiyənin ilk Azərbaycan xalq çalğı alətləri orkestrini 1981-ci ildə Türk Musiqisi Dövlət Konservatoriyasında müəllimim Şenel Önaldı ilə birlikdə qurduq və bu orkestrlə birgə Türkiyənin müxtəlif şəhərlərində konsertlər verdik.

– Musiqinin həyatınızdakı yeri və rolu nədən ibarətdir?
– Musiqi mənim yaşam tərzimdir. Elə zənn edirəm ki, türk musiqisi ilə ifaçı kimi məşğul olan insanın bu yolda ilk növbədə nəfsi tərbiyə olur. Daha sonra bu xüsusiyyət onun ruhuna təsir edir. Musiqi mənim üçün bu baxımdan əsas yer tutur və həyatımı bütünlüklə əhatə edir. Mən ancaq bunun üçün yaşamaqdayam. Nəfsi tərbiyə olmayan insanın sənətindən danışmağa dəyməz. Çünki sənəti ifa etmə gücü bizə Allahdan gəlib, biz də sənətimizlə Allahın dərgahına layiq olmalıyıq.

– Musiqiyə, ifaçılığa bu qədər bağlılığın kökündə nə durur?
– Atam musiqi müəllimi idi. İlk dərslərimi ondan almışam. Daha sonra bağlama, gitara çala-çala tarzənliyə meyl etdim. Həyat yoldaşım Nevbahar kamança ifaçısıdır. O da mənimlə bərabər Azərbaycan musiqisini bu illər ərzində öyrəndi və ifa etdi. Birgə bir çox konsertlər verdik. Tar İstanbul albomunda da bərabər ifa etdik. Qızım isə piano ifaçısıdır. Hazırda yeni bir albom üzərində çalışıram. Allah qismət edərsə, bu ilin sonunda çıxarmaq niyyətindəyəm. Tar və piano üçün bəstələrim var və ilk öncə özüm ifa edirəm. Musiqiyə və ifaçılığa bağlılığım tamamən Alllahdan gəlməkdədir. Əslində, Azərbaycan musiqisi ilə yaxından tanış olan ifaçı bir daha onun təsirindən çıxa bilməz, çünki Azərbaycan Odlar yurdudur. Azərbaycan xalqı bizim dost və qardaşımızdır və Türkiyədə 36 ildir Azərbaycan musiqisinin bir təmsilçisi və ifaçısı var. Çox sağ olun.
 
Söhbətləşdi: Aydan Umudova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008