• cümə, 26 Aprel, 16:58
  • Baku Bakı 23°C

Azərbaycan Minsk qrupundan niyə imtina etmir?

25.07.14 08:31 1720
Azərbaycan Minsk qrupundan niyə imtina etmir?
Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində ATƏT-in Minsk qrupunun fəaliyyəti haqda fikirlərini bölüşüb. O, Minsk qrupunun etimaddan danışmasını pisləyərək bunu əvvəlcə ermənilərə başa salmalı olduqlarını deyib. Ə.Həsənov onu da söyləyib ki, Azərbaycan artıq onlara inanmır və ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib.
Bu çıxış Azərbaycanın Minsk Qrupundan niyə imtina etməməsi məsələsini yenidən gündəmə gətirib. Doğrudan da heç bir fəaliyyəti yoxdursa, münaqişəyə obyektiv yanaşmırsa, Azərbaycan nədən ATƏT-in Minsk qrupundan imtina etmir?
Nəzərə çatdıraq ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini A.Əzimov Minsk Qrupu formatının başqa formatla dəyişdirilməsinin əleyhinə olduğunu demiş və bunun konkret səbəblərini açıqlamışdı: “Əvvəla, Minsk qrupunda beynəlxalq birliyin ən önəmli oyunçuları təmsil olunur. İkincisi, Minsk qrupunun mövcudluğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrində təsdiqlənib. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda yanaşmaq olmaz. Qətnamələr öz əhəmiyyətini saxlamalıdır. Minsk qrupunun dəyişdirilməsi o qətnamələrə zərər verəcək. Həmçinin Minsk qrupunun formatı Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakını aradan qaldırır. Çünki bu formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosesdə öz səviyyələrində iştirak etməyə qadirdirlər. Qərarların qəbulu prosesində iştirak etmirlər, lakin öz mövqelərini səsləndirə bilirlər”.
Faktiki olaraq, hələ ki, Minsk qrupunun fəaliyyətində Azərbaycanı qane edəcək nəticə müşahidə olunmur. Təbii olaraq, ölkə ictimaiyyəti belə gedişatı normal qəbul etmir. Ona görə də tez-tez Minsk qrupuna olan inamın itməsi barədə fikirlər söylənir.
Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Fikrət Sadıqov dedi ki, Minsk qrupu yaradıldığı gündən əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsini nəzarət altına götürmək olduğunu bəyan edib: “Əlbəttə ki, ölkədə Minsk qrupu haqda müsbət fikirlər mövcud deyil. Azərbaycanlıların onlara inanmamaq üçün kifayət qədər əsasları var. Məlumdur ki, uzun illərdir ki, bu münaqişə barədə danışıqlar aparırlar, regiona səfərlər edirlər. Amma ortada heç bir real nəticə yoxdur. Zaman göstərdi ki, onların əsas məqsədi münaqişəni ədalətli prinsiplər əsasında həll etmək yox, faktiki olaraq mövcud status-kvonu qoruyub saxlamaq, bir növ, məsələni həll etməməkdir”.
Politoloq Minsk qrupunun laqeyd münasibətindən təəssüfləndiyini bildirdi: “Bizim üçün ən təəssüfləndirici məqam odur ki, həmsədrlər bəzən məsələyə nəinki biganə qalır, hətta bir çox hallarda ermənipərəst mövqe nümayiş etdirərək onları dəstəkləyirlər. Faktdır ki, onlar Ermənistanın nazı ilə oynayırlar. Hesab edirəm ki, bizim bir növ, hücumedici addımlarımız olmasaydı, bəlkə də bu münaqişə haqqında ümumiyyətlə danışılmazdı. Siyasət və diplomatiya səhnəsində Dağlıq Qarabağla bağlı konkret mövqe sərgiləməsəydik, bəzi xarici qüvvələr bu münaqişə haqda heç bir fikir bildirməzdilər. Beləcə, bu məsələ unudular, “dondurulmuş münaqişələr” siyahısına düşərdi. Təəssüf ki, hazırda da Dağlıq Qarabağ problemini “dondurulmuş münaqişə” hesab edənlər var”.
F.Sadıqovun fikrincə, bütün bu neqativ hallar baxmayaraq, hələlik Minsk qrupundan imtina etməyə ehtiyac yoxdur: “Düşünürəm ki, bu formatdan belə asanlıqla imtina edə bilmərik. Amma bütün hallarda, biz öz mövqeyimizi daha konkret, daha qabarıq şəkildə bildirməliyik. Faktdır ki, biz Minsk qrupunun fəaliyyətindən birmənalı şəkildə, əziyyət çəkirik. Onlar münaqişəni nəzarət altına götürdüklərini desələr də, problemi ədalət, hüquq prinsipləri çərçivəsində həll etmək fikrində deyillər. Təbii ki, bu, bizə qarşı çox acınacaqlı münasibətdir. Belə durum bizi heç cür qane edə bilməz. Minsk qrupunun tərkibinin kimlərdən ibarət olduğunu başa düşməliyik. Bu qrup xarici dövlətlərin məcmusudur. Dünyanın əsas aparıcı dövlətləri Minsk qrupunda toplaşıblar. Ona görə də onlardan tamamilə imtina edə bilmərik. Hesab edirəm ki, burada iki çıxış yolu var. Əvvəla, Minsk qrupunun digər üzvlərinin olduğu unudulmamalıdır. Belə ki, vaxtilə, 90-cı illərin əvvəllərində Minsk qrupu yeni yarananda onun təsisçisi 12 dövlət olub. Hesab edirəm ki, onlar da münaqişənin həlli ilə bağlı danışıqlara cəlb olunmalıdırlar. Düşünürəm ki, orada bizi dəstəkləyən kifayət qədər ölkə var. İkinci təklifim isə budur ki, Minsk qrupundan imtina etməmək şərtilə, onlarla daha sərt danışmalıyıq. Kəskin mövqe göstərməklə, hücumedici çıxışlar etməklə onlara qarşı mövqeyimizi nümayiş etdirməliyik. Əlbəttə ki, təkcə burada, Bakıda deyil, digər ölkələrdə də. Diplomatik nümayəndəliklərimiz, səfirliklərimiz müxtəlif beynəlxalq meydanlarda bu mövqeni tutmalı və bu haqda həmişə sərt mövqe sərgiləməlidirlər. Düşünürəm ki, bu məqamla bağlı hətta aksiyalar da keçirilə bilər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər